“Elmdə Azərbaycan qadınlarının rolu” Hadisə

“Elmdə Azərbaycan qadınlarının rolu”

Bu mövzunda dəyirmi masa keçirilib


Bakı Dövlət Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "Elmdə Azərbaycan qadınlarının rolu" mövzusunda dəyirmi masa keçirilib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında bildirib ki, tarixən Azərbaycan qadınları bütün sahələrdə öz fəaliyyətləri ilə fərqlənib. O qeyd edib ki, qadınlar ölkənin elm və təhsil tarixinə öz adlarını yaza biliblər: "Getdikdə qadınların cəmiyyətdə rolu daha da artır. Heç yerdə Azərbaycan qadını kimi zəhmətkeş qadın yoxdur. Azərbaycanın XX əsrdə yetişdirdiyi bir neçə alim xanımın adını çəkmək istərdim. Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb".

AQUPDK sədri Hicran Hüseynova deyib ki, Azərbaycan elmində qadınların sayı ildən-ilə artır. Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda qadınlar iqtisadi baxımdan daha müstəqildir: "Hər ölkədə belə imkanlar yoxdur. Amma Azərbaycanda qadınların hərtərəfli inkişafı və fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Azərbaycan qadını hər zaman intellekti və aktivliyi ilə tanınıb. XX əsrdə Azərbaycan xalqı elmə bir çox alim, akademik, professor qadın bəxş edib".
Tədbirin davamında Milli Məclisin sədr müavini Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə, ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə danışıblar.