İbrahim Məmmədov təyinatından danışdı Hadisə

İbrahim Məmmədov təyinatından danışdı

Bu gün baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm.
Report xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin yeni rəhbəri, əməkdar jurnalist İbrahim Məmmədov deyib.
"Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısına ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram! Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm", - deyə İ.Məmmədov bildirib.