“Müddətli hərbi xidmətdən qayıdan şəxs…” Hadisə

“Müddətli hərbi xidmətdən qayıdan şəxs…”

Asif Abdullayev: "Sonuncu iş yerinə bərpa olunmaq hüququna malikdir"

Azərbaycanda zaman-zaman bu və ya digər şəxsin, eləcə də hərbi xidmətə gedən şəxslərin xidmətdən geri qayıtdıqdan sonra əvvəlki işinə bərpa olunmasında müəyyən problemlər yaşanır. Bəzən bu mənfi tendensiya vətəndaşın öz hüququnu bilməməsindən meydana gəldiyi halda, başqa bir halda işəgötürənin qeyri-qanuni addım atmasından irəli gəlir. Təssüflər olsun ki, bəzən bu kimi mənfi tendensiya ilə hərbi xidmətdən geri qayıdan şəxslər də qarşılaşır və onların xidmətdən əvvəl çalışdığı müəssisə və ya zavoda, şirkətə işə bərpası qeyri-mümkün olur. Halbuki "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda açıq şəkildə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Qanunda həmçinin o da göstərilir ki, vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada güzəştli şərtlərlə daxil edilir. Həqiqi hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir. Yerli icra hakimiyyəti başçıları həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların ixtisası nəzərə alınmaqla işə düzəlməsini müraciət günündən ən geci bir ay keçənədək təmin etməlidirlər. Göründüyü kimi "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda hərbi xidmətdən qayıdan şəxslərin müddətdən əvvəl çalışdığı müəssisə və ya zavoda, şirkətə hansı qaydada bərpası məsələsi açıq şəkildə əks olunur. Lakin yuxarıda qeyd etdiyimiz kimi bir çox hallarda işəgötürənlər tərəfindən mövcud qanunvericilik kobud şəkildə pozulur. Bəs görəsən Əmək Məcəlləsində sözügedən məsələ necə əksini tapır. Əmək Məcəlləsi ilə hərbi xidmətini başa vurmuş şəxsin müddətdən əvvəl çalışdığı iş yerinə bərpası hansı formada mümkündür?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev də deyir ki, müddətli hərbi xidmətdən qayıdan şəxs sonuncu iş yerinə bərpa olunmaq hüququna malikdir. Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, işçi hərbi xidmətə çağırıldıqda, onunla bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilir: "Bu əsasla işdən azad edilən işçiyə orta əmək haqqının iki misli miqdarında müavinət ödənilməlidir. İstər dövlət müəssisəsində, istərsə də özəl sektorda çalışan şəxs, hərbi xidmət keçməklə bağlı işdən azad edildiyi təqdirdə, xidmətini başa vurduqdan sonra, işə bərpa olunmaq hüququna malikdir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılanadək həmin müəssisədə işləmiş şəxs, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdir". Asif Abdullayev onu da diqqətə çatdırıb ki, 60 təqvim günü ərzində işlədiyi müəssisənin işəgötürəninə rəsmi qaydada ərizə ilə müraciət etməyən şəxs, bu müddət keçdikdən sonra artıq vəzifəsinə bərpa edilmək hüququnu itirmiş olur: "Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hətta həmin işçinin vəzifəsində başqa işçinin çalışdığı halda, əgər hərbi xidmətdən qayıtmış şəxs öz vəzifəsinə bərpa olunmaq barədə ərizə veribsə, onun yerində çalışan işçinin əmək müqaviləsinə tərəflərin istəyindən asılı olmayaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin "ə" bəndinə əsasən xitam verilməlidir. İşə bərpa olunmaq üçün ərizə vermiş şəxsin ərizəsi işəgötürən tərəfindən təmin edilmədiyi halda, hüququnun pozulduğunu aşkar etmiş işçi bir ay ərzində məhkəməyə müraciət edə bilər".