QHT-lərə Dövlət Dəstəyi Şurası TİKA ilə memorandum imzalayıb Hadisə

QHT-lərə Dövlət Dəstəyi Şurası TİKA ilə memorandum imzalayıb

Azay Quliyev: "Avropa dövlətləri o zaman Türkiyəni məğlub edə bilmədilərsə, 100 ildən sonra bir kağız parçası ilə bunu edə bilməzlər"

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi" (TİKA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Trend"in məlumatına görə, imzalanma mərasimini giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki, Şura ilə TİKA indiyə qədər yaxından əməkdaşlıq edib: "Biz qərara gəldik ki, bu memorandumu imzalamaqla əməkdaşlığımızı daha da dərinləşdirək".
O, həmçinin memorandumun imzalanma vaxtının təsadüfi olmadığını deyib: "Eyni zamanda, bu yaxınlarda böyük bir qələbənin, Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcəyik. Biz bu sənədi bu ərəfədə imzalamaq qərarına gəldik ki, bu qələbə başqa sahələrdə də qeyd olunsun. Bu gün hər iki qurum olaraq bəyan edirik ki, Azərbaycan və Türkiyənin maraqlarına uyğun fəaliyyətimizi davam etdrəcəyik".
A.Quliyev bildirib ki, çox təəssüflər olsun ki, bu gün Avropa Parlamenti və digər Avropa qurumları qondarma "erməni soyqırımı" haqqında bəyanat qəbul edirlər, Türkiyəni hansısa qondarma iddialarla günahlandırmağa çalışırlar: "Bu gün Avropa Parlamenti bu cür əsassız qətnamələr qəbul etməklə Çanaqqalada itirdiyi mövqeyinin heyfini bununla çıxmaq istəyir, qisas almaq istəyir. Ancaq əbəs yerədir, Avropa dövlətləri o zaman Türkiyəni məğlub edə bilmədilərsə, indi, 100 ildən sonra bir kağız parçası ilə bunu edə bilməzlər".
O, əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirmək üçün hər iki ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri bir araya gəlməlidir.
Şura sədri hesab edir ki, bu gün beynəlxalq aləmdə Türkiyə ilə Azərbaycana qarşı aparılan kampaniya, ikili standartlarla mübarizə aparmaq üçün vətəndaş cəmiyyəti və QHT-lərin də üzərinə böyük bir yük düşür: "Düşünürəm ki, TİKA ilə Şura da bu istiqamətdə sıx əməkdaşlıq edəcək və ona görə də bu gün imzaladığımız memorandumu çox vacib hesab edirəm. Bu, hər iki xalqın, hər iki dövlətin milli maraqlarını əks etdirən bir sənəd olacaq".
TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad da Çanaqqala qələbəsindən söz açaraq qeyd edib ki, bu, təkcə Türkiyənin deyil, eyni zamanda, Azərbaycanın da qələbəsi idi, çünki orada 3 minə qədər azərbaycanlı döyüşürdü: "Bu hər şeydən əvvəl qardaş Azərbaycanın Türkiyəyə böyük mənəvi dəstəyi idi".
O deyib ki, hər iki ölkənin QHT-ləri bir araya gələrək dünyada Türkiyə və Azərbaycana qarşı yönələn kampaniyaları ifşa etməli, dünya ictimaiyyətinə reallıqları çatdırmalıdır. M.H.Polad bu baxımdan xalq diplomatiyasının da rolunun vacibliyini vurğulayıb.
O, qeyd edib ki, bu gün imzalanan memorandum bu istiqamətdə daha sıx əməkdaşlıq etməyə imkan verəcək.
Daha sonra tərəflər memorandumu imzalayıblar.
Qeyd edək ki, memorandum hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur.