“Azərbaycan özünəməxsus nümunə təqdim edir” Hadisə

“Azərbaycan özünəməxsus nümunə təqdim edir”

Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal:"Bu da onu dialoq üçün mühüm platformaya çevirir"

"Dünya dövlətlərində terror, zorakılıq və ekstremizm halları baş alıb getdiyi bir vaxtda Azərbaycanda mövcud olan, tərəfkeşliyin və ifratçılığın yayılması cəhdinin əsas maneəsi hesab olunan tolerantlıq və mötədillik ruhunu biz daim yüksək qiymətləndiririk".
APA-nın məlumatına görə, bu fikir Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlalın yazdığı "Misir-ərəblərin evi" adlı məqalədə əksini tapıb.
Yazısını bu ilin 28-29 mart tarixlərində Misirdə keçirilən 26-cı ərəb sammitinə həsr edən diplomat Azərbaycanla münasibətlərə də toxunub: "Azərbaycan müxtəlif dinlər və mədəniyyətlər arasında yanaşı yaşama timsalında özünəməxsus nümunə təqdim edir ki, bu da onu dialoq üçün mühüm platformaya çevirir. Azərbaycanın mədəniyyətlərarası dialoqu gücləndirən, sivilizasiyalar arasında əlaqələri inkişaf etdirən, bəşər mədəniyyətinin zənginləşdirilməsi üçün fikri, mədəni və əqidə müxtəlifliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dediklərimizi bir daha təsdiq edir".
H. Cəlalın sözlərinə görə, ərəb sammiti Ərəb Dövlətləri Liqasının yaranmasının 70 illik yubileyi ilə bir vaxta təsadüf edib: "Bu sammit gərgin ərəb münasibətlərinin, regional və beynəlxalq böhranın mövcud olduğu bir dövrdə keçirildi. Beləliklə, ərəb sammiti birgə hərəkət etmək üçün balanslı və etibarlı planların qəbul edilməsi , aktiv və konkret təsiri olan mexanizmlərin işlənib hazırlanması ilə ərəb millətinin milli təhlükəsizliyinin üzləşdiyi bir sıra çağırışlara cavab verməli idi. Misir ərəb millətinin mövcudluğunu və onun kimliyini təhdid edən, ərəb ictimaiyyətinin sosial-mədəni əsasını sarsıtmağa, vaxtı keçmiş və bir daha gerçəkləşməsi mümkün olmayan ekspansiya arzularının vəsvəsəsinə düşmüş xarici dairələrin dəstəyi ilə ərəb vətəndaşlar arasında din, məzhəb və irqi ayrı-seçkilik yaratmaqla bu ictimaiyyətin çoxsaylı əlaqələrini qırmağa çalışan təhlükələrin ağırlığını hiss edir. Misir yaxşı anlayır ki, bu təhlükələrin qarşısında süstlük və ya zəiflik həmin xarici dairələrə ərəb dövlətlərinin təməlini pozmağa imkan verəcək. Bununla da bu dövlətlər zəifliyin hökm sürəcəyi və dağılmaqlarını gözləyən parça-parça olmuş kiçik qurumlara çevriləcəklər".
Diplomat qeyd edib ki, Misir sammit ərəfəsində aşağıdakı başlıca çağırışlara cavab verməyin əhəmiyyətini vurğulayıb. Bunlar:
- Asayiş və təhlükəsizlik əməkdaşlarını qorxuya salmaqla, qətllər törətməklə, təxribatçılıqla və insan ləyaqətini alçaltmaqla bir sıra ərəb dövlətlərində terrorçu qrupların rolunun üstünlük təşkil etməsi və dövlət quruluşunu qoruyan hər hansı ictimai rejimi və ya siyasi hakimiyyəti devirmək cəhdlərinin artmasına, eləcə də həmin terrorçu qrupların ərəb ictimaiyyətinin əsil kimliyini kökündən yox etməyə və islam adından ekstremist quruluşlar üçün islami hakimiyyət nümunəsi yaratmağa səy göstərdiklərini iddia edən, islamın qadağan etdiyi əməlləri həyata keçirməklə İslam düşmənlərinin can atdıqları bütün hədəfləri həyata keçirən ekstremistlərə və terrorçu qruplaşmalara qarşı çağırışlara,
- Ərəb gənclərinin bəzilərini cəlb edərək, onların terrorçu qruplara qoşulmasına yol açan, xarici dairələrə ərəb dövlətlərinin təhlükəsizliyini və sabitliyini pozmağa yönələn hədəflərini reallaşdırmaq üçün onlardan istifadə etməsinə və onları yönləndirməsinə imkan yaradan ifratçı dini fikirlərlə mübarizə aparmaqda başlıca vasitə kimi dini müəssisələri islah etmək və inkişaf etdirməyə, Misir dini xütbələrin yoxlanılmasının, ifratçılığa, tərəfkeşliyə, başqasını inkara çağıran hər hansı fikrin təkzib edilməsinin və tolerantlığa, mötədilliyə və bütün dinlərin və mədəniyyətlərin bir arada yaşamasına çağıran islam dinin əsl simasının düzgün çatdırılmasının zəruriliyinə,
- Savadsızlığa, yoxsulluğa, işsizliyə son qoymağa gətirib çıxaracaq balanslı iqtisadi və sosial-ictimai siyasətlərin yerinə yetirilməsi, gənclər üçün yeni iş yerlərinin açılması və münasib həyat şəraitinin yaradılması ilə onların enerjisinin düzgün istifadə edilməsi və istiqamətləndirilməsi, onların ekstremizm və terror qüvvələrinin şikarına çevrilmələrinin qarşısını almağa,
- Ekstremist fikirlərini yaymaq, zorakılığa və nifrətə təhrik etmək məqsədilə terrorçu qrupların müasir texnikalardan, informasiya və rabitə texnologiyalarından istifadəyə can atmalarının qarşısını almağın vacibliyi, Misir rabitə və informasiya texnologiyalarından təhlükəsiz istifadə etmək prinsiplərini hazırlamaq, bu barədə mövcud beynəlxalq sazişləri fəallaşdırmaq üçün bütün səyləri səfərbər etməkdir.
H. Cəlal bildirib ki, Misir terrorla mübarizədə, xarici dairələrin dəstəyi ilə daxili bölünmələr və konfliktlərin şahidi olan bir sıra ərəb dövlətlərində təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsində dünya birliyinin cəhdlərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayır, belə münaqişələrin ədalətli həllinə, vahid vətən və sivil dövlətin aliliyinə, ərəb xalqlarının əmin-amanlıqda, sülh şəraitində yaşamaq hədəflərini və istəklərini həyata keçirmə haqqını təmin etməyə nail olmağın əhəmiyyətinə çağırır: "Misir ərəb millətinin başlıca problemi kimi Fələstin məsələsinin beynəlxalq qərarlar, ərəb sülh təşəbbüsü, İsrail işğalının və qanunsuz məskunlaşdırılmanın dayandırılması, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına əsaslanan ciddi və səmərəli danışıqlar yolu ilə həlll edilməsinin zəruriliyini vurğulayıb. Misir Yaxın Şərq regionunun nüvə silahından və kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyi barədə çağırışlarını bir daha təkrar edib. Misir 2015-ci il aprel-may ayları ərzində yayılmamaq müqaviləsinə yenidən baxılması üçün baş tutacaq konfransdan müsbət nəticələrin əldə edilməsi, xüsusilə 1995-ci il bu müqaviləyə yenidən baxılma konfransının qəbul etdiyi "Yaxın Şərqdə nüvə silahlarından və bütün kütləvi qırğın silahlarından xali regionun yaradılması haqqında" qərarın yerinə yetirilməsi üzərində işləməyin zəruriliyini qeyd edib. Sonuncu ərəb sammitinin ən mühüm nəticəsi bu oldu ki, ərəb dövlətləri təhlükələrin qarşısını almaq və milli təhlükəsizliklərini qorumaq üçün vahid ərəb qüvvələri yaradılmasına razılıq verdilər. Bu qüvvələr çevik hərbi müdaxilə və üzv dövlətlərdən hər hansı birinin təhlükəsizliyini və bütövlüyünü, milli suverenliyini təhdid edən, ərəb milli təhlükəsizliyinə birbaşa təhlükə yaradan çağırışlara qarşı, o cümlədən terrorçu təşkilatların təhdidlərinə qarşı durmaq üçün öhdəsinə düşəcək başqa vəzifələri maraqlı dövlətin tələbi ilə və hər hansı ərəb dövlətinin suverenliyini və müstəqilliyini azaltmadan, beynəlxalq hüquq prinsiplərinə tam ehtiram göstərməklə yerinə yetirəcək ki, bu da BMT-nin və Ərəb Dövlətləri Liqasının nizamnamələrinə uyğundur. Vahid ərəb qüvvələrinin yaradılmasının təfsilatları barədə indidən etibarən 4 ay müddətində razılıq əldə edilməsi gözlənilir. Bu qüvvələrdə iştirak məcburi deyil, könüllü olacaq. Şübhəsiz ki, bu sammit ərəb millətinin döyünən ürəyi kimi Misirin əsas rolunu həyata keçirməsinə qayıdışının əhəmiyyətini ortaya qoydu. Belə ki, Misir qədim tarixi boyu ərəb milləti üçün bir çıraq və sığınacaq olub. Misir bu həlledici anlarda ərəb millətinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün bütün lazımi dəstəyi göstərməyi əsirgəməyəcək. Beləliklə Misir ərəblərin evi olub və belə də olaraq qalacaq!"