“Qorqudşünaslıq-200” mövzusunda tədbir Hadisə

“Qorqudşünaslıq-200” mövzusunda tədbir

Tərlan

AMEA-nın Əlyazmalar İnstitutunda "Kitabi -Dədə Qorqud" abidəsinin aşkarlanmasının və ilk nəşrinin 200 illik yubileyinə həsr olunan "Qorqudşünaslıq-200" mövzusunda elmi sessiya keçirilib. AMEA-nın məlumatına əsasən, əvvəlcə iştirakçılar "Kitabi-Dədə Qorqud" dastanına dair kitab və rəsm sərgisi ilə tanış olublar. Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov "Kitabi-Dədə Qorqud"un bütün türk dünyasının ən möhtəşəm abidələrindən biri olduğunu qeyd edib. Əsərin Azərbaycanda - Əlyazmalar İnstitutunda tədqiqinin diqqətəlayiq bir tarixi var.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli "Epos mədəniyyəti və nəşr sənəti – "Kitabi –Dədə Qorqud" dastanında katib nizamlanmaları" mövzusunda məruzəsində abidənin bugünümüzə gəlib çatmasında onu yazıya köçürən katiblərin rolundan söz açıb.
P.Kərimov "Oğuznamələr" və Loğman "Oğuznamə"si mövzusunda məruzəsində "Kitabi-Dədə Qorqud"un öyrənilməsində oğuznamələrin böyük əhəmiyyətini qeyd edib, abidə ilə səsləşən, müxtəlif kitabxanalarda saxlanan oğuznamələri sadalayıb, hazırda onların üzərində gedən tədqiqat işləri barədə məlumat verib. Məruzəçi xüsusi olaraq azərbaycanlı müəlliflərin yazdığı Loğman oğuznaməsini araşdırdığını diqqətə çatdırıb.
Sonra "Erməni mifini dağıdan ana kitabımız", "Tanınmış qorqudşünas alim Ş.Cəmşidov", "Kitabi-Dədə Qorqud"un epik abidə kimi öyrənilməsinin tarixi məktəbləri" mövzularında məruzələr dinlənilib.