Sara Aşurbəylinin xatirəsinə həsr olunan tədbir keçirilib Hadisə

Sara Aşurbəylinin xatirəsinə həsr olunan tədbir keçirilib

Yanvarın 27-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində tarixçi, Əməkdar elm xadimi, tarix elmləri doktoru Sara Aşurbəylinin xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə AMEA-nın əməkdaşları, tarixçilər, muzey işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı Sara Aşurbəyli ilə bağlı xatirələrini bölüşüb.
Sonra S.Aşurbəylinin varislərindən olan Ramiz Aşurlu onun apardığı elmi araşdırmalardan söz açıb və araşdırmaların əhəmiyyətini vurğulayıb. O da Sara xanımla bağlı xatirələrini bölüşüb.
Tarix elmləri doktoru, professor, numizmat-arxeoloq Əli Rəcəbli S.Aşurbəylinin yaradıcılığından söz açıb. Qeyd edib ki, o, "Bakının tarixinə dair oçerklər", "Bakı şəhərinin tarixi", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri", "Şirvanşahlar dövlətinin tarixi" və s. kitablarının müəllifidir.
Tədbirdə çıxış edənlər S.Aşurbəylinin təhsili haqqında məlumat verib. Bildirilib ki, o, həm də rəssam və musiqiçi olub. Qeyd olunub ki, S.Aşurbəyli müxtəlif vaxtlarda Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, AMEA-nın Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi kimi fəaliyyət göstərib.
Tədbirdə S.Aşurbəyliyə həsr olunan sənədli film nümayiş olunub.Həmçinin tarixçiyə məxsus şəxsi əşyalar sərgilənib.
Qeyd edək ki, Sara Aşurbəyli Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni ilə mükafatlandırılıb. Xəzər Universitetinin Fəxri Doktoru adını alıb.