Azərbaycanlı alimin kitabı BMT kitabxanasında Hadisə

Azərbaycanlı alimin kitabı BMT kitabxanasında

Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin dünyanın bir nömrəli problemi olan ərzaq təhlükəsizliyi ilə bağlı Almaniyada çap olunmuş "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Mərkəzi Kitabxanası tərəfindən araşdırılıb. Kitabxananın ekspertləri kitaba müsbət rəy veriblər. Kitabxananın rəhbərliyi bununla əlaqədar deputata məktub yollayıb.
Eldar Quliyev qeyd edib ki, "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı hazırda BMT-nin Mərkəzi Kitabxanasında həm elektron, həm də klassik kitab formasında yerləşdirilib. Maraqlanan oxucu kitabı həmin kitabxanadan əldə edə biləcək. Eyni zamanda, kitab yaxın zamanlarda həm Vyanada, həm də Parisdə keçiriləcək beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək. Dünya səviyyəsində tanınmış alimlərin iştirakı ilə kitab yaxın aylarda ya Berlində, ya da Cenevrədə təqdim olunacaq. "Kitaba böyük maraq var. Düşünürəm ki, bu maraq kitabda toxunulan mövzularla bağlıdır", - deyə müəllif qeyd edib.
Xatırladaq ki, 1995-ci ildən bəri ilk dəfədir azərbaycanlı alimin kitabına BMT-nin Mərkəzi Kitabxanasının ekspertləri tərəfindən müsbət rəy verilib və dünyanın belə bir mötəbər universitetində həmyerlimizin kitabı yer alıb.