Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Hadisə

Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsi ilə əlaqədar tədbirlər planı çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın olduqca əhəmiyyətli olduğunu vurğulayıb və bu istiqamətdə zəngin ədəbi xəzinəyə malik Əlyazmalar İnstitutunun daha məsuliyyətli bir öhdəçiliyə sahib olduğunu vurğulayıb. Sonra Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov "Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib. O, Cahangir Qəhrəmanovun bu yöndə fəaliyyətinin bugünkü gənc nəsimişünaslara doğru bir istiqamət olduğunu qeyd edib.
Tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun "Nəsimi əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları", filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətovanın "Salman Mümtaz Nəsimi tədqiqatçısı kimi" və Nəzrin Atabəylinin "Nəsimi əlyazmalarının Türkiyə nüsxələri" mövzularında məruzələri dinlənilib.