İyirminci ildə Qarabağ döyüşləri Hadisə

İyirminci ildə Qarabağ döyüşləri

(Sənədli povestin sonu)


4-cü yazı


Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu ərşə çəkilmiş nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkovnik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qapaqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eşidildi. İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə baxmaq istədi. Heç nə görə bilmədi. Birdən xatırladı ki, o tamam başqa səmtlərdir. "Sabah mütləq ora gedəcəm, – fikirləşdi. – Mütləq, yoxsa atam Sadıq bəyin, babam Qatırçı Muradın ruhu məndən inciyər. Ya qismət, bir də nə vaxt gələcəm, Şuşaya, Allah bilir…" Fikir-xəyal ona aman vermirdi. "İllah ki, bolşeviklərin Azərbaycana soxulmaq iddiası. Dünyanın işinə bax ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onların hamısına malçişka Əliheydər dil verir. Cəfər Babayev kimisini Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə sərbəst, müstəqil yaşamağı günah hesab edir? Qayıdan kimi belələrini həbs elətdirib, ciddi rejim altında saxlamaq barədə sərəncam verməliyəm. Yoxsa… Əliheydər kimi bolşeviklər rus fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik, vəssəlam!"
Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində və sifətində hərbiçi zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov gecənin dan qaranlığında xalqının taleyini fikirləşməkdən yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.
İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə verdi. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı. Gözlərinə inanmadı, pensnesini taxıb təəccüblə dodaqlarını bir-birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat Səməd bəy çarpayısına tərəf getdi…

***


GENERALA ALİM QAYĞISI


Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri, əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əli ağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır.

Hərb elmləri doktoru,
professor, general-mayor,
Dövlət mükafatı laureatı
Yevgeni Barsukov

Əli ağada general təkəbbüründən əsər-əlamət yox idi. General Şıxlinski hərbi akademiyanı bitirməsə də, fitri zəkası, praktik fəhmi artilleriya elmində ona böyük nüfuz qazandırmışdı. General Əli ağa Şıxlinski hünərvərliyi dillərdə dastan olmuşdu.
Aleksandr Stepanovun
"Zvonaryovlar ailəsi" romanından

Şöhrətli sərkərdəmiz Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlinskidən danışanda Heydər Hüseynovun xidmətlərini unutmaq haqsızlıq olardı. Generalın "Xatirələrim" kitabının yazılmasında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Akademiyasının akademiki Heydər Hüseynovdur.
Bu "Xatirələr" Azərbaycan tarixində yeganə və ilk hərbi memuardır. Düzdür, yetmiş-səksəninci illərdə bəzi veteranlar Böyük Vətən müharibəsi haqqında xatirələrini qələmə aldılar. Lakin heç biri general Əli ağa Şıxlinskinin əsərinin səviyyəsinə çatmadı. İstər faktların zənginliyi, istər mövzu baxımından, istərsə də yazı dilinin şirinliyinə görə əsər özünə geniş oxucu marağı qazandırıb. Yalnız mərhum polkovnik Baxış Mehdiyevin 223-cü Azərbaycan atıcı diviziyası haqqında yazdığı "Xatirələrim" kitabını haradasa general Əli ağa Şıxlinskinin hərbi memuarı ilə yanaşı qoymaq olar.
1944-cü ildə akademik Heydər Hüseynov general Əli ağa Şıxlinskinin xatirələrini iki dildə – rus və Azərbaycan dillərində 7500 nüsxə tirajla nəşr etdirdi. Təəssüf ki, amansız ölüm görkəmli generalımıza xatirələrini kitab şəklində görməyə imkan vermədi. Kitab generalın ölümündən doqquz ay sonra – 1944-cü ilin may ayında nəşr olundu. Bu qiymətli kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazıb. Əlbəttə, bu da akademik Heydər Hüseynovun xidmətidir. Maraqlı burasıdır ki, general Əli ağa Şıxlinskinin şəxsiyyəti və döyüş qəhrəmanlığı ilə fəxr edən Heydər Hüseynov general Barsukovun həmin məqaləsini (l ç.v. həcmində) yenə iki dildə ayrıca kitabça şəklində "Əli ağa Şıxlinski" adı ilə nəşr etdirib. Bundan başqa alim Heydər Hüseynov həmin illərdə Rusiyanın görkəmli sərkərdələrinə, vaxtı ilə Əli ağa Şıxlinski ilə birgə çalışıb işləyənlərin xatirələrini istəyib.
Məhz Heydər Hüseynovun təşəbbüsü ilə 1945-ci ildə (№3) Moskvada çıxan "İstoriçeski jurnal"ın üçüncü nömrəsində professor Arkadi Lavroviç Sidorovun generalın kitabı haqqında "Ə.Şıxlinski. Mənim xatirələrim" adlı elmi məqaləsi dərc olunub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru A.L.Sidorov bu qiymətli kitabın hərbiçilər və tarixçi alimlər üçün ən yaxşı məxəz olmasından bəhs edərək yazır: "General Əli ağa Şıxlinskinin xatirələri inqilabdan sonra da öz əlaqəsini Vətəndən və ordudan kəsməyən şəxslər tərəfindən yazılmış qiymətli tarixi sənədlərdən biridir. Buna görə də Şıxlinskinin xatirələri, ordunun tarixini öyrənmək üçün xüsusi bir məxəz kimi qiymətlidir.
Rusiya-Yaponiya müharibəsi haqqındakı fəslin tarixçilər üçün əhəmiyyəti daha böyükdür. Məşhur artilleriyaçı Əli ağa Şıxlinskinin adı artilleriya elmində həmişə hörmətlə çəkilib və gələcək illərdə də çəkiləcək".
Məhz bundan sonra generalın xatirələri İttifaq miqyasında daha çox şöhrət qazanıb. Baş Artilleriya marşalı Nikolay Yakovlev, general-polkovnik Mixail Parseqov, Birinci Dünya müharibəsi illərində general Şıxlinskinin tabeliyində hərbi xidmətdə olan ordu generalı Pavel Lebedev və başqaları bu qiymətli kitabdan bir nüsxə onlar üçün göndərməyi Heydər Hüseynovdan xahiş ediblər.
1945-ci il aprelin 20-də professor general-mayor Yevgeni Barsukov akademik Heydər Hüseynova göndərdiyi məktubunda yazırdı: "Sizdən artıq dərəcədə xahiş edirəm general Əli ağa Şıxlinskinin "Xatirələrim"dən heç olmasa iki nüsxə də əlavə göndərəsiniz. Mənim xahişimi rədd etməyin. Baş Qərargahda yoldaşlar məndən çox-çox rica edirlər, çünki biz artilleristlərə, ilk növbədə artilleriyamızın şanlı tarixini öyrənmək üçün general Əli ağa Şıxlinskinin kitabı əvəzsiz vəsaitdir".
1945-ci il aprelin iyirmi altısında isə artilleriya general pol¬kovniki Mixail Parseqov SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının direktoruna yazırdı: "Hörmətli direktor, bu gün SSRİ EA Tarix İnstitutunun nəşri olan "İstoriçeskiy jurnal"ın üçüncü nömrəsini "Tənqid və biblioqrafiya" bölməsində Moskva Dövlət Universitetinin professoru Arkadi Sidorovun "Əli ağa Şıxlinski. Mənim xatirələrim" resenziyasını oxudum. Giriş sözü Dövlət mükafatı laureatı, hərb elmləri doktoru Y.Z.Barsukovundur.
Məlum olduğu kimi, Əli ağa Şıxlinski qocaman artilleriya (topçu) generalıdır, onun böyük mübariz həyat təcrübəsi var. İlk dəfə mən bu general barədə iyirmi il bundan əvvəl eşitmişəm, o vaxt mən hələ Qızıl Ordu artilleriyasının təkmilləşmə kursunda dinləyici idim.
Artıq dərəcədə Sizdən təvəqqe edirəm, xahişimi rədd etməyib mənə general Əli ağa Şıxlinskinin "Mənim xatirələrim" əsərinin bir nüsxəsini göndərəsiniz. Çünki biz artilleristlərə ilk növbədə artilleriyamızın tarixini bilmək üçün hər bir hərbiçinin stolüstü kitabıdır".
Generalın döyüş yolunu, şəxsiyyətini, ədəbi-bədii yaradıcılığını, ən başlıcası onu tarixi şəxsiyyət kimi qiymətləndirən alim Heydər Hüseynov yazırdı: "General Əli ağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi".


Şəmistan Nəzirli
araşdırmaçı