11600 nəfərə iş yerinə dair elektron arayış verilib Hadisə

11600 nəfərə iş yerinə dair elektron arayış verilib

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə işçilərə indiyədək artıq 11610 iş yerinə dair elektron arayış verilib. Dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən ötən ilin 1 iyulundan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqi əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat bazasını formalaşdırıb. Bu məlumat bazası əsasında yaradılaraq istifadəyə verilən "İş yerinə dair arayış" elektron xidməti vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və vəsait (nəqliyyat xərci) sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yeri haqqında arayışın əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilməsi də mümkündür.
Elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Hazırda "İş yerinə dair arayış" e-xidməti vətəndaşların "Elektron hökumət" portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlər siyahısındadır. Ötən ilin dekabr və cari ilin yanvar ayı ərzində bu e-xidmətdən istifadə sayı ümumilikdə 28689 ədəd təşkil edib.