Jurnalistlər üçün növbəti müsabiqə Hadisə

Jurnalistlər üçün növbəti müsabiqə

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib.

Müsabiqənin mükafatlandırma fondu 5400 manatdır:
I yer - 1 nəfər - 1000 manat
II yer - 2 nəfər - 700 manat
III yer - 3 nəfər - 500 manat
Həvəsləndirici mükafat – 5 nəfər – 300 manat

Müsabiqəyə təqdim olunmuş yazılarda materialların mövzunu dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.
Müsabiqəyə 2016-cı ilin may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazıda "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.

Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də
verilməsi şərt deyil.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Müsabiqəyə yazı təqdim edəcək şəxslərin bank hesabının olması şərtdir.
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;
- yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- yazı təqdim edən şəxsin sosial sığorta şəhadətnaməsinin surəti;
- yazı təqdim edən şəxsin bankdakı hesabının rekvizitləri;
- yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
-yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
- yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.
Müsabiqə üçün yazılar 2016-cı il may ayının 20-dən iyun ayının 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Qaliblərin adları iyun ayının sonunda açıqlanacaq.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.