“Yeni tapşırıqları yerinə yetirməyə hazırıq” Hadisə

“Yeni tapşırıqları yerinə yetirməyə hazırıq”

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda daha 4 hektar ərazidə yanğının qarşısını alıblar

Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində fəal iştirak etməkdə davam edirlər.
Azərbaycan FHN-nin Gürcüstana ezam olunmuş əməkdaşı Toğrul Mehdiyev APA-nın yerli bürosuna bildirib ki, yanğın ərazisində nisbətən çətin sahələr Azərbaycan yanğınsöndürənlərinə həvalə olunur.
"Bu gün bizə həvalə olunmuş 4 hektara yaxın ərazidə yanğının söndürülməsini başa çatdırmışıq. Azərbaycan FHN-nin şəxsi heyəti yeni tapşırıqları yerinə yetirmək üçün hazırlıq səviyyəsinə gətirilib" - deyə Toğrul Mehdiyev qeyd edib.
Qeyd edək ki, dünən FHN Gürcüstana ezam olunmuş qüvvələrin yanğınsöndürmə əməliyyatlarında iştirakı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri 11 nəfər şəxsi heyəti ilə avqustun 22-də saat 06:30 radələrindən Borjomi-Xaraqulsk qoruğunda kəşfiyyat uçuşlarına başlamış və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.
Eyni zamanda Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb. Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edən xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının müvafiq yanğınsöndürmə texnikaları və şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş) cəlb olunub. Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədi ilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılıb.
Avqustun 23 və 24-də Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürüblər.
Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən mürəkkəb relyefə malik ərazilərdəki digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını uğurla davam etdirirlər.
Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş yanğınsöndürmə-xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurmuş və səyyar mətbəx quraşdırıb.