Su ilə bağlı Azərbaycan əfsanələri Hadisə

Su ilə bağlı Azərbaycan əfsanələri

Su mifoloji düşüncənin əsas obrazlarından biridir. Mifoloji düşüncədə yaradılışda iştirak edən su stixiya (başlanğıc) sayılır. A.Babək yazır ki, “su stixiyası” ifadəsi dünyanın – kainatın ilkin yaradılışının əsasında duran “su ünsürü” mənasındadır. Su stixiyası Azərbaycan mifoloji, fəlsəfi düşüncəsində çox qədimlərdən bəri varlığın əsasını təşkil edən dörd ünsürdən biri hesab olunub. Ümumiyyətlə, dörd ünsür qədim Azərbaycan fəlsəfi düşüncəsi, dini-mifoloji görüşlərində çox məşhurdur və folklorda da geniş yayılıb. Məsələn, “Ab-atəş-xak-bad” məsələsinə aşıq poeziyasında çox rast gəlinir. Burada ab – su, atəş – od, xak – torpaq, bad – hava (külək) deməkdir.
Türk mifologiyasında suyun rolu ilə bağlı iki məlumat diqqəti cəlb edir. Bahəddin Ögel su ünsürü də daxil olmaqla dörd ünsürdən bəhs edir. O göstərir ki, İran və Ön Asiya mifologiyasında külək, atəş, su və torpaq insanın yaradılışında çox əhəmiyyətli rol oynayırdı. Altay və Sibir türk mifologiyasında isə bu dörd ünsürə çox rast gəlmirik. Bu, ilk dəfə uyğurların zamanında görünür.
F.Bayat isə su ünsürü də daxil olmaqla beş ünsürdən bəhs edir. O göstərir ki, haqlarında məlumatları yalnız müştərək mifoloji motivləri ehtiva edən Çin qaynaqlarından əldə etməyin mümkün olduğu bu beş ünsür bunlardır: torpaq, ağac, atəş, dəmir, su.
Bu məlumatları müqayisə edən A.Babək göstərir ki, dörd ünsürdəki üç element (ab/su, atəş/od və xak/torpaq) beş ünsürdə də var. Dörd ünsürdə fərqli ünsür bad/hava, beş ünsürdə isə ağac və dəmir ünsürləridir. Suyun hər iki sistemdə olması yenə də onun dünyanın yaradılmasının əsas ünsürlərindən biri olmasına dəlalət edir.
Su stixiyasının mifologiyadakı roluna münasibət C.Bəydilinin (Məmmədov) yaradıcılığında öz ifadəsini belə tapır: “Bütün etnik-mədəni sistemlərdə etnosların yaratdıqları kosmoqonik miflərdə ilkin başlanğıc kimi Xaos götürülmüşdür. Bir etnos üçün həmin başlanğıc boşluq olub, digər biri üçün qaranlıq zülmət, bir başqa ənənə üçün isə strukturyaradıcı başlanğıc sayılan su olub. Çünki xaosla ilkin su eyniləşdirilirdi. Mifoloji ənənələrdə biçimsiz su mühitindən – “dəryayi-mühit”dən yerin yaradılması dünyanın sahmana salınması yolunda ən mühüm akt kimi kosmoqonik miflərdə təsvirini tapır”.
Göründüyü kimi, “xaosla ilkin Suyun eyniləşdirilməsi” suyun hər bir mifoloji düşüncə sisteminin əsas ünsürü olduğunu göstərir. Bu halda belə hesab edə bilərik ki, su stixiyası mifoloji universumdur. O, mifoloji düşüncənin sistemləşdiyi dünya modelində hökmən var olan ünsürdür. Onsuz dünya modelinin məkan-zaman quruluşu təsəvvür olunmur. S.Averintsev göstərir ki, su dünyanın ən fundamental stixiyalarından biridir. O, ən müxtəlif mifologiyalarda ilk başlanğıc, bütün varlığın ilkin vəziyyəti, ilkin xaosun ekvivalentidir. Suya əksər mifologiyalarda dünyanın ilkin okeanın dibindən qaldırılmasını təsvir edən motivdə rast gəlinir. Su əjdahası həm demiurqların çarpışmasında yaradıcı tanrının tərəfdaşı kimi, həm də eyni zamanda dünyanın qurulmasının materialı kimi çıxış edir. Su bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir. Lakin mayalanma həm kişi, həm də qadın başlanğıclarını tələb edir. Buna görə də su mifologeminin iki aspekti vardır. Su qadın başlanğıcı rolunda ana ağuşu və bətninin, həmçinin mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir... Su qadın başlanğıcının digər təcəssümlərindən biri kimi Yer ilə eyniləşdirilə bilər... Göyün kişi başlanğıcı kimi yerlə, yaxud su ilə kəbin kəsdirməsi geniş yayılmış motivdir... Lakin su eyni zamanda yeri “doğmağa” məcbur edən mayalandırıcı kişi toxumudur.
S.Averintsevin bu söylədiklərində su stixiyası haqqında unuiversal cizgilər, yəni hər bir mifoloji ənənə, o cümlədən bizim folklorumuzda öz əksini tapmış mifoloji ənənə üçün səciyyəvi olan cəhətlər ifadə olunub. Beləliklə, alimin fikrindən aşağıdakı qənaətlər hasil olur:
1. Su – mifoloji dünya modelinin ən fundamental stixiyalarından biridir.
2. Su – mifologiyada ilk başlanğıc, bütün varlığın ilkin vəziyyəti, ilkin xaosun ekvivalentidir.
3. Su – mifologiyada dünyanın yaradılışını təsvir edən süjetin əsas elementidir.
4. Su – bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir.
5. Su – bəşəri mayalanmanın başlanğıcı kimi özündə həm kişi, həm də qadın başlanğıclarını birləşdirir.
6. Su – qadın başlanğıcı rolunda ana ağuşu və bətninin, həmçinin mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir və qadın başlanğıcının digər təcəssümlərindən biri kimi Yerlə eyniləşdirilə bilir.
7. Su – Yeri “doğmağa” məcbur edən mayalandırıcı kişi toxumudur.
Düşünürük ki, S.Averintsevin fikrindən hasil olan bu qənaətlər su haqqında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası ilə əlaqəsini açmaq, suyun həmin əfsanələrdəki obrazlaşma sistemini, motivlənmə sistemini, yaradılış mifindəki əsas rolunu görməyə imkan verir. Bu cəhətdən V.Toporovun su stixiyasının əsas obrazlarından olan dünya okeanı haqqında yazdıqları da səciyyəvidir. O göstərir ki, dünya okeanı mifopoetik ənənədə yerin, daha geniş halda bütün kosmosun əmələ gəldiyi ilkin sulardır. Bu okean stixiya və onunla doldurulan məkan, həmçinin okeanın təcəssümünün müxtəlif formalarında (ilahi personajlar, xaosla bağlı əjdahalar şəklində) mücərrəd mühakimə prinsipi kimi çıxış edir. Çox əski mifoloji konsepsiyalara görə, okean xaosun əsas təcəssümlərindən biri, hətta xaosun özüdür. Bir çox qədim kosmoqonik versiyalarda okean və xaos biri-birindən ayrılmaz, bir-birinə bərabərdir.
Buradan belə bir qənaətə gəlmək olur ki, su mifologiyada dünyanın əvvəlki halıdır. Odur ki, su ilə bağlı Azərbaycan əfsanələrini araşdırmaq dünyanın ilkin halı, kosmosdan öncəki xaos mərhələsi haqqında təsəvvürləri araşdırmaq, bir çox əsaslı nöqtədə bizim malik olduğumuz müasir şüur məntiqindən tamamilə fərqli olan məntiqlə üzləşmək deməkdir. Su haqqında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası ilə əlaqəsini göstərmək üçün su stixiyasının türk mifologiyasındakı obrazlarına toxunmağı gərəkli sayırıq.
Mirəli Seyidovun yaradıcılığında su stixiyası ilə bağlı iki obrazdan geniş şəkildə bəhs olunub: Yer-Sub və Öləng ilahəsi. Bundan başqa M.Seyidovun müxtəlif əsərlərində su stixiyası ilə bağlı qənaətləri öz əksini tapıb. O göstərir ki, Azərbaycan və bir çox türkdilli xalqların animist baxışlarına görə, dağlar, göllər, çaylar insan kimi sevib-sevilir, duyurlar, göllər, sular müqəddəsdirlər. Əski türkdilli insan göllərə də tapınırdı. Çay-su ilk başlanğıc, həyat verənlərin ilkinindən sayılıb.
Folklorda su kultundan bəhs edən R.Əlizadə də göstərir ki, suyun həyat, ölümsüzlük, gənclik bəxş etməsi ilə bağlı inamlar Azərbaycan miflərində, nağıl və dastanlarında rəngarəng şəkillərdə əksini tapmışdır. Azərbaycan türklərinin inamlarında suyun kultlaşması onun ata, əcdad olması, övlad verməsi, and yerinə çevrilməsi və digər faktlarda gerçəkləşib. Su kultu bir çox türk mənşəli xalqların folklorunda sakral dəyər qazanmış tapınaqdır. Suyun bərəkət və qüvvət qaynağı kimi, həm də hifzedici, yaxud cəza verən Tanrı timsalında türk mifoloji inamlarında mövcudluğu müəyyənləşib. Kosmosun yaradılmasında ilkin başlanğıc olan su insan nəslinin artımından sonra göl, çay, dəniz, bulaq və s. şəkillərdə inamlar sisteminə daxil olmuş və türk xalqlarının yaşadıqları məkanlarda həyatı, yaşamı şərtləndirən mühüm amil statusunu alıb. Türk xalqlarının təsəvvürlərində Su Tanrısı obrazının formalaşması isə suya tapınmanın izlərini geniş müstəviyə çıxarıb.
Düşünürük ki, buraya qədər toxunduğumuz fikirlər su haqqında Azərbaycan əfsanələrində öz izlərini saxlamış yaradılış mifində su stixiyasının yerini, rolunu, forma və şəkillərini müəyyənləşdirmək üçün kifayət qədər sanballı nəzəri bünövrə yaradır. Elə bu bünövrə əsasında sözügedən əfsanələr qrupunu təhlil etməyə çalışacağıq. “Göyəzəndə qızıl piyalə” adlı əfsanəyə nəzər salaq: “Kəsəmən xanın qızı Nabat oğlan kimi təlim alır, igidlərdən geri qalmır. Əmisi oğlu Halaya nişanlanır. Bir gün Halay ova gedir, qayıtmır. Nabat yaraqlanıb Halayı axtarmağa getmək istəyir, ancaq atasından həya edir. Qızıl piyaləsi vardı, dar ayaqda Nabatın harayına yetərdi. O, öz piyaləsini su ilə doldurur, suya yalvarır ki, sən aydınlıqsan, Halayın taleyini mənə aydın elə! Su ona deyir ki, sevgilisi Göyəzən dağında son nəfəsdədir. Birdən bir qızılquş şığıyıb içi su ilə dolu qızıl piyaləni dimdiyinə alıb göyə qaldırır. Quş göylə, Nabat yerlə Göyəzən dağına çatırlar… Qızılquş əvvəlcə bir çəmənliyə enir, oradan da bir daşın üstünə qonur. Nabat zirvədən baxanda görür ki, Halay bir az aşağıda al-qan içindədir. O, tez özünü Halaya yetirir, sağ qoluna sancılmış oxu çıxarır, üzünə qızıl piyalədəki suyu səpir, yaralı sinəsini və qolunu yaylığı ilə sarıyır. Halay gözlərini açanda bərk təəccüblənir ki, Nabat bu dağa necə gəlib çıxıb?! Halay başına gələn sərgüzəşti açıb söyləyir. Deyir ki, dağın o biri üzündən buraya yol var. Bir ceyranı mənə tərəf gələn gördüm, onu nişan aldım, yayı çəkməmiş qəfildən bir ox sinəmi yaralayıb sağ qoluma batdı. Sən demə, bu ceyranı başqa bir ovçu qovurmuş. Sonrasından xəbərim olmayıb. Nabat onu sevgilisinə qovuşduran qızılquşa minnətdarlıq etmək istəyir. Heç bir şeyə gücü çatmır. Qızıl piyaləni ona uzadır. Qızılquş piyaləni dimdiyində götürür və insan əli çatmayan bir qayaya qonur. İki aşiqi vüsala çatdıran qızıl piyaləni dağın ən uca zirvəsinə qoyur. Piyalə günəşin altında bərq vurub zülmətə düşmüş aşiqlərin yolunu işıqlandırır. Belə deyirlər ki, hələ də o qızıl piyalə Göyəzən dağının zirvəsindədir”.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru