BAXCP sədrindən Novruz təbriki Hadisə

BAXCP sədrindən Novruz təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər, Sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Milli adət-ənənələrimizin, millətimizin folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə insanlığın ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan ikinci bir bayram yoxdur. Bütün bunlar xalqımızın nə qədər böyük tarixə və mədəniyyətə malik olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, daima yeniləşməyi bacarandır, yenilikçidir. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə büruzə verib.
Əziz həmvətənlər, Novruz-yeni gün, yeni başlanğıc deməkdir. Əminəm ki, təbiətə, milli-mənəvi dəyərlərimizə və Tanrının bizə bəxş etdiyi maddi-mənəvi üstünlüklərə söykənərək, qarşımızda dayanan bütün çətinlikləri yenəcək, Azərbaycanı bütöv və qüdrətli dövlətə çevirəcəyik. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğur gətirən günlər arzulayıram".