“Kitab sənayesi millətin gələcəyinə investisiyadır” Hadisə

“Kitab sənayesi millətin gələcəyinə investisiyadır”

"APA Holdinq" ilə Azərkitab kitab təbliğatı mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib. Avqustun 15-də "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı və "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu yeni yaradılmış Azərkitab kitab təbliğatı mərkəzinin qonağı olub, buranın şəraiti və imkanları ilə tanış olduqdan sonra mərkəzin rəhbərliyi ilə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Əvvəlcə Mərkəzin icraçı direktoru Mədət Məmmədov qonaqlara dörd mərtəbəli mərkəzin quruluşu, müxtəlif tədbirlər üçün nəzərdə tutulmuş zalları haqda məlumat verdi.
Daha sonra qonaqlar kitab satışı, qalereya, imza törəni, konfrans üçün nəzərdə tutulmuş zallar uşaqların əylənməsi, kitab dünyasında özlərini rahat hiss etməsi üçün yaradılan şəraitlə tanış oldular.
Mərkəzin direktoru Sabir Həsənov bu imkanlardan maksimum yararlanmaq, kitab təbliğatı sahəsində nəticələr əldə etmək üçün çalışdığını, müxtəlif qurumlarla əməkdaşlığa açıq olduğunu bildirdi: "Əsas məqsəd gənclərimizi kitaba cəlb etməkdir, kitabsız gələcək yoxdur. Bu yolda belə bir mərkəz yaratmağa nail olmuşuq, halbuki, bu, çoxlarının hələ də arzusudur. Hətta Türkiyəli qonaqlarım belə bir məkana heyran oldular, onlar bura reallaşmış bir arzu kimi baxırdılar. Belə bir imkanı və şəraitdən yararlanmamağa artıq mənəvi haqqımız yoxdur."
Vüsalə Mahirqızı kitab təbliğatı sahəsində çoxlu işlər görməyə ehtiyac olduğunu bildirib: "Bura yazarlara təqdimatlarını keçirmək üçün darısqal mağazalardan, kafe, teatr foyelərindən başqa məhz kitab üçün nəzərdə tutulmuş bir məkan təqdim edib. Bu müstəvi yazıçıların tanıdılmasına, kitabın təbliğinə uyğundur. Onların sosial şəbəkələrdə çoxlu sayda izləyiciləri var. Xüsusilə gənc yazarlarla daimi diskussiyalar, təqdimatlar keçirməklə həm bu məkanın, həm də kitabın təbliğinə kömək etmək mümkündür. Konfrans zalınızda yazarlarla birgə kitab müzakirələri, eyni zamanda bu sahənin problemlərini, kitab bazarının durumunu müzakirə etmək mümkündür. Biz Kulis.az çərçivəsində əməkdaşlıq edə bilərik. Bilirsiz, bu, bizim ədəbiyyat layihəmizdir, bir çox yazarları əməkdaşlığa cəlb etmişik. Onların rahat şəkildə yaradıcılıqla məşğul olmaları üçün əlimizdən gələni etməyə çalışırıq".
"Lent.az"ın kitabxanası" layihəsi çərçivəsində hər il bir və ya bir neçə kitab nəşr etdiririk. Qarabağ müharibəsində əsir düşmüş, faciələr yaşamış insanlardan bəhs edən iki cildlik sənədli əsər artıq çap olunub. Bu işdə bizə TEAS Press Nəşriyyat evi dəstək verib. Bu il isə Rey Kərimoğlunun döyüşçü xatirələri bu çərçivədə çapdan çıxdı.
Ümumiyyətlə, kitab sənayesi xüsusi sahədir. Əlbəttə, bu, milyardlar gətirən biznes deyil, lakin missiyadır, millətin gələcəyinə qoyulan investisiyadır. Bu məsələlər dövlətin, müxtəlif qurumların əməkdaşlığı ilə daha səmərəli olur".
"Azərkitab" Kitab Təbliğatı Mərkəzinin rəhbəri Sabir Həsənov sədri Çingiz Abdullayev olmaqla 25 ziyalıdan ibarət Kitab təbliğatı müşahidə şurasının yaradılması təklifi ilə çıxış etdiyini də qeyd etdi: "Bu sahədə nəzarət olunmalı, tənzimlənməli məqamlar var".