“Sağlam Azərbaycan Festival”ı uğurla yekunlaşdı Mədəniyyət

“Sağlam Azərbaycan Festival”ı uğurla yekunlaşdı

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və Bulvar İdarəsinin birgə dəstəyi ilə ölkədə ilk dəfə "Sağlam Azərbaycan Festivalı" keçirildi. Festivalın ərazisi üçün Dövlət Bayraq Meydanı və Su İdman Sarayı arasında yerləşən dəniz mənzərəli yaşıllıq seçilmişdi. Burda xüsusi kamplar qurulmuş, müxtəlif master klasslar üçün şərait yaradılmışdır.
Gimnastika şousu ilə başlayan açılış 3 gün boyunca mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması ilə davam etdi.
Boçça idman növünə bu festivalda yer ayrılması səbəbsiz deyil. Çünki, Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən təbliğinə başlanılan bu idman növü xeyli sayda fiziki imkanları məhdud gənc və uşağı cəmiyyətə inteqrasiya edir. "Sağlam Azərbaycan Festivalı"nda da bu idman növünə fiziki məhdudiyyətli gənclər arasında xüsusi maraq var idi. Müşahidələr göstərdi ki, boçça idman növü ölkədə sürətlə inkişaf etdirilib və Milli Paralimpiya komitəsinin bu idman növündə uğurlu komandaları formalaşıb .Dekabr ayında növbəti boçça üzrə "Seni Cup 2017" turniri keçiriləcək və bütün azarkeşləri paralimpiyaçılara dəstək olmağa səsləyirik.
Ən maraqlı məqam isə "Sağlam Azərbaycan Festivalı" çərçivəsində keçirilən "Bella Cup"-2017 turniri idi. "Bella Cup"-ın 20 illik tarixi var və bu turnir ilk dəfə Polşanın Torun şəhərində keçirilib. Bu gün isə bu turnir dünyanın bir çox ölkələrində məşhurdur.Turnirin keçirilmə qaydası ölkələrə görə dəyişir. Belə ki, müxtəlif ölkələrdə bu turnir özünəməxsus idman növlərindən təşkil olunur. Bura tenis, badminton, body-bildinq və s idman növləri daxildir.
Azərbaycanda bu turnir "Sağlam Azərbaycan Festivalı" çərçivəsində basketbol 3x3 idman növündə baş tutdu. Bella kuboku uğrunda 3 gün ərzində 12 komanda mübarizə apardı. Nəticədə, 3 komanda finala keçərək 1,2,3 yerlərə sahib oldu. Qaliblər kubok, medal və Bella şirkəti tərəfindən pul mükafatları ilə mükafatlandırıldı.
Festival həm də VEGAN yeməklərin master-klassları ilə yadda qaldı. Ukrayndan dəvət olunmuş aşpaz Konstantin Stolyarov və şirniyyatçı qızlar festival iştirakçıları üçün dadlı vegeterian yeməkləri, şirniyyatlar və dondurmalar hazırladılar. İştirakçılar daddıqları əksər məhsulların həm də reseptlərini əldə etdilər.
Festivalda 3 gün boyunca əraziyə gələn bütün insanlar müxtəlif uduşlu oyunların iştirakçısı oldu və bir çox hədiyyələr qazandı.
Yekunda Sağlam Azərbaycan Festivalının rəhbəri Nigar Məmmədova festivala böyük marağı nəzərə alaraq, bu cür tədbirlərin davamlı olacağını bəyan edib:
" Bu ilk festival idi. Ona görə də paytaxt əhalisi tərəfindən bu qədər maraq və həvəslə qarşılanacağını gözləmirdik. Bu, bir növ bizim üçün uğurlu test oldu. Böyük maraq gördük. Ona görə də qərara gəlmişik ki, il ərzində müxtəlif formada bu cür tədbirlərin təşkilinə nail olaq. Ola bilər ki, payız aylarında paytaxtda növbəti maraqlı ideyanı gerçəkləşdirək"
Qeyd edək ki, "Sağlam Azərbaycan Festivalı"nda ümumilikdə 7500 nəfər insan iştirak edib.