Türk mifologiyasında yaradılış konsepsiyası Mədəniyyət

Türk mifologiyasında yaradılış konsepsiyası

2-ci yazı

Əfsanəni izləməkdə davam edək: "Tanrı "Sən dənizin dibinə en və torpaq gətir!" demiş. İnsan aşağı endikdən sonra əliylə torpağı ovuclamış və torpağı alıb Tanrıya vermiş. Tanrı o torpağı dənizin üzərinə səpərək "Yer üzü olsun" demiş. Bundan sonra yer üzü yaranıb. Tanrı təkrar "Aşağı en və bir az daha torpaq gətir" demiş. İnsan öz-özünə "Əgər aşağı ensəm, özüm üçün də torpaq gətirəcəyəm" deyə düşünmüş. Suyun dibinə enmiş, düşünüldüyü kimi, iki ovuc dolusu torpaq almış. Bir ovcundakını Tanrıya vermək üçün, digər əlindəkini isə Tanrıdan gizli olaraq yer üzü yaratmaq üçün ağzında saxlayaraq yuxarıya çıxmış. Tanrı insanın gətirdiyi torpağı alıb yer üzərinə səpərək torpağı bir qədər də qalınlaşdırır. İnsan torpağı ağzına soxduğu üçün torpaq qabarmış və insan az qala boğulub ölsün. İnsan nə qədər uzaqlara qaçmağa səy göstərsə də, Tanrının yanında olduğunu görmüş və "Ulu Tanrı, məni qurtar" demiş. Tanrı isə bu zaman ondan torpağı ağzında niyə saxlamasının səbəbini soruşduqda o cavab verir ki, "Torpağı yer üzü yarada bilmək üçün ağzıma aldım". Tanrı ona bu zaman "Tüpür onu ağzından" deyir və insan tüpürür. Bu zaman isə onun tüpürdüyü torpaqdan sulu çamur təpəcikləri yaranır. Bundan sonra isə Tanrı ona deyir: "Artıq günahkarsan, mənə pislik etməyi düşündün. Sənə itaət edən xalqın da ruhu eyni şəkildə pis olacaq. Mənə itaət edən xalqın ruhu isə qutsal olacaq. Onlar günəşi, işığı görəcəklər... Sənin adın Erlik olsun. Kim günahlarını məndən gizlətsə, o sənin olsun. Sənin günahından özlərini qoruyanlar mənim olsun".
Bu əfsanəni tədqiq etmiş S.Qarayev yazır: "Burada aydınlıq gətiriləsi əsas motivlər aşağıdakılardır:
1. Suyun arxasındakı əraziyə – torpaq gətirməyə insan səfər edir.
2. Oğurluq motivi, yəni insan Tanrının əmri ilə suyun altından torpaq çıxardarkən özünə də torpaq oğurlayır.
3. İlk baxışdan destruksiya olunmuş "doğum motivi" və müvafiq cəza.
4. Dünya üzərində hakimiyyət bölüşdürmə motivi".
Bu motivlər öz növbəsində xaos əsasında kosmosun yaradılmasının ardıcıllıq sxemini özündə əks etdirir. Bu mif C.Bəydilinin "Mifoloji dünya modelinin özülündə ikili qarşıdurmalar (binar oppozisiyalar) sisteminin dayanması" haqqındakı fikrini təsdiq edir. Belə ki, S.Qarayev sözügedən mifdə aşağıdakı "ikili qarşıdurmalar (binar oppozisiyalar) sistemi"ni müəyyənləşdirmişdir: Məkan qarşıdurması (Yer və Göy). Obrazlar qarşıdurması (Tanrı və Erlik). Davranış qarşıdurması (yaxşı və pis əməllər). Zaman qarşıdurması (yaradılış zamanı və dünyanın sonu).
Yaradılış mifləri hər bir mifologiyanın əsasını təşkil edir. Miflərin təsnifatında bu məsələ daha aydın görünür. Məsələn, E.B.Taylor özünün "İbtidai mədəniyyət" adlı əsərində mifləri on qrupda təsnif edir:
1. Təbiət mifləri.
2. Fəlsəfi miflər.
3. Geoloji miflər.
4. Meymun ilə insan arasında qohumluğu əks etdirən miflər.
5. Fantastik izahedici miflər.
6. Təhrif edilmələr, yanılmalar, gözəgörünmələr, qarabasmalar, şişirt¬mələrə əsaslanan miflər.
7. Tarixi və əfsanəvi şəxslərə aid olan miflər.
8. Etimoloji miflər (insan və ərazilərin adları haqqında).
9. Eponomik miflər (tayfa, xalq, ölkələrin adları ilə bağlı).
10. Praqmatik miflər (ideya və metaforanın həyata keçirilməsi vasitəsilə - məsələn, alleqoriya və heyvanlar haqqında təmsillər.
Əslində bu miflərin hamısı yaradılışı izah edir. Yəni bunların hamısının əsasında yaradılış konsepsiyası durur. N.Qurbanovun da göstərdiyi kimi, E.B.Taylor mif adı altında ibtidai mədəniy¬yə¬tin bütün forma və növlərini ümumiləşdirmişdir. Alimin "təbiət mifləri", "fəlsəfi miflər", "geoloji miflər", "meymun ilə insan arasında qohumluğu əks etdirən miflər", "fantastik miflər", "tarixi və əfsanəvi şəxslərə aid olan miflər" adı altında təsnif etdiyi mif mətnləri kosmoqonik miflərdir. Məsələn, təbiət miflərində təbiət cisimlərinin, fəlsəfi miflərdə varlığın mifoloji modelinin, geoloji miflərdə geoloji obektlərin, meymunla insan arasında qohumluğu əks etdirən miflərdə insanın, tarixi və əfsanəvi şəxslərə aild olan miflərdə ilk əcdadın necə meydana gəlməsi təsvir olunur. Kosmoqoniya – yaradılışdır. Bu baxımdan E.B.Taylorun təsnifatında vurğuladığımız qruplar birbaşa yaradılışı (onun ayrı-ayrı səviyyə və ünsürlərinin meydana gəlməsini) əks etdirir.
Y.M.Meletinskinin təsnifatına nəzər salaq: totemist miflər, etioloji miflər, antropogenetik miflər, kosmoqonik miflər, təqvim mifləri və s.
Bu təsnifatın da əsasında yaradılış durur. Çünki totemist miflər – totem əcdadların yaranışı və fəaliyyətindən, etioloji miflər – ayrı-ayrı predmetlərin necə əmələ gəlməsindən, antropogenetik miflər – insanın necə yaranmasından, kosmoqonik miflər – dünyanın necə yaranmasından, təqvim mifləri zaman ünsürlərinin necə meydana gəlməsindən bəhs edir.
Yaradılış konsepsiyası türk miflərinin də əsasında durur. Bu yöndə S.Q.Klyaştornının təsnifatı səciyyəvidir:
I. Kosmoqoniya və kosmologiya.
a) dünyanın yaranması və quruluşu haqqında miflər.
b) kosmik qəza (fəlakət) haqqında miflər.
II. Panteon və sosium.
a) allahlar, tanrılar və tanrı qüvvələri haqqında miflər.
b) dövlətin tanrı tərəfindən yaradılması və xaqanın göydə doğulması haqqında miflər.
III. Etnoqonik miflər.
a) türk tayfalarının mənşəyi haqqında miflər.
b) ilkin mədəni qəhrəmanlar haqqında miflər.
Azərbaycan mifoloji mətnlərinin də əsas mahiyyətində yaradılış konsepsiyası durur. Bunu A.Nəbiyevin mifoloji mətnlər əsasında apardığı təsnifat da aydın göstərir:
1. Kosmoqonik miflər – sə¬ma, səma cisimləri və dünyanın yaranması ilə bağlı miflər.
2. Etnoqonik miflər, gene¬o¬loji miflər - etnosun yaranması ilə bağlı miflər.
3. Tanrı və hami ruhlarla bağlı mif¬lər.
4. Təqvim mifləri.
5. Kultlar və onqonlarla bağlı miflər.
6. Dünya qəzaları, dünyanın sonu və yenidən yaranması ilə bağlı miflər.
Bu təsnifata münasibət bildirən N.Qurbanov yazır ki, prof. A.Nəbiyevin təsnifatı mifologiyanı bütöv və bitkin bir kosmoloji sistem kimi əhatə edir. Burada kosmoqoniya əsas ünsür və səviyyədir. Onun təsnifatında "əzəl" – birbaşa kosmoqonik başlanğıc, "intibah" – kosmoqonik sxemə əsaslanan və daim bu sxemi özündə "təkrarlayan" kosmoloji proseslər, "son" – kosmoloji prosesin başa çatması (esxatologiya) və yeni kosmoqonik silsiləyə (yeni yaradılış silsiləsinə) keçid (professorun şərhində – "geniş və çoxcəhətli inkişaf... üçün... zəmin" yaratmaq) deməkdir.
A.Acalov, A.Şükürov, M.Məmmədli kimi tədqiqatçılar da mifləri yuxarıdakı təsnifatlara uyğun sinifləndirmişlər və təsnifatların da mahiyyətində yaradılış – kosmoqoniya əsasdır.
Məzmunundan asılı olmayaraq, bütün miflərin hər hansı formada yaranışı nəql etməsini vurğulayan A.Acalov qeyd edir ki, "əslində etnoqonik və təqvim mifləri də kosmoqonik miflərdən çıxır və müəyyən mənada (mifoloji ənənə daşıyıcıları üçün isə – bütünlüklə) onun tərkib hissəsi, yaxud başqa səviyyədə təkrarı kimi anlaşılır. Başqa sözlə, onlar kosmoqonik miflərin sosial (geneologiya) və təbiət-təqvim aspektində yozulmasıdır. Ən məqbul izah isə bizcə, belə ifadə edilə bilər: bu mifoloji silsilələrin hər üçü vahid total mifin müxtəlif "dillərdə" ifadəsidir".
Mifin bütün tematik növləri kosmoqoniyanı təcəssüm etdirir. V.V.İvanov göstərir ki, antropoqonik miflər insanın mənşəyi (o cümlədən yaradılması) haqqındakı miflərdir. Antropoqonik miflər kosmoqonik miflərin tərkib hissəsidir.
Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlərə monoqrafik tədqiqat həsr etmiş N.Qurbanov belə bir qənətə gəlmişdir: "Beləliklə, mifoloji görüşlərin əsas hissəsini yaradılışla ba𬬬lı olan kosmoqonik miflər təşkil edir. Bu miflər yaradılışı əks et¬di¬rən tə-səv¬vür¬lər toplusu olmaqla həm də mifoloji düşüncənin məkan-za¬man sis¬te¬mi¬nin əsasında durur. Kosmoqonik miflərdə əks olunan məz¬mun mifo¬loji dü¬¬¬şün¬cənin bütöv sisteminin düşüncə bazasını təşkil edir. Çünki mifoloji dü¬şün¬cə¬nin strukturu elə qurulmuşdur ki, burada mifoloji sistem özü-özünü "tək¬¬rar¬lamaqla", özünü özü¬nə uyğun olaraq yenidən təşkil etməklə mövcud olur. Ona görə də kosmoqonik miflərin məzmununu, daha doğrusu, bu məzmunu təşkil edən hərəkət sxemini etnoqonik, təqvim və s. miflərdə də bərpa etmək mümkündür. Bu baxımdan, kosmoqonik miflər mi¬fo¬loji dünya modelinin nü¬vəsini təşkil edir və bütöv mifologiya bu baza əsasında təşəkkül tapır".
Mifologiyada yaradılış bütöv bir sistemdir. Mifoloji dünya modelində obrazlaşmış, işarəyə çevrilmiş nə varsa – hamısı yaradılış – kosmoqoniya prosesindən keçməlidir. Burada əsas olan hər bir etnosun mifik qavrama – mənimsəmə təcrübəsidir. Hər bir etnosun öz yaşadığı coğrafi şərait var. Bu şərait real həyatda onun dünyası olduğu kimi, mifik mətnlərdə də həmin dünya təsvir olunur.
A.Şükürov yazır ki, "Kosmoqoniya adətən səmanın yerdən ayrılması, dünya okeanından bərk yerin təzahürü, dünyanın, dağların və s. bərqərar olması, ulduzların, səma cisimlərinin öz yerini tutması, sonra landşaftın, bitkilərin, heyvanların və nəhayət, insanların yaradılması və s. özünə daxil edir". Bir Azərbaycan mifinə diqqət edək: "Lap qabaxlar Allah¬dan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bu lili qurudub torpax eliyir".
Bu, çox qədim bir mif mətnidir. Onu təhlil etdiyimizdə iki cəhət üzə çıxır:
1. Bu mifin qədimliyi, çox arxaik görüşləri əks etdirməsi;
2. Bu mifin yaşarılığı, zamanla sonrakı ideologiyaları özünə transformasiya etməsi.
Əslində çox kiçik olan bu mətn öz kiçikliyinin əksinə olaraq nəhəng tarixi görüşləri özündə daşıyır. Bu mifi quruluş mahiyyətinə görə bayatıya bənzətmək olar: dörd misralıq bayatı özündə böyük və zəngin mənalar daşıdığı kimi, bu mif mətninin bətnində də dərin məna, iri zaman layları yatır.
Sözügedən mifi ondakı poetik, mifik, semantik mənalar, obrazlar baxımından təhlil etdikdə aşağıdakı qatlar üzə çıxır: İlk başlanğıc, ilk zaman obrazı: "Lap qabaxlar"; İlk yaradıcı: "Allah¬"; İlk yaradılışın Yaradıcı ünsürlə başlanması: "Allahdan başqa heç kim yoxuymuş"; Varlığın ilk yaradılışdan əvvəlki şəkli – xaos: "Yer üzü... başdan-ayağa suyumuş". Yaradılış – kosmoqonik proses: "Allah bu suyu lil eliyir. Sonra bu lili qurudub torpax eliyir".
Burada diqqət çəkən məqam odur ki, bütün xaos və kosmosun fövqündə Allah durur. Lakin burada "Allah" adı sonrakı, daha doğrusu, islamsonrası transformasiyadır. Təbii ki, müasir dövrdə bu mifi danışan söyləyicinin şüurunda Allahdan başqa yaradıcı ola bilməz. Ancaq mətndəki yaradılış prosesinin universal mifik prosesləri əks etdirməsi birmənalı şəkildə göstərir ki, bu mətn zaman baxımından islamöncəsi hadisədir.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru