Mərkəzi Bank rəhbərinə ittiham Hadisə

Mərkəzi Bank rəhbərinə ittiham

Qüdrət Həsənquliyev: "Bu cür murdar və iyrənc yanaşma ilə ölkənin bank sistemindəki xaosu aradan qaldırmaq mümkün olmayacaq"

Milli Məclisin son iclasında devalvasiyadan sonra bank kreditlərinin verilməsində, qaytarılmasında yaranan xaos yenidən dilə gətirilib və millət vəkili Vahid Əhmədovun bank rəhbərlərini Milli Məclisə dəvət edərək vəziyyətlə bağlı xüsusui müzakirənin keçirilməsini təklif etməsi cəmiyyətdə yeni inam qığılcımının yaranmasına rəvac verib.
Amma millət vəkili Qüdrət Həsənquliyev məsələnin həlli istiqamətində nikbinliyə əsas olmadığı qənaətindədir.
BAXCP sədri Mərkəzi Bank rəhbərliyini vəziyyəti daha da qəlizləşdirməkdə qınayıb: "Görünür elə o bankların çoxunun həmin aşağılayıcı bəyanatı verən adamlara bağlılığı var və yaxud da həmin banklardan haqlar alırlar"
Qüdrət Həsənquliyev bu istiqamətdə müsbət bir qərarın qəbul olunacağını gözləmədiyini deyib: "Çünki dövlətin valyutaya ehtiyacı olduğu bir vaxtda onun bu boyda irihəcmli yükün altına qoymaq çətindir. Yəni maliyyə-bank sistemindəki məmurlar düşünürlər ki, bu xərcləri indiki halda dövlət təkbaşına çəkə bilməz".
"Bəlkə bu xərc bankların boynuna qoyulsun" sualına cavabında millət vəkili maraqlı məqama toxunaraq Mərkəzi Bank rəhbərliyini ittiham etdi:
"Bunu zorla bankların boynuna qoymaq mümkün deyil. Bunu könüllülük prinsipi ilə etməyi təşviq etmək olardı. Bilirsiniz ki, o vaxt "Naxçıvanbank" belə bir xoşməramlı, olduqca xeyirxah addım atanda Mərkəzi Bank rəhbərliyi bunu populizm adlandırdı. Əksinə, ölkədəki bütün özəl banklara çağırış etməkdən ki, baxın, sizlər də "Naxçıvanbank" kimi heç olmasa imtiyazlı kateqoriyadan olan elə o sayda müştərinin kreditlərini əvvəlki qaydada tələb edin, bunlar belə bir təşəbbüsü dəstəkləmək əvəzinə sanki Naxçıvanda bir pis iş tutulub kimi hikkə və qəzəbli davranış sərgiləndi. Bu cür murdar və iyrənc yanaşma ilə ölkənin bank sistemindəki bu xaosu aradan qaldırmaq mümkün olmayacaq. Həm də görünür elə o bankların çoxunun həmin aşağılayıcı bəyanatı verən adamlara bağlılığı var və yaxud da həmin banklardan haq alırlar deyə onları hər vəchlə müdafiə edirlər. Ola bilsin banklar "Naxçıvanbank" kimi xeyirxah təşəbbüsü dəstəkləsəydilər, himayədarlarına verdiklərini dayandırmalı olacaqdılar".