Bakıda VIII illik Süd Olimpiadası açılıb Hadisə

Bakıda VIII illik Süd Olimpiadası açılıb

Bakıda VIII illik Süd Olimpiadası keçirilir. Bu, südçülük sahəsi üçün əlamətdar beynəlxalq hadisədir. Bu sahənin iştirakçısı olan ən iri şirkətlərin, Rusiyanın və Azərbaycanın dövlət orqanlarının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində "The DairyNews" süd bazarı xəbərləri informasiya agentliyi çıxış edir.
Dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlara qatılmaq üçün bir araya toplaşıb. Olimpiada iştirakçıları arasında südün və süd məhsullarının sənaye üsulu ilə istehsalı və emalı üçün heyvandarlıq avadanlığının satıcıları, analitiklər, Azərbaycanın və Rusiyanın aqrar idarələrinin nümayəndələri var.
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Süd Olimpiadasının açılışında çıxış edib. O, bildirib ki, Azərbaycan heyvandarlıq məhsulları ilə öz tələbatını böyük həcmdə ödəyir. Ümumiyyətlə, ölkəmizin aqrar sahədə ixrac potensialı yüksəkdir. Ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins damazlıq heyvanlar fermerlərə təhvil verilir, süni mayalama tədbirləri görülür. Heyvandarlıq sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir.
İ.Bayramov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti barədə məlumat verərək qeyd edib ki, bu şaxələndirmənin mühüm vektorlarından biri kənd təsərrüfatının inkişafıdır. Aparat rəhbəri deyib: "Aqrar sektorun vacibliyi həm də kənd təsərrüfatı məhsulları istehsalında əhalinin məşğulluq göstəricisinin yüksək olması ilə şərtlənib: statistik məlumatlara görə, aqrar sənaye kompleksi 1,6 milyondan çox insanı işlə təmin edir. Bu, respublika iqtisadiyyatında çalışan əhalinin 37 faizindən çoxdur. Azərbaycanda milli ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir, bu sahədə dövlət proqramları kənd təsərrüfatının inkişafı siyasəti ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir".
Aparat rəhbəri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi süd istehsalını və südlük mal-qaranın məhsuldarlığını artırmaq üçün konkret strategiya işləyib hazırlayıb. O deyib: "Ölkədə süd istehsalı üzrə iri fermer təsərrüfatları yaradılır. Bu təsərrüfatlarda bir baş mal-qaradan 6000 kiloqramdan çox süd sağılır, pilot ailə fermalarında 10-15 baş heyvan saxlanılır. Bütövlükdə Azərbaycanda süd emalı üzrə 78 zavod və digər müəssisə fəaliyyət göstərilir. Əhalinin süd və süd məhsulları istehlakının dinamikası artmaqdadır. 2015-ci ildə ölkədə 1,92 milyon ton süd istehsal edilib. Bu, adambaşına 246,5 kiloqram süd deməkdir. Bundan əlavə, təxminən 500 min ton süd və süd məhsulları idxal edilib. Statistik məlumatlara görə, Azərbaycan özünü süd və süd məhsulları ilə 80 faiz təmin edir, bu məhsulların qalan hissəsi yaxın və uzaq xarici ölkələrdən idxal olunur.
VIII illik Süd Olimpiadasına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirən "The DairyNews"un baş direktoru Mixail Mişşenko çıxış edərək deyib: "Azərbaycan bu tədbirin Bakıda keçirilməsi üçün bizə böyük dəstək verdi. Olimpiadanın yüksək səviyyədə təşkil olunmasına və bizə yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirik. İstərdik ki, Azərbaycan-Rusiya əlaqələri daha da genişlənsin. Bilirik ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir və respublikanızın daha da inkişaf etməsi üçün böyük potensialı var".
Sonra M.Mişşenko süd məhsullarının ixrac imkanları və iqtisadi göstəricilər barədə təqdimatla çıxış edib. Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər süd bazarının problemlərinin həlli və bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolları haqda fikir mübadiləsi aparıb, südçülük sahəsində cari vəziyyət barədə məlumat veriblər. Çıxışlarda Azərbaycanda gedən sosial-iqtisadi inkişaf təqdir olunub, aqrar sahədə reallaşdırılan islahatlar, əldə olunan nəticələr müsbət qiymətləndirilib.
Mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, "Uğurlu ferma" layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.