“Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub” Hadisə

“Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub”

Alim Hüseynli: “Ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar”

"Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur”. Bunu hüquqşünas Alim Hüseynli bildirib. O deyib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib. Prezident İlham Əliyevin xeyir-duası ilə yaranan "ASAN" könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına stimul oldu: "Bir" Tələbə-Könüllü proqramı, "Aqrar İnkişaf Könüllüləri", prokurorluq orqanlarında "ictimai köməkçilər" kimi çoxlu sayda könüllü hərəkatlarının yaranması dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər. "Eurovision" mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə yeni qədəm qoyduğumuz ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzaladı". Onun bildirdiyinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.