Azərbaycanda 48 cinayətkar dəstə tutulub Hadisə

Azərbaycanda 48 cinayətkar dəstə tutulub

"Bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb".
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov DİN-in kollegiya iclasında deyib.
O bildirib ki, cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib.

"Qara bazarda" dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib.
Qeyd olunub ki, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib.