Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi sadələşdirilib Hadisə

Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi sadələşdirilib

Prezident İlham Əliyevbəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi qaydaları müəyyən edilib.
Belə ki, fərmanda göstərilən qaydalara əsasən 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verməlidir.
Bundan başqa, yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verməli və bu barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərməlidir.
Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək tapşırılıb. Eyni zamanda, Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fövqəladə Hallar Nazirliyinə isə bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektləri ilə bağlı görülmüş tədbirlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.