Həsən Amulinin açıqlaması nəyə hesablanıb? Hadisə

Həsən Amulinin açıqlaması nəyə hesablanıb?

"Həsən Amulinin Iranla Azərbaycanın münasibətlərini şərh edən açıqlaması, əslində çox düşündürücü oldu". Bunu politoloq Vüqar Zifəroğlu deyib: "Təkcə ona görə yox ki, bu açıqlama əslində bizim illərdir İrandan gözlədiyimiz, umduğumuz sözlərin və fikirlərin ifadəsi idi, həm də ona görə ki, zamanlama diqqət çəkici idi. Hətta bu zaman Güney Azərbaycanın Çaldıran şəhərində, Qarakilsəyə minlərlə erməninin dini ziyarət üçün axışaraq gəldiyini və Tehranın da onların öz ayinlərini icra etmələri üçün hər cür şərait yaratmalarını da görməzdən gəlmək olardı. Lakin bir məqam əslində açıqlamanın mahiyyəti və zamanlaması ilə bağlı bütün suallara nöqtə qoymuş oldu. Açıqlamadan cəmi bir neçə gün sonra, İran İslami Şura Məclisi Ermənistanla aralarındakı sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqlədi. Vurğulamalıyıq ki, Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu sərhəd bölgəsinin işğalının davam etdiyi bir zamanda, Amulinin əslində nüfuzlu din xadimi olaraq belə bir qərarın ratifikasiyasına da münasibət bildirməsi yaxşı olardı". Vüqar Zifəroğlunun sözlərinə görə, Amuli, öz açıqlamasında bildirir ki, "Azərbaycan və İran - bir millət iki dövlətdir". Əslində bizim bir millət iki dövlət olaraq bildiyimiz Türkiyə, İrandan fərqli olaraq Ermənistanla nəinki diplomatik münasibətlər qurmur, işğalçıya göstərilən beynəlxalq təzyiqdə aktiv iştirak edir, həm də tam siyasi dəstək verir. İran isə nəinki bunları edir, hətta Ermənistanla ticari dövriyyəsini artırmağı planlaşdırır. H. Amuli qeyd edir ki, hazırda Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənstana istədiyi təzyiqi göstərir. Bəli, bütün bu məqamlar bilinən həqiqətdir. Çünki Ermənistan komplementar və müstəqil xarici siyasət həyata keçirdiyini iddia etsə də, açıq şəkildə Rusiyanın Qafqazdakı avanpostu funksiyasını yerinə yetirir. Bu zaman da biz Ermənistan-Rusiya münasibətlərində tərəfdaş, müttəfiq yanaşmasını deyil, bir vassal münasibətlərinin şahidi olmaqdayıq. Lakin Ermənistandan ölkəmizə qarşı təzyiq metodu kimi istifadə edən tək ölkə Rusiya deyil. Eyni metoddan İranın özü də yararlanır. İranın Cənubi Qafqazda maraqlarını təmin etmək məqsədi ilə Ermənistanla əməkdaşlığına təkan verən ən azı üç geosiyasi səbəbi göstərə bilərik. Birincisi, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətləri balanslaşdırmaq cəhdi. Həmçinin Ermənistanın Türkiyə və Azərbaycana qarşı siyasətindən istifadə etməklə regionda siyasi gücünü artırmaq arzusu, ikincisi, Cənubi Qafqaz regionunda iqtisadi maraqları zəminində Qərbin fəallığını artırmasına qarşı mübarizə, üçüncüsü, qlobal mərhələdə rəsmi Tehranın ABŞ-dakı yəhudi lobbisinə qarşı erməni lobbisindən yararlanmaq istəyi. Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgədə yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı üzləşdiyi iqtisadi çətinliklər zəminində İrəvan üçün İranın son dərəcə ciddi əhəmiyyəti var". Vüqar Zifəroğlu deyib ki, İran regionda hədəfləri olan ciddi bir güc olaraq öz maraqları doğrultusunda ermənilərlə münasibətlərinə önəm verir: "Bu təbiidir. Hər ölkə üçün onun dövlət maraqları ilk öndə gəlir. Lakin bütün bu bilinənlərin fonunda, qardaşlıq "nəğmələrinə" ehtiyac yoxdur. Amulinin verdiyi açıqlama isə, sadəcə olaraq bir neçə gün sonra imzalanacaq razılaşmaya istər İranın öz içində soydaşlarımızın, istərsə də Azərbaycandan verilə biləcək mümkün mənfi reaksiyaların dərəcəsini maksimum azaltmağa hesablanmışdı. Lakin düşünmürəm ki, buna nail olundu".