Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu” Hadisə

Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”

"Xalq Cəbhəsi" qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərindən müəyyən parçaları ixtisarla təqdim edirik.

II yazı

Adı çəkilən siyasi məsləkin yoluna görə, insanlıq millətin sayı nisbətində hökümətlərə bölünərək, bundan sonra dünya Federasyonu vücuda gətirməlidir. Fəqət, bunun oluşmasında əvvəl müştərək din və mədəniyyət sahibi olan millətlər arasında, dolayısıyla müsəlmanlar arasında bütün müsəlmanları bir məkanda birləşdirən "İttihadi-islam" ola bilməz. "İttihadi-islam" (İslam birliyi) mümkün olmayacaq bir xəyal, bir utopiyadır. Biləks – bütün türklərin, bütün farsların, bütün ərəblərin ictimai bir vücud kimi birləşmələri həm mümkün, həm də istənilən bir haldır. Müsəlman olan millətlər bir millət və bir hökümət halına gəldikdən sonra ittihad deyil, islam ittifaqı ola bilər. Fəqət belə siyasi bir ittifaq mövcud olmasa da, mədəni əlaqə vardır, ola bilməlidir.
Bütün türklər öz aralarında böyük dünya federasyonuna qədəm olmaq üzrə bir federasyon yapmalıdır. Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökümətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır.
Rus istilası, Turan üçün həqiqi bir "Ergenokon" olmuşdu. Türklər özlərini qurtaracaq "Börteçine"ni gözləyirdilər (Əski Türk yazısında "Qurtuluş" əfsanəsi məşhurdur. Bu əfsanəyə görə Çin ilə aparılan bir savaşma düşmən təqibindən qaçan türklər bir ala ceyranın ardınca uca dağlara çevrələnmiş bir ovalığa çəkilmişdilər. Bunlar burada iki yüz il qalmış, doğub-törəyib çoxalmışdılar. Özlərinə dar gələn bu yurddan bir tərəfə çıxmaq istəmişdilərsə də, yol tapmamışdılar. Nəhayət, çobanın biri bir gün qurd görmüş, onu təqib edərkən qurdun bir dəlikdən çıxdığını anlamışdı. Çoban gördüyü bu əcaib nağılı danışdıqdan sonra qurdun girdiyi dəliyin istiqamətində gələn əhalinin arasından bir dəmirçi çıxmış, dağın dəmir filizli olmasını kəşf etmış, odun toplayıb od qalamış, dağı əridərək yol açmış, mühasirədə olan türklər bu yoldan çıxaraq yer üzünə qatılmışdı. Bu əfsanəni nəzm edən Gökalp bəy Ergenokon yurdun adı, Börteçi qurdun adı deyə yuxarıda yazdığımız adların bu günkü türkcəyə tərcüməsini göstərib – M.Ə.R.)
Dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab Turanlıların "Börteçinə"si olacaqdı. Turançıların yol göstəricisi, möhtərəm Ziya Gökalp bəy müharibənin hələ əvvəlində bu gözləməyə tərcüman olmuş, qabaqcadan demişdi ki:

Rusiya dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq.

Gözləmə sanki doğru çıxdı. "Ergenekon" divarı yarıldı. Rusiya imperatorluğu parçalandı. Türk hökümətlərinin, eləcə də Azərbaycanın mövcud siyasətinin düşüncədən feliyyətə varmaq sırası gəldi. Fəqət rusluq buna hələ inkan vermir, qırıb-tökür, yaxır, yıxır, "Marat" (1918-ci ildə bolşeviklər tərəfindən Bakıda müsəlman əhali üzərində icra olunan qətl. Təfsilatı üçün yazarım: "Azərbaycan Cümhuriyyəti" adlı əsərinə baxınız– M.Ə.R.) deyə yaxıb kül edən bir yanğın çıxarırdı. Azərbaycanlılara bir tör-töküntü bir "xarabazar" hazırlayırdı ( Bakıda nəşr olunan bolşevik qəzeti bizimlə apardığı bir söz münaqişəsində "Siz Azərbaycan muxtariyyəti deyil, nəticədə bir xarabazar olacaqsınız" deyirdi. – M.Ə.R.)
Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi. Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi. Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə təmin olunan bu gözəl və zəngin parçada tikinti və məskən salma başladı. Əsrimizin "Siyavuş gərd"inin təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti təşəkkül etdi.

AZƏRBAYCAN CÜMHURİYYƏTI
1 – Təbii gözəllikləri, 2 – Maddi və mənəvi sərvətləri, 3 – İslahat və inşaatı, 4 – Xariclə əlaqə və gözəl şöhrəti.

Firdovsi deyir ki, Əfrasiyab Turanın gözəl bir parçasını damadı Siyavuşa verdi. Azərbaycan, həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır. Əski Albaniya, Şirvan, Arran və Bərdə ölkəsindən meydana gələn bu yeni Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa, təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir.
… Həqiqətən də Lənkəran, Quba, Şamaxı, Şəki, Zaqatala, Gəncə, Qarabağ və Naxçıvanın ormanlarına, bağlarına, dağlarına, yaylalarına, irmaqlarına və bulaqlarına, soyuq və isti sularına, dağ keçisi və ceyranlarına, nəhayət, Şirvan şairləri ilə Qarabağ sazına və sənətkarlarına baxılarsa, Firdovsinin "Siyavuş – gərd" təbiəti haqqındakı rəngarəng şeri nəzərimizdə göz önünə gəlmiş kimi olur. Bakı və Abşeron yarımadasının "Quzğun dəniz" (Xəzər dənizi) sahilindəki mənzərələri ilə limanda gəzən ağ çarşablı nazənin qızlarını da buna əlavə etsək, o zaman Firdovsinin də təsəvvür edə bilmədiyi bir gözəllik hasil olar.
… İndi isə ən böyük qüvvət təbii sərvətdir. İçərisində yanacağı ilə mədən, əsrin ən böyük Rüstəmi, yenilməz və yılmaz "herkül"üdür. Yanacaqlar arasında daş kömürlə neft dünyanın ən qüvvətli itələyən gücləridir. Dünya müsabiqəsi adətən dəmirlə yarış idi. Kimin ki, dəmiri ilə kömürü və ya nefti çox idi, qalibiyyət onun idi.
Neftin kömürdən üstünlüyü əskidən bəri məlumdur. Odla işləyən gəmilərin icadından sonra daş kömür məlum olmuşsa da, qara neft daha çox əvvəl insanlara məlum olub, dəmir ordular yaradılmasına xidmət etmişdi. Firdovsi, İsgəndəri-Ruminin Hindistan üzərinə dəmirdən yapılma süvarilərlə hücum etdiyini nəql edir. Hindistan padşahı Fur İsgəndərə qarşı külli miqdarda fil çıxarmışdı. Bu fillər Rum ordusunu qorxutmuşdu. İsgəndər mühəndislərini və fikir adamlarını toplamış, düşündürmüş, nəhayət dəmirdən atlar döydürərək, içlərinə neft doldurulmuş və fillərə qarşı sövq etdirmişdi. Dəmirdən yapılmış atlardakı neft od alan kimi alovlanmağa başlamış və üzərlərinə yüyürən fillərin xortumlarını yaxaraq məğlubiyyətlərinə səbəb olmuşdu.
Təbiidir ki, Fironun fillərini məğlub edən bu dəmir süvariləri Ford hazırlamadığı kimi, onları hərəkətə gətirən neft də Amerikadan gələ bilməzdi: çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də Amerika kəşf olunmuşdu. Qafqasyadamı, yoxsa Mazandarandamı zühur edən bir yırtıcı vəhşi heyvanın yox edilməsi üçün neft bulaşmış məşəllərdən istifadə olunduğu yenə Firdovsiyə oxuduğumuzdan iddia edə bilərik ki, bu gün çaplinlər uçuran, tanklar yürütən benzinin dəmir ordular sövq edən ulu babası, şübhəsiz ki, Azərbaycandır. Azərbaycan neftinin çoxluğu və kimyəvi maddələrinin dünyada mövcud olan bütün neftlərə olan uyğunluğu, tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir.
Bu, elə bir qüvvədir ki, bütün dünyanı özüylə əlaqədar edir. Rusiya bütün əzəmət və qüdrətini ona bağlayıb. Qafqasya onunla canlı, yaşar olduğuna qanedir. Avropanın yanacaq həsrətiylə yanan könlü bunun eşqiylə yanır. Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur. Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr.
Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə qədər Azərbaycan dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük yavəri olan əl dəyməmiş Gəncə dağları ilə Qarabağ zirvələrində (Gədəbəy və Zəngəzur mədənləri) çoxca bulunur.
Hazırkı dünyanın qüvvəti yalnız yanacaqla, mədənlərmi məhdudlaşır? Yanacaqla mədənə bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır. Azərbaycan, orada olan Muğan, Mil, Aran və s. Ovalığındakı münbit ərazisi sayəsində özünə artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri ilə hələ qalan qədim arxlar kimi kanallar və yaxud daha müasir vasitələrlə başdan-başa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar.
Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə heçdir. Azərbaycan bu xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir səmtində yoxdur. Balıq məhsulu isə Mavərayi-Qafqasyada yalnız buraya aiddir. Buradakı atın, malın, qoyunun və sairənin bölümlərini saymaq isə mövzumuz xaricindədir.
Sağlam ruh sağlam bədəndə olduğu kimi, inkişaf bir həyat da zəngin bir yerdə ola bilər. Azərbaycanlıların doğuluşdan inkişafda olanlarının bir səbəbi də bu çox iqtisadi həyatları deyilmi? İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır.
Siyavuş, öz yerinin təbii gözəlliyinə süni gözəlliklər qataraq "Siyavuş gərd" adını binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyyəti də ölkəsinin təbii çatışmazlıqlarını sənaye təşəbbüsləri ilə təmir etməyə başlamış, az zamanda çox uğurlar qazanmışdı.
Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı. Kişi-qadın, müsəlman, xristian, Türk-türk olmayan, cins və milliyyət fərqi qoymadan varlı-kasıb, sahibkar işçi, torpaq sahibi-muzdur, ögrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqında da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı.
Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlirli bir partiya və ya sinfin haqlı-haqsız tələblərinə, qulağı sırğalı əsir kimi tabe olması istənilmir, əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını, Azərbaycan Cümhuriyyəti höküməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki: Hər ki xahəd, qu biya və hərçi xahəd gu be gu kibro nazu hacibo dərban dərin dərgah nist (Kim dilərsə, söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapıçı, gərdaçı, kibr və naz - M.Ə.R.).
Hər kəs nə istərsə söylər, yazardı. Millətin hər partiyasının özünə xas təşkilatı, və qəzeti vardı. Bu qəzetlər əksəriyyətlə höküməti tənqid və çəkişdirmələriylə məşğul olduqları halda, özlərinə qarşı böyük zəiflik və səbr göstərirdilər.
Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökümət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bər qərar olmaqla, bərabər sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi.