Əfvə hazırlıq gedir Hadisə

Əfvə hazırlıq gedir

"İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupun növbəti iclasını müsbət qiymətləndirirəm. İclasda Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, məhbusların azadlığa buraxılma məsələsi müzakirə edildi. Məhbuslarla bağlı hazırladığımız siyahını iclasda təqdim etdik. Bu siyahıya Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında baxılacaq".
Bunu İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu deyib.
O bildirib ki, siyahının Komissiyaya mayın 10-na qədər təqdim olunması planlaşdırılır: "Mayın 10-da Heydər Əliyevin doğum günü ilə əlaqədar əfv gözlənilir. İşçi qrupu toplaşırsa, müzakirələr aparılırsa, deməli, əfvə hazırlıq gedir".
N.Cəfəroğlu iclasda bir sıra məsələlərin İşçi Qrupa həvalə edildiyini qeyd edib: "Azərbaycanda qəbul olunan qanunlarla da bağlı müzakirə aparıldı. Bu qanunların qəbulu zamanı işçi qrupu rəy verə bilər. Bununla yanaşı, bir çox məsələlər qrupa həvalə edilib".
Xatırladaq ki, Milli Məclisdə keçirilən İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun sonuncu iclasında qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.