Boşananlar üçün barışıq mexanizmi Hadisə

Boşananlar üçün barışıq mexanizmi

Boşanmaq istəyənləri məhkəmələrdə barışdırmaq üçün "Mediasiya haqqında" qanunun qəbul edilə bilər

Azərbaycan Milli Məclisində Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" silsiləsindən "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu" mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə dövlət qurumlarının, Bakı şəhər rayonları üzrə icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı milli mentalitetdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışıb.
Müasir ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsində görülən işlərdən söz açan A.Naxçıvanlı bildirib ki, ictimai dinləmədən məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmillləşdirməkdir.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, nikahdan öncə tərəflərin mütləq qaydada tibbi müayinədən keçməsi sayəsində son 3 ildə ölkədə talassemiya, hemofiliya kimi qan xəstəlikləri ilə dünyaya gələn uşaqların sayı 45 faiz azalıb.
O vurğulayıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilməsi nəzərdə tutulan "Reproduktiv sağlamlıq haqqında" qanun da ailə modelinin qorunmasında mühüm rol oynayacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışında boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.
Bu təşəbbüsü irəli sürən Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir:
"Əfsuslar olsun ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həllediləndir. Lakin barışdırma mexanizminin olmaması və tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da "Mediasiya haqqında" qanunun qəbul edilməsini zəruri edir".
Komitə sədri qeyd edib ki, mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur.
Hicran Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri, əsasən də alman təcrübəsini araşdırıb: "Hazırda Komitənin mərkəzlərində pilot layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif edilib. Düşünürük ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq".


Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə "Gənclər siyasəti haqqında" qanuna mühüm dəyişikliklər edildiyini bildirib.
Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir mübadiləsi aparılıb.
Deputat Tahir Rzayev ailənin qorunmasında mənəviyyatın mühüm rolu olduğunu qeyd edib. İcra hakimiyyəti strukturlarının və QHT-lərin nümayəndələri meditasiya haqqında qanun qəbul edilməsi vacibliyini vurğulayıblar.