“Olaylar”ın fəaliyyətə başlamasından 24 il keçir... Hadisə

“Olaylar”ın fəaliyyətə başlamasından 24 il keçir...

Elman Cəfərli: "Olaylar" qəzeti sanki dünya azərbaycanlılarının, türklərinin haqq bağıran səsi kimi doğuldu"

Alim Hüseynli: "Olaylar" həm də bir praktik jurnalistika məktəbi kimi özünü doğruldub"

Süleyman İsmayılbəyli: "Olaylar"da bu qədər uzunmüddətli işləyə biləcəyimi özüm də təxmin edə bilmirdim"

Mənsur Rəğbətoğlu: "Olaylar" böyük bir jurnalistika məktəbinin adıdır"

Bu gün "Olaylar" qəzetinin fəaliyyətə başlamasının 20-ci ildönümüdür. "Olaylar" bu müddət ərzində uzun inkişaf yolu keçib. Qəzet həmişə Azərbaycan mətbuatında özünəməxsusluğu ilə seçilib, ictimai təsir baxımından önəmli yer tutub. Biz də qəzetin kollektivini təbrik etməklə yanaşı yubiley münasibətilə onların fikirlərini öyrəndik.
Baş redaktorun müavini Elman Cəfərli dedi ki, "Olaylar" qəzetinin ilk nömrəsi 1995-ci ilin aprelin 24-də işıq üzü görüb: "Bir igidin ömrü olan 20 ili "Olaylar" elə igid kimi yaşadı. Şər-böhtanla üz-üzə qaldı, məhkəmələrə çəkildi, ancaq doğru bildiyi yoldan çəkilmədi. Düzlüyü, çevikliyi və obyektivliyi başlıca prinsip kimi qəbul edən "Olaylar" ailəsi daim bu meyarlara sadiq qaldı. Qəzetin yaranması da maraqlı tarixə təsadüf edir. Bildiyimiz kimi aprelin 24-ü hər il qondarma erməni soyqırımının ildönümü kimi qeyd olunur. Bu tarixdən çap olunmağa başlayan "Olaylar" qəzeti sanki dünya azərbaycanlılarının, türklərinin haqq bağıran səsi kimi doğuldu".

"Xaricdə yaşayan soydaşlarımızın tribunası olduq"

Elman Cəfərli bildirdi ki, "Olaylar" qəzeti dünya ölkələrində yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının tribunasına çevrildi: "Əsas işimiz xəbər yaymaq olsa da, milliliyi, azərbaycançılığı da başlıca prinsip olaraq qəbul etdik. "Olaylar" qəzeti Güney Azərbaycan, Kərkük, Dərbənd, Borçalı türklərinin haqqlarının müdafiəsində böyük rol oynayıb. Qəzetin özəlliklə Güney türklərinin milli şüurunun oyanmasında, Güney Azərbaycan türklərinin milli haqqlar uğrunda davasının dünyaya tanıdılmasında böyük xidmətləri var.
"Olaylar" qəzeti və "Olaylar" informasiya agentliyinin Azərbaycan mətbuatının inkişafında özünəməxsus rolu var. Fəaliyyətində daim peşəkarlığı, obyektivliyi, qərəzsizliyi başlıca meyar olaraq götürən "Olaylar" qəzeti bu illər ərzində bir məktəb kimi formalaşdı. Bu gün Azərbaycan mətbuatında "Olaylar" qəzetində yetişmiş onlarla imza sahibi var. Azər Həsrət, Müşfiq Ələsgərli, Arzu Şirinova, Xaqani Səfəroğlu, Mübariz Aşırlı, Ləman Əliəşrəfqızı, Ülviyyə Telmanqızı, Emil Hüseynli, Səbuhi Səfiyarlı, Rüfət Abbasov, Səlim Balayev və digər ünlü qələm sahibləri bir zamanlar "Olaylar" qəzetində çalışıblar.
"Olaylar" qəzetinin milli dəyərləri uca tutan, mehriban bir kollektivi var. Qəzetin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz redaksiyada tam yaradıcı bir atmosfer, demokratik bir ortam yaratmağa nail olub. Qəzetdə Fatma Abbasquliyeva, Hafiz Mirzə, Alim Hüseynli, Süleyman İsmayılbəyli kimi peşəkar, təcrübəli, Mənsur Rəğbətoğlu, Yegzar Cəfərli kimi gənc, istedadlı yazarlar fəaliyyət göstərir. Qəzetin texniki heyəti hər nömrənin dil, üslub və texniki baxımdan təmiz, yüksək səviyyədə çıxmasına çalışır. Korrektorumuz təcrübəli Nərminə Dadaşova bu işdə gənc Ülkər Mustafayeva, Qurban Qafarlıya və Fidan Bayramovaya nümunədir.
2009-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının yaranması "Olaylar" qəzetinin fəalliyyətində növbəti mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun olaraq KİV DF-nin ayırdığı maliyyə yardımı qəzetin redaksiyasının maddi texniki bazasının və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına səbəb oldu". O. Həmçinin "Olaylar" ailəsi olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mətbuata dəstəyini hər zaman hiss etmişik",-deyə vurğulayıb: " 2013-cü ildə dövlət başçısının göstərişi ilə mətbuat nümayəndələri üçün tikilmiş evdən redaksiyamızın 3 əməkdaşına mənzil verildi. Buna görə cənab prezidentə minnətdarıq. "Olaylar" qəzeti nə qədər var, azad sözə, Azərbaycana, türk dünyasına xidmət etməkdə davam edəcək".

"Bir jurnalist kimi "Olaylar"da əmək fəaliyyətinə başladım"

Qəzetin əməksdaşı Alim Hüseynli bildirdi ki, müasir çap və internet resurslarının bolluğu şəraitndə "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyi özünün xüsusi yeri və dəst-xətti olan mətbuat orqanı kimi fərqlənir: "Qətiyyətlə demək olar ki, bu mətbuat orqanı fəaliyyəti dövründə cəmiyyətdə söz və fikir azadlığının gerçəkləşməsində xüsusi rol oynayıb. Faktdır ki, sözügedən media orqanı Azərbaycan mətbuatının bir nümunəsi kimi dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə fəaliyyət göstəririr. Eyni zamanda, səhifələrində Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam etirir. Fəxarətlə deyə bilərəm ki, "Olaylar"ın bu müqəddəs işində bir jurnalist, bir qələm əhli kimi mənim də üzərimə müqəddəs, eyni zamanda məsuliyyətli bir vəzifə düşür. Mən bir jurnalist kimi "Olaylar"da əmək fəaliyyətinə başladım, əsil jurnalistikanın sirlərinə burada yiyələndim. On ildən artıqdır ki, bu mətbuat orqanında çalışıram. Bu müddət ərzində kollektivin daim sağlam və səmimi şəraitdə çalışdığının şahidi oldum. "Olaylar" həm də bir praktik jurnalistika məktəbi kimi özünü doğruldub. Hazırda ölkə mətbuatının bir çoxunda "Olaylar"ın yetirmələri fəaliyyət göstərir. Sirr deyil ki, son illər internet medianın geniş vüsət alması nəticəsində qəzetlərə oxucu tələbatı da azalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq "Olaylar" stabil oxucusu olan qəzetlərin sırasındadır, oxucuları ilə müntəzəm təmasdadır. "Olaylar" daim dövlətçilik ənənələrini müdafiə edib, dövlətin maraqlarını hər şeydən üstün tutub. Bu işdə "Oalylar" qəzetinin rəhbərliyinə və yaradıcı kollektivinə uğurlar diləyirəm".

"Səmimiyyət, mehribançılıq məhz "Olaylar"da mövcuddur"

Qəzetin əməkdaşı Süleyman İsmayılbəyli "18 illik jurnalist fəaliyyətimin 13-cü ilidir ki, "Olaylar"da çalışıram,-deyə vurğuladı: "Olaylar"a gələnə qədər müxtəlif mətbu orqanlarda çalışsam da, lakin az-çox jurnalist kimi formalaşmağımda "Olaylar"ın böyük rolu olub. Açığı "Olaylar"da bu qədər uzunmüddətli işləyə biləcəyimi özüm də təxmin edə bilmirdim. Hətta çalışdığım ilk aylarda hansısa kiçicik bir qüsur səbəbindən işdən azad edilə biləcəyimi düşünürdüm. Onu da etiraf edim ki, 13 il ərzində jurnalist, işçi kimi müəyyən xətalarım da olub. Lakin redaksiya rəhbərliyinin öz böyüklüyünü göstərərək həmin xətaların üstündən keçməsi, çalışdığım yerdə olan səmimi, mehriban münasibət mənə "Olaylar"la birlikdə 13 illik bir yol keçməyi nəsib edib. Məhz "Olaylar"ın əməkdaşı olmaq mənə ümummilli lider Heydər Əliyev və cənab prezident İlham Əliyevlə birgə bir sıra səfərlərdə iştirak etmək şansı qazandırdı. "Olaylar"ın əməkdaşı kimi xarici ölkələrə səfərlərim reallaşdı. Nəhayət, "Olaylar"ın əməkdaşı olmaq başda cənab Prezident İlham Əliyev və redaksiya rəhbərliyi olmaqla mənə uzun illərin arzusu ilə yaşadığım mənzili nəsib etdi. Tam əminliklə deyə bilərəm ki, əskər media qurumlarında olmayan səmimiyyət, mehribançılıq məhz "Olaylar"da mövcuddur".

"Olaylar" arzularımı gerçəkləşdirdi"

"Olaylar"ın əməkdaşı Mənsur Rəğbətoğlu "Olaylar"da iməklədim və burada yeriməyə başladım, - deyə bildirdi: "Burada da qocalıb əldən düşməyə, indi arxasında əyləşdiyim masaya başımı qoymağa hazıram. Ola bilsin ki, hələ də yaxşı jurnalist deyiləm, lakin bunun səbəbini "Olaylar"da axtarmıram. "Olaylar" irəliləməyim üçün qarşımda geniş yol açıb. Nəzərə alsaq ki, bu gün Azərbaycan mətbuatının gündəmini formalaşdıran mətbu orqanların müəyyən qisminin rəhbərləri və əməkdaşları buranın yetirmələridir, demək "Olaylar" böyük bir jurnalistika məktəbinin adıdır. Həm də ən çətin dönəmlərdə belə yoluna davam etməyi bacaran qəhrəmanın... Mənim bura gəlməyim çox maraqlı idi. Hərbi xidmətimi başa vurduqdan sonra mətbuatdakı işimi davam etdirmək qərarını verdim. Tələbə olan vaxtlarda "Ədalət" və "Gün" qəzetlərində yazılarım dərc olunmuşdu". O, bildirib ki, jurnalist olmaq üçün özündə nəsənin olduğuna inanıb: "Həmin nəsə əllərimdən tutub məni rayondan Bakıya gətirdi. Təbii ki, iş tapmaq çətin, ciblərimin astarı da ki dəlik. Ciblərimin dəliyini qapamaq üçün restoranlardan birində ofisiant kimi işləməyə başladım. Əlimdə çəngəl-qaşıq, ürəyim isə redakasiylarda idi. Tənbəllik eləmədim. Hər gün işə gedəndə kirayə qaldığım evin yaxınlığındakı köşkdən həftə içi hər gün çıxan qəzetləri almağa başladım. Yığdım bir yerə. Məqsədim redaksiyaların nörmələrini götürüb zəng etmək idi. Belə də etdim. Restoranın administratoruna dedim ki, bəs məni CV göndərdiyim qəzet işə çağırır, üzürlü hesab edin işdən çıxıram. Təbii ki, mən yalan danışırdım, ortada nə fal vardı, nə yumurta. Əgər edəcəyim zəngələrin hamısı məni geri çevirsəydilər, həm Əli aşından, həm də Vəli aşından olacaqdım. Lakin içimdəki kiçik ümid işartısı məni bu yalanımın kəffarəsi olacağına inandırdı. Nə isə, işdən çıxıb evə getdim, 10-a yaxın zəng etdiyim redaksiya tutuquşu kimi eyni sözü təkrarlayırdı: "Yox". Adamlar haqlıydılar. Tanınmırdım, bəlkə də onlar üçün "telefon manyakı" idim və buna görə ciddiyə almadılar. "Olaylar"a zəng etdim. Yunus bəy cavab verdi. Dərdimi dedim, "gəl" dedi, getdim. Bura gələndə Allahın "fləşka"sı da yox idi. Dəftər vərəqinə yazdığım iki xəbərlə gəlmişdim. Yunus bəy yazdığım kiçik informasiyaları oxudu. Məni müavini xanım Fatma Abbasquliyeva və redaktor Elman Cəfərliyə tapşırdı. Bir ay mənlə məşğul oldular. Verilən tapşırıqları maksimum mükəmməl yerinə yetirməyə çalışırdım. Nəzərə alsaq ki, o ana qədər hələ də, tələbə qələmini yerə atmamışdım, demək ki, mükəmməllikdən söhbət belə gedə bilməzdi. Hər halda məni buranın əməkdaşı etdilər. "Olaylar" arzularımı gerçəkləşdirdi. Bundan sonra həm rəhbərlik, həm də iş yoldaşlarım – Alim Hüseynli, Samir Güləliyev, Ədil Ədilzadə və Süleyman İsmayılbəyli püxtələşməyim üçün lazım olan köməkliyi etdilər. Ümid edirəm ki, bu gün o günkü "əlində tələbə qələmi olan jurnalist" deyiləm. Əgər, bu gün peşəkarlığa doğru inkişaf edirəmsə, bunu məhz redaksiya qapılarından qovulduğum vaxt, əllərimdən tutub yanına çəkən "Olaylar"a borcluyam. 20-ci baharın mübarək".

Əli