Azərbaycanda genişmiqyaslı hərbi təlimlər başlayıb Hadisə

Azərbaycanda genişmiqyaslı hərbi təlimlər başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
MN-dən verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Qeyd edək ki, Azərbaycanda "TurAz Qartalı - 2017" təlimləri də başlayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral "TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.
Müdafiə naziri çıxışında təlimlərin hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayaraq bu təlimlərin hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib.
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir E.Özoral qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Səfir təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.
Müdafiə naziri, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.
Təlimlərin açılış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının geniş konsert proqramı ilə sona çatıb.