Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib Hadisə

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib

16 May

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid olan 58 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat 2019-cu il 14 iyun tarixinə qədər davam edəcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir. Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 14 iyun 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər. Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir: struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə; vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Şəki Apelyasiya Məhkəməsi (15 vəzifə) tərəfindən təqdim olunmuşdur. Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir: - Milli Televiziya və Radio Şurasında BA4 altqrupu üzrə 1 vəzifə - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (11 vəzifə) –AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5, BB4 altqrupu üzrə 2 vəzifə - İqtisadiyyat Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BB4 altqrupu üzrə 1 vəzifə - Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 15 vəzifə - Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə - Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 11 vəzifə - Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə - Balakən Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə - Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə - Ucar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə. Ümumilikdə, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25-i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.