Bir nağıldı ömür yolu... Mədəniyyət

Bir nağıldı ömür yolu...

II yazı

Həbs olunmasının səbəbini Əhməd müəllim özü belə göstərir: "Həbs olunmağım üst-üstə düşən üç hadisə ilə bağlıdır. Birincisi, 37-ci ildən üzü bu yana o dövrün bütün faciələri gözümün qabağında baş verirdi. Adamların arasında gizli narazılıqlar dolaşır, təbii ki, heç kəs sözünü ucadan deyə bilmirdi. Ümumi narazılığı əks etdirən bir neçə şeir yazdım. Şeirlərdə konkret olaraq Stalinin adı çəkilməsə də, fəhmli insanlar söhbətin kimdən getdiyini o saat başa düşürdi. İosif adını dəyişdirib Yusif eləmişdim. Fikrini öyrənmək məqsədilə həmin şeirləri məşhur bir yazıçının yanına arardım… Həmin adam şeirləri oxuyandan sonra götürüb verir lazımi yerə ki, bəs bunu filankəs yazıb… İkincisi, müəllim işlədiyim kəndin kənd sovetinin sədri hər il xeyli artıq torpaq sahəsi əkdirirdi. Onun rüşvətxorluğundan, zülmündən cana doyan bir neçə həmkəndlim yuxarılara şikayət məktubu göndərmişdi. Zərfin də üstünü rus dilində mən yazmışdım. Bu məsələ ilə bağlı kolxoza komissiya gələcəyini əvvəlcədən biləndə, "kolxoz aktivləri" yüz hektara yaxın zəmini təcili şumlatmışdılar. Gələn komissiya sədrin tərəfini saxlamışdı. Torpağın altından çıxarılıb sübut kimi göstərilən sünbüllərə "otdur" deyib, bu işi böhtan kimi qələmə verdilər... Elə oradaca "böhtançıları" cəzalandırıb "Qazaxıstana" sürgün etməyi qərara aldılar… Yuxarıdakı məsələyə bir də kəndin komsomol təşkilatı katibi kimi rayon komsomol komitəsinin plenumundakı çıxışımda Uduluda sosial vəziyyətin son dərəcə ağır olduğunu dediyimə görə məni Bakıdakı evimizdə həbs etdilər. Bu işlərin hamısı demək olar ki, eyni vaxtda baş vermişdi və mənim taleyimi həll etmək üçün bir-birini tamamlayırdı. Məhkəməsiz, tribunalsız həbsdən sonra 5 il seçki hüququndan məhrum edilməklə ömürlük Azərbaycana qayıtmamaq şərtilə mənə yeddi il iş kəsdilər".
Beləliklə, o, Sovet hökuməti, Stalin quruluşu haqqında tənqidi şeirlər yazdığına – "antisovet təbliğatına" görə 10 il azadlıqdan məhrum edilir…
Əhməd müəllim ilk əvvəl Qorki vilayətinin ən bataqlıq ərazisi hesab edilən, "qurşağa qədər bataqlıq olan "Suxobezvodnaya" qəsəbəsinə göndərilib. Bir müddət sonra isə Tayşet vilayətinə, daha sonra Koma-Maqadana ararılıb. Burada olan sərt iqlim, ağır iş şəraiti, dəhşətli vəziyyət 24 yaşlı Əhmədi əldən salır, zəiflədir, xəstələndirir. Bir az sonra özünün dediyinə görə, işlər yaxşı olur. Nəzarətçilər onun teatr texnikumunu bitirdiyini, "artist olduğunu" biləndən sonra düşərgədə bədii-özfəaliyyət dərnəyi təşkilini ona həvalə edirlər. O gündən Əhməd müəllim düşərgədə saxlanılır, ağır işlərə ararılmır. Hətta bu "gözdən-könüldən uzaq" yerdə anasından öyrəndiyi türkəçarələr də köməyinə çatır. Bitki-ağaclardan düzəltdiyi məlhəmlərlə xəstə yoldaşlarına kömək etdiyi üçün onu düşərgəyə "feldşer" də təyin edirlər. Təşkil etdiyi ansamblla bayram günlərində konsertlər verir, tamaşalar göstərir. Odur ki, hər kəs cavan Əhmədə hörmət bəsləyir. Həmin illəri ürək ağrısı ilə xatırlayan Əhməd müəllim ömrünün sonuna kimi dustaq yoldaşları barədə danışmaqdan yorulmazdı. Deyərdi ki, o illər mənim üçün ən böyük məktəb oldu: mərdlik, kişilik, düzlük, paklıq, dostluq, haqqı-nahaqdan seçmək, hər şeydən əvvəl sözünün ağası olmaq məktəbi. Əhməd müəllim o məktəbin üzvlərinin çoxusu ilə, milliyətindən asılı olmayaraq son illərə qədər (sağ qalanlarla) məktublaşardı, hətta bir çoxlarının övladları ilə də görüşərdi – qonağı olardı və ya qonaq çağırardı. Həmin insanların hamısının adı, soyadı, yeri-yurdu ilə birlikdə bu gün də Əhməd müəllimin şəxsi arxivində hifz olunur: Ənvər Vəliyev (Qubadlı), Məşədi Muradov (Saatlı), Lazım, İbrahim və Xeybulla (Dağıstan), Semeçenko K. (Kiyev), Pennon A. (Gəncə), Kaxbaqorov (Lvov), Zeyni A. (Ağcabədi); cəmi 30 nəfər.
1954-cü ildən ölkədə siyasi iqlim yavaş-yavaş yumşalmağa başladı. Bir çox günahsız, böhtan ucbatından həbs olunan insanlar azad olunmağa və ya həbs müddəti azaldılmağa başladı. Əhməd müəllim dörd il səkkiz ay Şimalda saxlandıqdan sonra (M.C.Bağırovun məhkəməsindən sonra) azad olur, ancaq 1991-ci ildə tam bəraət alır. 1956-cı ilin yayında Tava kəndinin sakini Zabitə xanımla ailə qurur. Onların Mahmud, Aydın və Elçin adında üç övladı olur. Onlar atalarının şərəfli yolunu davam etdirirlər. Əhməd yenidən kənd məktəbinə rus dili müəllimi təyin edilir. Belə qərara gəldi ki, necə olursa-olsun, yarımçıq qalmış ali təhsilini başa vursun. Nəhayət, arzusuna çatır.
Daha çox elmi yaradıcılıqla məşğul olmağa, pedaqoyi sahədə təcrübəsini artırmağa başladı. Əhməd müəllimin məktəbdə təşkil etdiyi sinifdənxaric işlərlə - şair, alimlərlə, əmək bahadırları, aşıqlar, sinədəftər insanlarla görüşlərin təşkil etməsi ilə rayon məktəbləri arasında seçilməyə, hətta respublikada tanınmağa başlamışdı. Mütəxəsislər, pedaqoyi sahənin kamil biliciləri, məşhur pedaqoqlar, müəllimlər Əhməd müəllimin məktəbinə təcrübə əldə etməyə gəldilər. Kənd müəlliminin belə bir təcrübəsi barədə məlumat keçmiş sovetlər ölkəsinin mətbuat orqanlarında da işıqlandırılmağa başlandı. Odur ki, Əhməd müəllim İttifaqda – Moskva, Leninqrad, Aşqabad, Kiyev, Daşkənddə, Alma-Atada, Gürcüstanda keçirilən elmi-rraktik konfrans, simpoziumlara dəvət olundu. Onun dəyərli çıxışları, məruzələri mərkəzi mətbuat orqanları ilə bütün İttifaqda yayıldı. Təcrübəsi yayılmağa başladı. Əhməd müəllimin şəxsi arxivində hifz olunan pedaqoji mühitlə bağlı məqalələrinin sayı 200-ə yaxındır. 1967-ci ildə Moskva Dövlət Univeristetində Əhməd müəllimin elmi-pedaqoyi fəaliyyətinə həsr edilmiş sərgi təşkil edilir. Həmin sərgidə müəllimin 28 elmi əsəri, 200-dən çox məqaləsi nümayiş etdirilir… Sərgiyə heyranlıqla tamaşa edən qazax alimi D.Tursunov demişdi: "Bu müəllim, elm fədaisidir, yaradıcı insandır".
Nəhayət, Əhməd müəllim pedaqoji sahədə olan təcrübəsini ümumiləşdirib maraqlı bir dissertasiya ərsəyə gətirdi. Yuxusuz gecələrin, elmi axtarışların bəhrəsi olan namizədlik dissertasiyasını 1968-ci ildə - 39 yaşında uğurla müdafiə edib pedaqoji elmləri namizədi alimlik dərəcəsi aldı. Alimin dissertasiyası ilə tanış olan görkəmli alimlərdən – P.İ.Xerakov, M.Mehdizadə, A.Yuravlyova, Ü.Reçitskaya, N.Kuitski, K.Mukanov və b. həmin əsərə yüksək qiymət veriblər. Qazaxstan, Özbəkistan, Türkmənistan, Başqırdıstan və s. bir çox "Elmi-tədqiqat Pedaqoyi İnstitutları həmin əsəri geniş şəkildə müzakirə etmiş, alimin ayrı-ayrı iş təcrübəsi haqqında, elmi fəaliyyəti barədə 20-yə qədər məqalə yazılıb.
İmran Məmmədov və Qiriqori Qomelskinin vəsaitində yazılıb: "Ə.Cəfərzadə sadə bir kənd müəllimi olub. O, Tava kəndinə heç kəsin ağlına gəlməyən möhtəşəm bir muzey yaradıb".
S.Marşak yazırdı: "Əhməd müəllim, sizə keçdiyiniz dərslərdə uğurlar arzulayıram və tutduğunuz yolda müvəffəqiyyətlər diləyirəm"… S.Mixalkovun isə bir məktubunda oxuyuruq: "Çalışqanlığınız sübut edir ki, siz sülh carçısısınız. "Heç vaxt ruhdan düşməyin. Ruh düşkünlüyü uğur gətirməz", – fikri isə S.Saratkovun məktubundan sətirlərdir. Dağıstan şairi R.Həmzətov öz məktubunda belə yazırdı: "Xalqlar arasında yaradılan dostluq bütün dünyaya sülh yaymaqdır".
Daha kimlərin böyük sevgi, məhəbbət hissi, xüsusi şövqlə dediyi fikirləri özündə yaşadan məktubları yoxdu Əhməd müəllimin şəxsi arxivində? Pedaqoqlar, şair və yazıçılar – A.Barto, M.Şoloxov, D.İxrami, N.Tixonov, B.Kerbabayev, A.Tvardovski, M.Tursunzadə, M.Mirşəkər, A.Vensilova, Q.Qulam, M.Kərim, A.Yakobson və başqa məşhurlar Əhməd Cəfərzadənin ünvanına və onun şagirdlərinə onlarla məktublar göndəriblər…
Ümumiyyətlə, bu ünvana 82 yazıçının, 172 artist, rəssam və bəstəkarın göndərdiyi məktubları onillərdir məktəbin ən dəyərli, yadigar eksronatı olaraq keçmiş illərdən soraq verir günümüzə. Haşiyə: Əhməd Cəfərzadə 1948-ci ildən təqaüdə çıxana kimi - əlli ildən artıq müəllimlik peşəsini şərəflə yerinə yetirmiş, 30 il Tağılı kənd məktəbinin direktoru vəzifəsində işləyib… Ötən əsrin 70-ci illərində, ilk dəfə əlinə yurnal alıb sinfə girdiyi Tağılı kənd məktəbi binasının vəziyyəti acınacaqlı idi. Nəyə görəsə, rayon rəhbərliyi, təhsil şöbəsi yeni məktəb binası tikilməsini ləngidirdilər. Kəndini, elini-obasını dərin məhəbbətlə sevən Əhməd müəllim bu məsələ barədə bacısı, professor Əzizə xanıma məlumat verir. Əhmədin xarakterinə, xasiyyətinə bələd olan Əzizə xanım onun təlaşını görüb təsəlli verərək deyir:
- Qardaş, heç narahat olma. Məktəbi mən tikdirəcəm. Bu yaxınlarda "Gənclik" nəşriyyatı mənim "Aləmdə səsim var mənim" romanımı 20.000 tirayla çar edəcək. Oradan mənə çatacaq qonorara yaxşı bir məktəb tikdirmək olar. Həmin qonorarı anamın uyuduğu bu torpağın balalarına – şagirdlərə halallıqla bağışlayacam.
Bu sözlərlə elə bil Əzizə xanım qardaşına dünyanı bağışladı… Əhməd müəllim yaxşı bilirdi ki, Əzizə xanım bir işdən ötrü söz verməsin, söz versə, qurtardı. 1979-cu tədris ilinə Əzizə xanımın qonorarına Tağlıda məktəb və bir klub hazır oldu. Məktəb binasının təntənəli açılışı oldu. 1999-cu ildə məktəbin 20 illiyi qeyd olundu. Sonra da Əzizə xanım bir az sevincək, bir az da kövrək səslə dilləndi:
- Nə yaxşı ki, Əhməd məni bu işə sövq etdi… Nə yaxşı ki, bu abidəni elimə-obama bağışladım… Nə yaxşı ki, uşaqlıq illərimin ayaq izləri dəymiş, anamın uyuduğu, ruhunun dolaşdığı bu torpağa az da olsa, yarıya bildim… Halallıqla oxuyun, işləyin və istifadə edin…
Əhməd Cəfərzadə təkcə pedaqoyi sahədə çalışmaq, şeir, nəsr əsərlər yazmaqla kifayətlənməyib. Onunla yaxından tanış olandan (1972-ci il) sonra yəqin etdim ki, o, Şirvan aşıq, poeziya, muğam, folklor mühiti, tarixini, dini ocaqları, tarixi yerləri, dialektologiyası, qədim adət-ənənlərimizin kamil bilicisi, toplayıcısı, tədqiqatçısıdır. Hər şeydən əvvəl bir də onu yəqin etdim ki, bütün bunları əldə etməkdən ötrü o, bütün Şirvanı oba-oba, kədbəkənd, şəhərbəşəhər gəzib, minlərlə insanlarla görüşüb. O zamanlar 70-80 yaşında olan bu insanların – söyləcilərin çoxusu – M.Ə.Sabir, A.Səhhət, C.Cəbrayılbəyli, T.Əlyarbəyov, M.Məhəmmədhəsən, M.Mahmudbəyov, Aşıq İbrahim, Aşıq Nurəddin, Aşıq Bilal, Kalvalı Əli, Ə.Qarayev, S.M.Qənizadə, Ü.Kələntərli, A.Gəraybəyli, E.Əfəndiyev, Hacı Məmmədov və başqalarını tanımış, ya tanıyan, ya onlarla ünsiyyətdə olmuş, ya da onlarla məclislərdə iştirak edib, dost olublar. Bunun nəticəsi odur ki, hal-hazırda Ə.Cəfərzadənin şəxsi arxivində neçə-neçə xatirə dəftəri, nağıl, əfsanə, aşıq, şairlərin şeirləri, deyimlər, ağılar, bayatılar yaşayır. Əminəm ki, alimin şəxsi arxivi gec-tez geniş tədqiqata cəlb ediləcək, öyrəniləcək.

Seyfəddin Qəniyev
filologiya üzrə elmlər doktoru