Xaricdən gələn kitablar bahalaşacaq Hadisə

Xaricdən gələn kitablar bahalaşacaq

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə öz əksini tapıb.
"Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən, bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun qənaətinə görə, gömrük rüsumlarının əsas məqsədi daxili istehsalçını qorumaqdır: "Kitablara qoyulan rüsumu artırmaq da ona görədir ki, hamı yerli kitabları alsın. Bəzi mallara qoyulan rüsumlar başa düşüləndir. Məsələn, mebel və ya digər ərzaq mallarına rüsum qoyulması normaldır. Bunları Azərbaycanda da istehsal etmək mümkün olduğu üçün xaricdən gətirilən mallara dövlət rüsumu qoymaq olar. Amma kitablara dövlət rüsumunu artırmaq düzgün deyil".
Ekspert vurğulayıb ki, bu gün yerli kitab istehsalı mövcud olsa da, yerli kitablar xarici kitablarla rəqabət aparmır: "Xaricdən gələn kitablar başqa dildədir və onların Azərbaycan bazarında alternativi yoxdur. Nəzərə alsaq ki, azərbaycanlı gənclərin xarici dilləri yaxşı bilmələri mütləqdir, o zaman onlar xarici dil biliklərini artırmaq üçün xarici dildə olan elmi və ədəbi kitablar oxumalıdırlar. Amma Azərbaycan bazarında olan kitablar yalnız doğma dilimizdədir. Eyni zamanda, elmi kitabların Azərbaycan dilində azlığı da nəzərə alınmalıdır. Elə elmi kitablar var ki, Azərbaycanda heç yoxdur, olanlarda da məlumat azdır və elmi işlə məşğul olan insanları qane etmir. Mən özüm şəxsən hüquq sahəsi üzrə olan kitabları xaricdən alıram".
Əkrəm Həsənovun qənaətincə, bu sahədə gömrük rüsumunun artırılması belə, yerli istehsalçıya kömək etməyəcək: "Əksinə, gömrük haqlarının artırılması əhalinin maariflənməsində problem yaradacaq. Əsas məntiq dövlət büdcəsini doldurmaqdır. Amma bu, doğru yol deyil. Çünki yeni qanun artıq onlayn kitabların oxunuşunu artıracaq".
"Hədəf Nəşrləri" MMC-nin direktoru, yazar Müşfiq Xan isə o fikirdədir ki, yeni dəyişiklik yerli nəşrlərin istehlakına az da olsa, təkan verəcək: "Ümumiyyətlə, son 2 ildə kağızın bahalaşmasını nəzərə alsaq, Azərbaycanda nəşr olunan kitablar yetərincə uyğun qiymətə təklif olunur. Başqa vacib nüans isə kitabın keyfiyyətidir. Tələb olunmayan, heç kəsin yadına düşməyən müəlliflərin yeni-yeni kitablar yayımlaması olduqca gülüncdür. Bunun əvəzinə tələb olunan kitablar çap olunmalıdır. Bunu da naşirlər düşünməlidirlər. Hər hansı xaricdə çap olunan kitabı ana dilimizdə yayımlamaq üçün nəşriyyata 1-2 ay vaxt lazımdır. Amma dəfələrlə olub ki, oxucuların rəğbətini qazanacağına ümidləndiyimiz, çox oxunacağını proqnozlaşdırdığımız kitabların nəşrdən sonrakı aqibəti adətən bizi məyus edib".