Regionlarda analoq yayımın dayandırılması ilə bağlı narazılıq yoxdur Hadisə

Regionlarda analoq yayımın dayandırılması ilə bağlı narazılıq yoxdur

"Dekabrın 10-da ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürülüb. Analoq TV yayım vericilərinin söndürülməsindən ötən bir neçə gün ərzində heç bir narazılıq və şikayətlərin olmaması əhalinin bu tədbirə hazırlıqlı olduğundan xəbər verir".
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın 30 bölgəsində aparılmış sorğuya əsasən əhalinin 74%-i TV yayımlarını peykdən izləyir: "Mən bu faktı əvvəllər də qeyd etmişdim. Yerüstü yayımı əhalinin yalnız 7,4%-i izləyir ki, bunların bir hissəsi analoq-rəqəmli TV qəbuledicilərindən istifadə edir. LCD və plazma televizorlarının çoxu, xüsusən də 2010-cu ildən sonra satılanlar analoq-rəqəmsal tiplidir".
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.