Həsən bəy Zərdabinin təbətşünaslıq sahəsindəki fəaliyyəti Mədəniyyət

Həsən bəy Zərdabinin  təbətşünaslıq sahəsindəki fəaliyyəti

Onun taleyinə gerçəkdən çoxsaylı ilklər yazılıb. Bu titulları qazanmaq şərəf olduğu qədər də çətin, dövrü üçün məsuliyyətli və riskli idi. Söhbət adı uzun illərdən bəri dillər əzbərinə çevrilmiş, özündən sonra böyük və davamlı bir ənənənin əsasını qoymuş Həsən bəy Zərdabidən gedir. XIX əsrin II yarısı-XX əsrin əvvəllərində yaşayıb yaratmış Azərbaycan milli mətbuatının banisi, çoxcəhətli fəaliyyətinə görə diqqəti cəlb edən maarifçi, publisist və pedaqoq Həsən bəy Zərdabi eyni zamanda Azərbaycanın ilk təbiətşünas alimidir.
Həsən bəy Zərdabi (Məlikov) Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman-türk məzunu, Şərqdə xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), hələ 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.
Təxəllüsünü doğulduğu kənddən götürən Həsən bəy ilk təhsilini Azərbaycanda alıb. Daha sonra Tiflis Gimnaziyasına daxil olaraq, 1860-cı ildə oranı uğurla bitirib. 1861-ci ildə Moskva Universitetinin Təbiətşünaslıq şöbəsinə imtahansız qəbul edilib. 1965-ci ildə Təbiət-riyaziyyat fakültəsini bitirən H.B.Zərdabiyə universitetin Elmi Şurası nümunəvi əxlaqı və əla müvəffəqiyyətinə görə elmlər namizədi alimlik dərəcəsi verib. Oxuduğu müddətdə tələbələr arasında xüsusi seçildiyinə və fakültəni əla qiymətlərlə bitirdiyinə görə universitetdə saxlanılsa da, xalqına xidmət etmək arzusu onun Azərbaycana dönməsinə səbəb olub. Bakıya gələrək burada orta məktəbdə təbiətşünaslıqdan rusca dərs deməyə başlayıb.
"Əkinçi" bağlandıqdan sonra Həsən bəy yaradıcılıq fəaliyyətini o dövrdə mövcud olan digər nəşrlərdə davam etdirir. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri çap olunur. Qeyd etmək lazımdır ki, ölkəmizdə ilk təbiətşünas alim olan Həsən bəy Zərdabi 1875-ci ildə "Əkinçi" qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il "Kaspi" qəzetinin 172-ci sayında torpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar verib, torpağın xışla deyil, kotanla şumlanmasını təklif edib.
Qeyd etdiyimiz kimi, ensiklopedik biliyə malik olan Həsən bəy biologiya, aqrokimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və başqa sahələri əhatə edən elmi istiqamətli çoxlu məqalələr yazıb. Xüsusilə qeyd etmək lazımdır ki, ekologiyanın fundamental sahələrindən biri olan torpaqşünaslıq elminin Azərbaycanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulub. O, torpaqşünaslıq elminin banilərindən olan V.V.Dokuçayevdən 8 il əvvəl - 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah edib və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat fəaliyyətinin rolunu göstərib. Həsən bəy Zərdabi 1875-1877-ci illərdə rəhbərlik etdiyi "Əkinçi" qəzetində və 1899-1903-cü illərdə yazdığı "Torpaq, su və hava" əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin artırılması və su təminatı haqqında qiymətli fikirlər söyləyib. O, torpağı təbii sərvət kimi qiymətləndirib, ona bol kənd təsərrüfatı məhsullarının mənbəyi kimi baxıb, torpaqdakı bəzi duzların bitki üçün zəruri olması ilə bərabər, zərərli duzlarla zəngin torpağı "şoran torpaqlar" adlandırıb. Torpağın keyfiyyətini tərkibinə görə (mineral duzlar, mikroelementlər, çürüntülük dərəcəsi) elmi səviyyədə izah edib, torpaqəmələgəlmə prosesində bir sıra amillərin rolunu düzgün qiymətləndirib. Həsən bəy Zərdabi kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən bir sıra elmi-kütləvi məqalə nəşr etdirib ki, onların çoxu bu gün də aktuallığını saxlayır.
Zərdabiyə görə, canlı və cansız təbiətdə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. "Təbəddülati həvaiyyənin heyvanlarda hiss olunması" adlı məqaləsində o, mühitin müxtəlif amillərinin canlılara təsirindən bəhs edərək yazırdı: "Orqanizm uzun müddət yaşadığı mühit şəraitinə - temperatur, rütubət, iqlim və s. kimi amillərin təsirinə alışır, onda baş verən dəyişiklikləri duya bilir". Həsən bəy Zərdabi "Kaspi" qəzetində (1900-cu il, N 21) nəşr etdiyi "İnsanın həyatında işıq" adlı məqaləsində yazır: "Günəş işığı, təmiz hava və təmiz su - bunlar həmin amillərdir ki, onsuz Yer üzərində həyat ola bilməz, həm də bunlar təbiətin sağlamlaşdırıcı qüvvələrdir". Canlılar üçün vacib olan bu amillərin əhəmiyyətini qabarıq təsvir edən Zərdabi bitkilərin və digər canlıların işıqsız inkişaf edə bilmədiyini göstərməklə yanaşı, qeyd edir ki, rüşeymin inkişafı, heyvanın böyüməsi məhz işığın təsiri ilə mümkün olur. O, həmçinin günəş spektrinin müalicəvi xassəsindən bəhs edib.
Zərdabi insanın həyatında yaşıllığın və meşələrin əhəmiyyətini yüksək dəyərləndirirdi. Azərbaycanın müasir ekoloji problemlərindən biri olan meşələrin qırılması onu narahat edirdi: "Vilayətimizin ab-havasının dəyişməsinə səbəb meşələrin azalması olduğundan gərək təzədən meşə salaq". Onun fikrincə, meşə sahələrinin və müxtəlif ağacların azalması iqlimi qeyri-sabit edir, istidən soyuğa və əksinə keçidlər kəskin olur, qışı məşəqqətli, qarsız, yayı boğanaq, quru edir, yağış az yağır, quraqlıq artır, buna görə yer daha artıq quruyur, vaxtilə torpağı bütün il ərzində örtən otlar artıq qısa bir müddət ərzində meydana çıxır, qalan vaxtlarda isə çılpaq qalır, quruyur. "Yanmış, adamsız Muğan, Mil, Kürdəmir çöllərində meşələrə böyük ehtiyac var. Hətta nabələd adam da başa düşər ki, burda iqlimi yaxşılaşdırmaq, torpağı rütubətləşdirmək və sair üçün meşə salınması nə qədər yaxşı olardı". O, iqlim dəyişilmələri, xüsusilə havaların kəskin istiləşməsinə səbəb kimi meşələrin sürətlə azalmasını göstərib. Bununla əlaqədar Bakı şəhərinin yaşıllaşdırılması və bölgələrdə yeni meşələrin salınması barədə təklifllər verib.
Zərdabi əsərlərində daim təbiət sirlərinin öyrənilməsini təbliğ edib, insanları təbiətdən ibrət almağa çağırıb: "Təbiət elə bir xəzinədir ki, burda insanlar üçün nə qədər istəsən, ibrətamiz və faydalı şeylər var". O, təbiətə nankor münasibəti pisləyərək, bunu yırtıcılıq adlandırırdı: "Mədəniyyətsiz adam bir yırtıcı kimi təbiətin verdiyi nemətləri məhv edir və sonra oturub acı göz yaşları axıdır".
Zərdabi zoologiyaya aid məqalələrində heyvanların bioekoloji xüsusiyyətlərini elmi baxımdan düzgün izah edib, ətraflı məlumat verib. O, zoologiyaya dair yazdığı məqalələrinin birində süni balıqyetişdirmə məsələsinə toxunaraq, bu üsulla "balıqdan məhrum olan çaylarımızın süni artırılan balıqlarla və onların nəsillərilə yenidən dolacağı vaxtın çox da uzaq olmadığını" deməklə təbii sərvətlərin tükənməsindən narahatlığını bildirib.
Talan edilən təbii nemətlərə balıq sərvətini də daxil edən Zərdabi sularımızda balıqların ildən-ilə azalmasını qeyd edərək, bunun səbəbini ovun rasional tətbiq edilməməsində görür. Zərdabinin elmi irsində biologiya və kənd təsərrüfatı, o cümlədən ətraf mühitə münasibət başlıca yer tutur. Təsadüfi deyil ki, naşiri olduğu "Əkinçi" qəzetində açdığı "Elmi xəbərlər" bölməsində elm və texnikanın, xüsusən də təbiətşünaslığın əldə etdiyi nailiyyətlərə, "Əkin və ziraət xəbərləri" bölməsində isə əkinçilik və maldarlığın inkişaf etdirilməsinə, kənt təsərrüfatı məhsullarının artırılmasına, bitkilərin becərilməsi və zərərvericilərdən qorunmasına, kənd təsərrüfatı alətlərinin yaxşılaşdırılması və təkmilləşdirilməsinə dair ardıcıl məqalələr dərc olunurdu. Bundan başqa, onun "Həyat", "Kaspi" qəzetlərində, "Dəbistan" jurnalında, "Məktəb" məcmuəsində çap etdirdiyi elmi-kütləvi məqalələrin bir çoxu məhz ətraf mühitin öyrənilməsi, təbliği və qorunması ilə bağlı olub.
Oeyd etmək lazımdır ki, Həsən bəy həm də Azərbaycanda ilk darvinçi-təkamülçü alim kimi tanınır. Onun təkamül təlimi ilə bağlı "Təbii seçmə" və "İnsanın mənşəyi" adlı məqalələri bu gün də aktuallığını saxlayır. O, Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoyub, üzvi aləmə uzun sürən tarixi inkişafın məhsulu kimi baxıb və bu prosesdə təbii seçmənin yaradıcı roluna düzgün qiymət verib. O, məhz buna görə Ç.Darvinin ardıcıllarından biri kimi tanınıb. Zərdabi kainatda əbədi hərəkət və dəyişkənlik fikrini qəbul edib, insanın təbiəti dərk və onu özünə tabe etmək qüdrətinə malik olduğunu göstərib. O, varlıq anlayışına qeyri-üzvi təbiətlə yanaşı, üzvi təbiəti və onun yüksək forması olan insanı da daxil edirdi. Zərdabiyə görə, təbiət "öz varlığında əzəldir, əbədi xəzinədir".
Ümümilikdə Həsən Bəy Zərdabinin elmi-ekoloji fikirləri onun təbiətə aid "Torpaq, su və hava", "Quyruq doğdu, çilə çıxdı", "Qan nə tövr bədəndə dövr edir", "Xörək yemək, su içmək", "Nəfəs almaq", "İnsan bədəninin hissələri", "Həvasi - xəmsə", "İnsanın doğub törəməyi" və s. kimi əsərlərində əksini tapıb. Qeyd edək ki, alimin "Torpaq, su və hava" əsərləri kitab şəklində "Kiyev islam tələbələri nəşriyyatı heyəti" tərəfindən 1912-ci ildə nəşr edilib. 72 səhifədən ibarət olan bu əsər kimya, geologiya, coğrafiya, mineralogiya, astronomiya və paleontologiyadan bəhs edir. "Kiyev islam tələbələri nəşriyyatı heyəti" tərəfindən çap olunan "Gigiyena" adlı başqa bir əsərində isə alim həyat tərzi ilə əlaqədar tibbi məsləhətlər verir, düzgün qidalanmanın vacibliyini bildirir, əhalinin sağlamlığına yönəlmiş digər gigiyenik tələblər haqqında məlimatları çatdırır.
Göründüyü kimi, ətraf mühitin müxtəlif problemlərinə münasibət bildirərək çoxlu sayda qiymətli fikir söyləyən Zərdabi təbiətlə bağlı elə bir sahə yoxdur ki, ora müdaxilə etməsin. Onun bütün ideya və fikirləri elmi-nəzəri cəhətdən əsaslandırılaraq, çox halda praktikaya söykənirdi. Azərbaycan naminə ömrünü şam təki əridən böyük vətəndaş ziyalı, maarifpərvər, təbiətşünas alim, filosof, ictimai xadim, milli mətbuatımızın qurucusu, eyni təqvim günündə təvəllüd tapan (28 iyun 1837) və vəfat edən (28 noyabr 1907) Həsən bəy Zərdabinin xatirəsi xalqımızın qəlbində yaşayır və unudulmur. Onun tədqiqat və tövsiyyə xarakterli elmi yaradıcılığı daim Azərbaycan elminin diqqət mərkəzində olub. Maarifpərvər və təbiətşünas alimin adına mükafat təsis edilib, yaradıcılıq fəaliyyəti dəfələrlə təqdiqata cəlb olunub, haqqında çoxsaylı elmi məqalələr və monoqrafiyalar, dissertasiyalar (H.Fərzəlibəyov, M.Axundov, X.Həsənov, F.Qasımzadə, Z.Məmmədov, İ.Rüstəmov, Q.Mustafayev və A.Məmmədov və b.) yazılıb.

Yusif Dirili