“Ermənipərəst dairələrin Birinci Avropa Olimpiya Oyunlarını boykot çağırışı baş tutmayacaq” Hadisə

“Ermənipərəst dairələrin Birinci Avropa Olimpiya Oyunlarını boykot çağırışı baş tutmayacaq”

Eldar İbrahimov: "Onlar hər zaman ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdiriblər"

"Amnesty İnternational" təşkilatının Birinci Avropa Olimpiya Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması ölkəmizə qarşı qərəzdən və ədalətsiz yanaşmadan başqa bir şey deyil.
Bunu Milli Məclisin (MM) deputatı Eldar İbrahimov dilə gətirib. Onun qeyd etdiyinə görə, bu təşkilat hər zaman Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyən beynəlxalq qeyri-hökumət təşkilatlarından biridir və bəlkə də birincisidir.
O, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu yana bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən, adıçəkilən qurum bir dəfə olsun belə ölkəmizlə bağlı ədalətli, ikili standartlardan uzaq bəyanat, hesabat yaymayıb və ya çağırış səsləndirməyib:
"Bu təşkilatlar sanki əvvəlcədən sözləşiblərmiş, eyni dirijor çubuğu ilə idarə olunurlarmış kimi hər zaman ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdiriblər. Elə məqam, an gözləyirlər ki, Azərbaycanla bağlı nifrətlərini, məkrli niyyətlərini ortaya qoysunlar.
Onlar əgər sözün həqiqi mənasında insan hüquqlarının müdafiəsi ilə məşğuldurlarsa, o zaman niyə Ermənistanın 27 ildən bəri davam edən təcavüzkarlıq, işğalçılıq siyasəti barədə bir kəlmə olsun danışmırlar, demirlər? Və yaxud, 27 ildən bu yana hüquqları kobudcasına tapdalanan 200 mindən artıq qaçqınımızın, 700 mindən artıq məcburi köçkünümüzün haqlarını müdafiə etmir, Ermənistana qarşı təzyiq, təsir metodlarının işə salınması, ona sanksiyalar tətbiq olunması çağırışında bulunmurlar?
Budurmu, onların hər gün bar-bar bağırdıqları insan haqlarının müdafiəsi? Budurmu, onların ədalətin keşiyində dayanması? Açıq-aşkar görünən odur ki, onların belə niyyətləri yoxdur, onlarlın niyyətləri tamam başqadır. Onlar erməni havadarlarının, erməni lobbi qruplarının təsiri və himayəsi altında "fəaliyyət" göstərirlər".
E.İbrahimovun bildirdiyinə görə, onlar ermənipərəstlikləri ilə çoxdan "tanınıb" və "məşhurlaşıb"lar.
"Əslində onlardan nəsə gözlənməyinə, haqq, ədalət nümunəsi sərgiləmələrini ummağına və ən əsası onların anti-Azərbaycan addımlarına, Azərbaycaan əleyhinə yönəlmiş çağırışlarına ciddi əhəmiyyət verməyinə dəyməz. Onların addımlarına, çağırışlarına cavab, reaksiya verdikcə özlərini "dəyərli" hesab edirlər, özlərini qaldırıb dağ başına qoyurlar.
Ona görə belələrinə o qədər də əhəmiyyət vermək lazım deyil. Ancaq onu deyə bilərəm ki, Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq təbdirlərə yüksək və etraf olunan səviyyədə ev sahibliyi edib. Nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və inşallah, bundan sonra da mane ola bilməyəcəklər.
Azərbaycan Birinci Avropa Olimpiya Oyunlarına da uğurla və yüksək səviyyədə evsahibliyi edəcək. Qoy hamı, eləcə də həmin anti-Azərbaycan, ermənipərəst təşkilatlar və dairələr də buna tam əmin olsunlar" - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.