Ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb Hadisə

Ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb

Kamran Əliyev: "Son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub"

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlərə dair mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Kamran Əliyev bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirir.
O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını, o cümlədən yeni qanunvericiliyin qəbul olunmasını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunan məlumat 9 aprel 2015-ci il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytında (www.ebrd.com ) yerləşdirilib.
K. Əliyev həmçinin bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirib.
Bundan başqa qeyd olunub ki, Azərbaycan Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) 4 dəyərləndirmə raundunu uğurla keçən ölkələrdən biridir. Hər bir dəyərləndirmə mərhələsində ölkəmiz üzrə uyğunluq hesabatları qəbul edilib.
İdarə rəisi Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adlarını da açıqlayıb.
Kamran Əliyev bildirib ki, Baş İdarə tərəfindən bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib.
Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.
Onun sözlərinə görə, Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub.
İdarə rəisi bildirib deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaranan gündən indiyədək 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib. Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub. Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bəzi faktlarla bağlı digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupu yaradıb.
O qeyd edib ki, Baş İdarəyə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları təşkil olunub. Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.
K. Əliyev bildirib ki, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub.
K. Əliyev deyib ki, yuxarıda sadalananlardan başqa, Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.