Nobel prospektində yol çökdü Hadisə

Nobel prospektində yol çökdü

"Azərsu" Yolun çökməsinin kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirilməsi versiyasını təkzib edir
Dünən Bakının Nobel prospektində çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorundakı sızma nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.
Hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə "Trend"ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, ötən gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında baş vermiş çökmə ilə əlaqədar həmin yol üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Nobel prospektinin Boru keçidi küçəsi ilə kəsişməsindəki işıqforla tənzimlənən yolayrıcından şəhər istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub".
Yolun çökməsinin kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirilməsi versiyası "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Bakı Sukanal" İdarəsinin Yağış və tullantı suları departamenti tərəfindən təsdiqlənmir. Departamentin rəisi Əlizadə Nəsirov deyib ki, onlar kollektora baxış keçiriblər və baxış nəticələri deməyə əsas verir ki, kollektorda sızma baş verməyib: "Sadəcə biz çökmənin kollektora ziyan vurub-vurmamasını araşdırırıq. Hələ ki çökmənin səbəbi məlum deyil. Qərar qəbul olunub ki, batmış hissə doldurulsun və oraya asfalt vurulsun. Hazırda Fövqəladə Hallar Nazirliyi, "Azərsu", "Azəryolservis" çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır".