80-ə yaxın müharibə əlilinə avtomobil verilib Hadisə

80-ə yaxın müharibə əlilinə avtomobil verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlayıb.
Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir və bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib.