Azərbaycan “Vikinq qatarı” layihəsinə qoşulub Hadisə

Azərbaycan “Vikinq qatarı” layihəsinə qoşulub

Bakıda "Vikinq qatarı" layihəsi iştirakçı şirkətlərinin nümayəndələrinin müşavirəsi keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirin gündəliyinə "Vikinq" qatarının istismarı üzrə yekun işlər; "Vikinq" kombinə edilmiş qatar layihəsinin genişləndirilməsi və inkişaf perspektivləri; 2017-ci il üçün tarif şərtlərinin müzakirəsi, idxal-ixrac daşımaları və əlavə xidmətlər üçün tarif qiymətləri; "Vikinq" kombinə edilmiş qatarın təşkili texnologiyasının aktuallaşdırılması; Assosiasiyaya üzvlərin qəbulu üzrə Razılaşmanın aktuallaşdırılması; "Vikinq" kombinə edilmiş nəqliyyat qatarının hərəkəti üzrə keçiriləcək müşavirələrin reqlamentinin aktuallaşdırılması haqqında və digər məsələlər daxil edilmişdir.
İclasda "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Litva Dəmir Yolları" SC-nin, "Ukrayna Dəmir Yolları" İSC-nin, "Moldova Dəmir Yolları" Dövlət şirkətinin, "Bolqarıstan Dəmir Yolları-Yük daşımaları" Vahid MMC-nin, "Rumıniya Dəmir yolu Daşımaları birliyi - Marfa" SC-nin, "Gürcüstan Dəmir Yolları" SC-nin, "ADY Express" MMC və layihənin digər operator şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə "Vikinq qatarı"nın istismarının nəticələrı, layihənin operator şirkətlərinin və dəmir yolu administrasiyalarının fəaliyyətinin hesabatları dinlənilib. Tərəflər bu qatar vasitəsi ilə yükdaşımalar haqqında satatistik məlumatların mübadiləsini də aparıblar. Tədbir iştirakçıları yükdaşımaların artırılmasına dair fəaliyyət planı hazırlamaq haqqında razılığa da gəliblər.
İclas iştirakçıları "Vikinq qatarı" layihəsinə qoşulmaq haqqında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciətinə baxaraq razılığa gəliblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin "VIKING Train" layihəsinə qoşulmaq haqqında protokol imzalanıb.
Yığıncaqda tariflər də müzakirə edilib və onun rəqabətə davamlı olduğu səviyyəsində saxlamaq qərara alınıb. Bundan başqa kontreyler daşımalarının tətbiqini də nəzərdə tutan qərarlar qəbul olunub. Tədbir iştirakçıları, digər texniki məsələlərlə yanaşı, "Vikinq qatarı" layihəsinini inkişafını təmin etmək üçün koordinasiya qurumunun yaradılmasını müzakirə edərək bu haqda təkliflərin hazırlanmasını zəruri hesab ediblər.
Xatırladaq ki, 2016-cı ilin mart ayında "Azərbaycan Dəmir Yolları"QSC və "ADY Express" MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak etmişlər. Həmin görüş zamanı, Azərbaycanın "Vikinq qatarı" layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunmuşdur. Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışına təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirilməsinə və tranzit yük daşıma həcminin artmasına şərait yaradacaq.