Azərbaycan xalqı dövlətçiliyə qarşı oyunu necə pozdu? Hadisə

Azərbaycan xalqı dövlətçiliyə qarşı oyunu necə pozdu?

Amerika İraqı işğal edərkən gətirdiyi qanla birgə indiyə qədər davam edən siyasi islamı da miras qoydu. Səddamı asdılar və dünənə qədər xütbələr verən dindarlar tribunadan siyasi mesajlar səsləndirməyə başladı. Nəticə: İraq hələ də məzhəb qarşıdurması yaşayır.
Radikal dindarların siyasət meydanına atılaraq yaratdıqları Taliban Əfqanıstanı orta əsrlərə apardı. Bu gün Yəməndə husilərin dini kəsim olaraq siyasiləşməsindən doğan təzahürlər – vətəndaş müharibəsi davam edir. Vaxtilə Mərkəzi Asiyada Tacikistan radikal ekstremistlərin siyasi ehtiraslarının əvəzini taciklərin bir-birinə silah çəkməsi ilə ödədi.
Suriya "müharibə muzeyində" ən qiymətli eksponat halına gəlib. Və artıq bəllidir ki, bütün bunların kökündə siyasiləşən, daha aydın desək, silahlanan radikal dindarların dövriyyəyə salınması dayanır.
İraq təcrübəsi Amerikaya Şərq ekspedisiyasında yaxşı nümunə oldu: "parçala və hökm et" prinsipi moderləşdirilərək, məhz bu coğrafiya üçün "dindarları siyasiləşdir (silahlandır) və hökm et" formasına salındı. Təcrübə göstərdi ki, dinin siyasiləşməsindən sonra müsəlman coğrafiyasını parçalamağa ehtiyac yoxdur, onlar bunu sizin əvəzinizdə özləri edəcəklər.
Və burada diqqət çəkən kiçik bir detal var. Bütün bu coğrafiyada əlinə silah alan radikal dindarların siyasi leksikonu belə başlayırdı:
"O kəslər ki, bizimlə deyil, onlar cəhənnəm odunda yanacaqlar".
Bu gün həmin ifadələrin sahibləri və bu ifadəni onların leksikonuna əxz edənlər müsəlman coğrafiyasını cəhənnəmə çeviriblər.
Və eyni ifadələri Bakının küçələrində eşidəndə ilk ağıla gələn sual bu oldu: "Onlar kimdir?".
Onlar: 2003-cü ildə bu ölkəni xaosa sürükləmək istədilər; 2005-ci ildə narıncı geyinmiş və həmin günlərdə İraqda müsəlmanları bombalayan təyyarələri ora göndərən Corc Buşun posterini başlarının üzərinə qaldırmışdılar; özlərinə demokrat liberallar elan etdilər, xalqın dəstəyini ala bilməyəndən sonra taktika dəyişdirdilər; ultra-liberalizmi, seksual inqilabı və qərbçi düşüncəni milli və dövlətçiliyin üzərinə qaldıranlar dərhal dini kəsimə yan alaraq, sosial şəbəkələr üzərindən "xütbələr" yaymağa, Azərbaycan dindarlarının əksəriyyətinin həssas nöqtəsi olan Həzrət Əlinin, imam Hüseynin şəninə təriflər yağdırmağa başladılar; "ərəb baharı"nda ərəbləşmək sindorumuna yoluxdular; "facebook inqilabı"na cəhd etdilər; ən nəhayət tribunaya dırmaşaraq, İraqda, Əfqanıstanda, Suriyada və yaxın Şərqin bir sıra ölkələrində siyasiləşmiş dini kəsiminin leksikonuna üz tutdular.
Onlar bizi cəhənnəm odu ilə hədələyirlər.
Bu ilin 26 sentyabr tarixində Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı keçirilən referendum öncəsi Azərbaycan bu təhdidlərlə üzləşdi.

"Mitinqə dəstək verməyənlər cəhənnəmdə cavab verəcəklər"

11 sentyabr tarixində keçirilən mitinqdə AXCP rəhbərliyi bu çağırışı edərək, Azərbaycan xalqını cəhənnəmlə hədələdi. Müsəlman Şərqinin qana boyanmış xəritəsində bu kəlmələr tanış deyilmi?!
Mitinq referendum əleyhinə keçirilirdi, lakin bütün motiv dini çağırışlar üzərində qurulmuşdu. Mövsüm Səmədov və Tale Bağırzadəyə "azadlıq" tələb olundu. Ardınca 17 sentyabrda keçirilən mitinqdə də eyni şüarlar dalğalanırdı. Bu dəfə "Allahu Əkbər" nidaları altında.
Ümumxalq səsverməsi keçirərək, daha güclü gələcək qurmaq istəyən Azərbaycan xalqı nədən cəhənnəm odu ilə hədələnirdi? Siyasi fəaliyyəti boyunca Avropalaşmaq tezisini müdafiə edənlər niyə qəfil ekstremistlərə üz çevirmişdi? Hədəflər nə idi?
Bu sualların cavablarını araşdırarkən, Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı böyük oyunların oynandığı aydın görünür.
Birinci hədəf: 2005-ci ildə narıncılığın işə yaramadığını görən AXCP Azərbaycanda populyarlaşan sosial şəbəkələrdə dindarlara yönəlik kampaniyalar başlatdı. Cəbhəçilər "facebook"da Əhli-
Beyti tərənnüm edən fikirlər paylaşır, dini kəsimə "bacı və qardaşlarımız" deyə müraciət edirdilər. Qərbpərəst liberalların xaricdə daha demokrat və beynəlmiləl görünmək üçün Azərbaycanın çadralı xanımına yuxarıdan aşağı baxan üzvləri, daxildə "din qardaşlarına" xitab edirdi. Məqsəd dini kəsimin dəstəyini qazanmaq idi.
Çünki: 2005-ci ildən sonra radikal müxalifət kəsimində sosial baza uçuruma yuvarlandı; rayon təşkilatlarının əksəriyyəti buraxıldı; xalq arasında ciddi nüfuz itkisi ilə üzləşdilər; bu boşluğun yerini yalnız dini ibadət üçün icmalaşan kəsim doldura bilərdi; Bu, həm də ölkədə dini kəsimin siyasiləşməsinə aparan yol və bunda marağı olan qüvvələrin əlinə oynamaq idi.

Birinci hədəfə doğru iki həmlə

1. 2013-cü il prezident seçkiləri öncəsi yaranan Milli Şura dini kəsimi öz qanadı altına keçirmək məqsədilə Azərbaycan İslam Partiyasına (AİP) yaxınlaşmağa başladı. Şura həbsdə olan partiya sədri Mövsüm Səmədovun müdafiəsinə start verdi. Lakin iqtidarın manevrləri AİP-in Milli Şuranın kölgəsi altına keçməsinin qarşısını aldı. Partiya iqtidar partiyası ilə olmasa da, Milli Şura ilə deyil, Ədalət Partiyası ilə ittifaqa getdi. Cəhdləri boşa çıxmış Milli Şura AİP-ə qarşı hücuma başladı, partiyanın bəzi üzvlərini öz tərəfinə çəkərək, parçalamaq gedişi etdi.
Üç il öncə bu cəhdlər baş tutmasa da, Müsavatı qovaraq, Milli Şuranı ovcunun içinə alan AXCP dini kəsimin dəstəyini almaq manevrini rəfə qaldırmadı.
O zaman radikallığı ilə orta əsrlərin Həsən Sabbahını xatırladan Taleh Bağırzadə hələ siyasi üfüqdə görünmürdü.
2. 2015-ci ilin noyabr ayında Nardaranda Taleh Bağırzadənin rəhbərliyi altındakı silahlı qrupun hüquq-mühafizə orqanları ilə qarşıdurmasının yaşandığı hadisə baş verdi. İki polis əməkdaşı şəhid oldu, silahlı qrupun 5 üzvü öldü. Nardaran dini spesifikası ilə hələ SSRİ dövründən fərqlənirdi. Lakin maraqlı detal Taleh Bağırovun bu qəsəbənin sakini olmamasına baxmayaraq, orada təşkilatlana bilməsi idi. Nardaranda barrikadalar quruldu, dövlətə qarşı hücum başlandı. Lakin dövlət təhlükəsizliyinə ciddi təhlükənin qarşısı alındı və bu qəsəbənin "dini anklava" çevrilməsinə imkan verilmədi. Və ən maraqlı detallardan biri o idi ki, ölkənin siyasi kəsimlərinin əksəriyyəti bu məsələdə dövlətin yanında dayandı. Çünki məsələ dövlətə silah çəkilməsində idi. Təkcə AXCP bu məsələdən iqtidara qarşı kampaniyaya başlamaq üçün istifadə etdi. Sosial şəbəkələrdə cəbhəçilər dövlətə güllə atanların zərərsizləşdirilməsini "demokratiyanın boğulması" kimi qələmə verməyə başladılar. Bu, onların klassik üslubu, yəni hər hadisədən iqtidara qarşı anti-təbliğat olaraq istifadə etməyi kimi başa düşülə bilərdi. Lakin 11-17 sentyabr mitinqləri AXCP-nin dini kəsimin dəstəyini əldə etmək planını hələ o vaxt rəfdən endirdiyini deməyə əsas verir.
İkinci hədəf: "Kim gəlirsə gəlsin, təki bu iqtidar getsin" sözləri Milli Şuranın 2013-cü il 24 avqust tarixli iclasında Əli Kərimlinin müavinlərindən biri tərəfindən səslənib. Nəzərlərdən qaçan, çoxlarının xəbərdar olmadığı bu detal AXCP-nin hakimiyyət ehtirasına nələrin qurban verə biləcəyinin sərhədlərini aydın göstərir. Bunun fonunda Nardaran hadisələrinin səbəbkarı, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırzadəyə dəstək verməsinin səbəbi də aydınlaşır. İslam Partiyası və onun sədri Mövsüm Səmədovla müqayisədə daha radikal olan Sabbahın davamçısı Əli Kərimlinin hakimiyyət pillələrində sürətlə addımlamasına imkan verə bilərdi.
Çünki: radikallar bu dəfə daha mütəşəkkil qruplaşmışdı; 2013-cü ildə İslam Partiyası nümunəsinin əksinə, onlarla siyasi danışıqlar apararaq, daha konstruktiv mövqeyə gətirmək çətin olacaqdı; "Müsəlman Birliyi Hərəkatı" hakimiyyətə qarşı siyasətlə deyil, silahla çıxırdı; və onların əllərində siyasi proqramlar, yaxud bəyanatlar yox, məhz silah var idi.
Radikallar Taleh Bağırzadənin rəhbərliyi altında dövlətə qarşı silahlı üsyana başlayır, ölkə qarışır, vətəndaş müharibəsi başlanır və fürsətdən istifadə edən Əli Kərimli hakimiyyətə əl qoyur.
Sonuncu hədəf bu idi. Referenduma etiraz adı altında keçirilən iki mitinq də bunu aydın şəkildə göstərdi. AXCP-nin ətrafındakılar dini şüarlar səsləndirir, qaldırılan posterlərdən Corc Buşun əvəzinə Taleh Bağırzadə və Mövsüm Səmədov boylanırdı. Həbsdə olan Taleh Bağırzadə dövlətə itaətsizliyə dəvət edən müraciəti ünvanlaması da ssenarini daha dərin qatlarını üzə çıxarırdı.
AXCP sədri Əli Kərimlinin mitinqdə Taleh Bağırzadəni müdafiə etməsinin görünən tərəfi radikal dini kəsimin dəstəyini qazanmaq və daha çox adam toplamaq idi. Görünməyən tərəfdə isə məqsəd radikalların lideri Taleh Bağırzadəni əvəz etmək idi.
Çünki "Radikallar Taleh Bağırzadənin rəhbərliyi altında dövlətə qarşı silahlı üsyan başlayır, ölkə qarışır, vətəndaş müharibəsi başlanır və fürsətdən istifadə edən Əli Kərimli hakimiyyətə əl qoyur" planı Taleh Bağırzadənin və tərəfdarlarının həbsi ilə təxirə salındı. Planın yenidən işə düşməsinin yeganə yolu radikal dini kəsimin dəstəyini əldə etmək üçün Bağırzadənin haqlarını ucadan qışqırmaq və bu qışqırığa səs verənlərin liderinə çevrilmək idi.
Lakin AXCP sədri Azərbaycan dövlətinə qarşı oyunda tək deyildi.
"Köhnə Qitə"nin üfünət verən bataqlıqlarından boylanan, hətta okeanın o tayına qədər uzanan dairələr Azərbaycan insanını seçdiyi iqtidara qarşı qaldırmaq və rəsmi Bakını öz istəklərinə tabe etdirmək üçün illər ərzində çox əmək sərf edib:
Siyasi hakimiyyətin zəif olduğu 2003-cü illərdə Bakı küçələrində hər tin başı görünən "rəngli inqilab" ustaları; 2005-ci ildə Şərqi Avropada yaşananlardan doğan "narıncılar hərəkatı"; 2010-cu ildə müxalifətin "ərəbləşməsi"; 2012-ci ildə "facebook inqilabı" planı; və bütün bunların fonunda müxalifətə xərclənən milyonlarla "Corc Vaşinqton"lar; Azərbaycana qarşı siyasi və iqtisadi sanksiya təhdidləri; təzyiq vasitəsinə çevrilən "reytinq hesabatları"; ən nəhayət, Dağlıq Qarabağ münaqişəsi üzərindən edilən şantajlar.
Bütün bu planlar pozulur və siyasi oyunların ifşası Azərbaycan insanının iqtidar ətrafında daha sıx birləşməsinə səbəb olur. Bu, həm də oyun quranların Azərbaycanda hakimliyi ələ alaraq, bütün Cənubi Qafqazı zəbt etmək, Rusiyaya qarşı hücumda onu cənub sərhədlərində zəiflətmək, Türkiyənin Şərqə çıxışını bağlamaq və hər istədiklərini edən müti ölkə halına salmaq, həmçinin, Ankara və Bakının bölgədə yeni siyasi güc yaratmasının qarşısını almaq geostrategiyasının pozulması deməkdir. Bəli, Azərbaycanın müstəqil siyasəti bu coğrafiyada açar rolu oynayır.
Və bu açarı ələ keçirmək istəyən Qərbdəki "dünyaya ağalıq" etmək istəyənlər Azərbaycanı məhz radikal dindarların siyasiləşməsi (silahlanması) ilə zəiflətmək planını işə saldı. Çünki indiyə qədər istifadə olunan bütün vasitəçilər özünü doğrultmamışdı.
Lakin Azərbaycan xalqı bir daha dövlətin mövcudluğunu qoruyanın yanında oldu və mitinqlərə getmədi. Sentyabrın 26-da hər kəs yox, referenduma gələrək, öz gələcəyini seçdi. Və bu gün xalq səhv etmədiyinə bir daha əmin olur.

Asif Nərimanlı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.