Avropa Oyunlarına görə Polşa telekanalı ilə saziş imzalandı Hadisə

Avropa Oyunlarına görə Polşa telekanalı ilə saziş imzalandı

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün "Polsat" idman kanalı ilə saziş imzalayıb.
Sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan "Polsat" Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm Açılış və Bağlanış Mərasimləri həmçinin nümayiş etdiriləcək. Digər mühüm üstünlüklərlə yanaşı, "Polsat" UEFA Avropa Təsnifat Yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, Şosse velosiped üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək Avropa Voleybol Çempionatlarının və Kişi Avropa Həndbol Çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.
Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq də bu barədə danışıb: "Birinci Avropa Oyunlarının "Polsat" və "Polsat Sport" kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçi auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik."
Bu sazişin bağlanması ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin, və Ərəb ölkələri daxil olmaqla dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişilərin bağladığını elan etmiş oldu.
"Polsat" kanalının idman departamentinin rəhbəri Pyotr Paykel yayım hüququnu əldə etdikləri üçün fəxr etdiyini bildirib: "Avropa Oyunları beynəlxalq idman təqviminidə son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. "Polsat" vasitəsi ilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik."
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski kanalın yayım hüququ əldə etməsindən məmnunluq ifadə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və Polsat kanal vasitəsilə bu cür tədbiri yayımlanacağı xəbərini duymaq çox xoşdur."