Ermənistanda idmançılar hökumətdən narazıdır Hadisə

Ermənistanda idmançılar hökumətdən narazıdır

Ermənistanın iri şəhərlərindən olan Gümrünün olimpiya mərkəzinin heyəti ölkənin İdman Nazirliyindən narazılıq edir.
İdmançılar çalışdıqları kompleksin qəza vəziyyətində olduqlarını bildirirlər. Ona görə də valideynlər bir müddət sonra uşaqlarını buraya göndərməkdən imtina etmək qərarına gəliblər. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət olunsa da, problem həllini tapmır. Onlara İdman Nazirliyinin büdcəsində əsaslı təmir üçün vəsaitin çatışmadığı cavabı verilir.
Nazirliyin gənclərlə iş şöbəsinin müdiri Qraçya Rostoçyan jurnalistlərə olimpiya kompleksinin yaxşı vəziyyətdə olduğunu deyib. Bu fikir də kollektivi qəzəbləndirib.
Mərkəzdən bildirilir ki, iki il əvvəl mərkəzin yenidən qurulması üçün xaricdən göndərilən iki milyon dram vəsait mənimsənilib.
Ermənistanda müxtəlif idman növləri üzrə baş məşqçilər də hökumətin ölkə idmanına laqeyd münasibətindən gileylənirlər. İdmançılar bu cür şərtlər altında çalışa bilmədiklərini deyirlər. Qeyd edilir ki, bütün idman kompleksləri sovet dövründən qalmadır və əksəriyyəti də istismara yararsız olduğu üçün bağlanıb.