Azərbaycanda hansı telekanalın dili daha çox bəyənildi? Hadisə

Azərbaycanda hansı telekanalın dili daha çox bəyənildi?

Dilçilik İnstitutu yanvar-aprel aylarında telekanallarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında telekanallarda apardığı monitorinqin nəticələrini açıqlayıb.
"Trend"in məlumatına görə, institutun direktoru, akademik Tofiq Hacıyev monitorinqin nəticələri ilə əlaqədar keçirdikləri mətbuat konfransında bildirib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib. Radioların dilinin televiziyaların dilindən daha yaxsı olması qənaətində olan T.Hacıyev deyib ki, televiziyalarda yerli-yersiz alınma, başa düşülməyən sözlərdən istifadə edilir: "Bəzi sözlərin Azərbaycan dilində qarşılığı olsa da, daha çox alınma sözlərə üstünlük verilir. Məsələn, dilimizdə razılaşma sözü olsa da, konsersium sözü işlədilir".
T.Hacıyev apardıqları monitorinqlərin dilin inkişafına müsbət təsir göstərdiyini də söyləyib.
İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 səciyyəvi nümunə tədqiqata cəlb edilib: "Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41- i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20 % fonetik, 24 % leksik, 27 % üslubi, 22 % morfoloji və 7 % sintaktik norma pozuntusu məlum olub. Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən dil faktlarından 15 %-i İctimai TV-də, 14 %-i ATV-də, 15 %-i ANS TV-də, 18 %-i Xəzər TV-də, 17 %-i Space TV-də, 21 %-i isə Lider TV-də müşahidə edilib. Buna baxmayaraq dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb".
Ş.Məmmədli deyib ki, fonetik normanın tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də müşahidə edilib.
Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə bildirib ki, Azərbaycanda bu gün telekanallarda ciddi səhvlərə yol verilir, dublyajların keyfiyyəti aşağıdır.
Onun sözlərinə görə, bu gün telekanallarda dublyajlara peşəkar olmayan aktyorlar cəlb edilir, bəzən bir necə rol bir nəfər tərəfindən səsləndirilir: "Bu da nəticədə müəyyən səhvlərin yaranmasına gətirib çıxarır".
Q.Məhərrəmli telekanalların dublyaj sahəsinə maliyyə vəsaiti ayırmamasından da şikayətlənib: "Televiziyalar dublyaja pul qoymaq istəmir. Yekun nəticədə də belə vəziyyət yaranır".
Q.Məhərrəmli deyib ki, televiziyalarda monitorinqlər davam etdiriləcək. Növbəti monitorinqlər sentyabr ayınadək dövlət büdcəsindən maliyyələşən kanallarda - AzTV, "İdman", "Mədəniyyət"də aparılacaq: "Həmin kanallar dövlət büdcəsindən maliyyələşdiyi üçün onların monitorinqi ayrıca aparılacaq. Onlar digər kanallara nümunə olmalıdırlar. Ancaq onlarda da səhvlərə yol verilir".
Q.Məhərrəmli bildirib ki, adı sadalanan kanallarda bütün verilişlər monitorinqlərə cəlb oluna bilər.