Ali və orta tibb işçilərinin sertifikasiyası aparılır Hadisə

Ali və orta tibb işçilərinin sertifikasiyası aparılır

Azərbaycanda 2011-ci ilin əvvəlindən ali, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiyası aparılır. Tibbi kadrların vahid registrində 42 min 573 ali, 75 min 458 orta tibb işçisi qeydiyyatdan keçib. Ali tibb işçilərindən 1668-i, orta tibb işçilərindən isə 14 min 287 nəfəri özəl klinikalarda çalışır. Bu ilin avqustun 1-dək olan məlumata görə, ümumilikdə 26 min 339 nəfər ali, 40 min 869 nəfər orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib. Bu barədə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Fariz Babayev həkimlərin sertifikasiyasına həsr olunan mətbuat konfransında məlumat verib.
Qeyd olunub ki, sertifikasiya prosesi səhiyyə sistemində əhalinin tibbi təminatının keyfiyyətinin yaxşılaşdırılması və savadlı kadr potensialının formalaşdırılması məqsədilə aparılır. Şöbə müdiri söyləyib ki, Nazirlər Kabinetinin 2015-ci il dekabrın 1-də təsdiq etdiyi Qaydaya görə, prosedurda müəyyən dəyişiklik edilib. Həmin Qaydaya əsasən, sertifikasiya imtahanının sualları test və klinik tapşırıq hissələrinə bölünür. İmtahanın test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 sualdan, klinik hissə isə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssislərinin ixtisasına aid, habelə onun praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 tapşırıqdan ibarətdir. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan mütəxəssislər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiyadan keçənlərə imtahan bitən gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir. Həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir.
Qanunvericiliyə uyğun olaraq, imtahandan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə icazə verilmir. "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası"na əsasən, təhsilini təsdiq edən sənəd və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi vaxtdan sonra beş il sertifikatdan keçməkdən azaddırlar. İnstitutun sənədlərin qəbulu və qeydiyyat bölməsinin müdiri Müşkünaz Şahmuradova bildirib ki, ötən ilin yanvarından 3358 həkim imtahanlara buraxılıb. Onlardan 6452-si imtahanlardan uğurla keçərək sertifikat şəhadətnaməsi alıb. Bundan başqa, 3597 nəfər təkrar imtahandan keçib. Həmin müddətdə 18 min 406 orta tibb işçisi imtahana buraxılıb. Prosedurdan uğurla keçən 14 min 557 nəfərdən 1098-i təkrar sertifikat imtahanlarından keçənlər olub. 2012-ci ildən bəri imtahanlardan keçə bilməyən 905 ali təhsilli həkimdən 252, 2508 orta tibb işçisindən isə 900-ü sonradan verdiyi imtahanlar nəticəsində sertifikata yiyələnib.