Hərbi Akademiyada hərbi-elmi konfrans keçirilib Hadisə

Hərbi Akademiyada hərbi-elmi konfrans keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında "Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr" mövzusunda hərbi-elmi konfrans keçirilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən keçirilən konfransda topoqrafik xəritələrin müasir standartları və onların əhəmiyyəti, rəqəmsal topoqrafik xəritələrin hazırlanması və istifadəsi, xəritələrin riyazi əsaslarının yaradılmasında müasir texnoloji vasitələrin və kompüter kartoqrafiya proqramlarının tətbiqi və Silahlı Qüvvələrdə istifadə olunan topoqrafik xəritə sisteminin dünya geodeziya sisteminin standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər əsas müzakirə mövzuları olub.
Hərbi-elmi konfransda hərbi-topoqrafiya xidmətinin və Müdafiə Nazirliyi idarələrinin zabitləri, Silahlı Qüvvələrin birlik və birləşmələrinin topoqrafiya xidməti rəisləri, xüsusi təyinatlı təhsil müəsissələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri iştirak ediblər.