Həmzə Niyazi - müasir özbək ədəbiyyatının əsasını qoyan görkəmli simalardan biri Mədəniyyət

Həmzə Niyazi - müasir özbək ədəbiyyatının əsasını qoyan görkəmli simalardan biri

10 may

(1889-1929)

1-ci yazı

Müasir özbək ədəbiyyatının əsasını qoyan görkəmli simalardan biri Həmzə Niyazidir. O, mürəkkəb və məhsuldar həyat yolu keçib. Həmzə Niyazi 1889-cu ildə Kokand şəhərində təbib ailəsində anadan olub. H.Niyazi əvvəlcə əski tipli ibtidai məktəbdə, sonra isə mədrəsədə təhsil alıb. Mədrəsədə olan təlim-tərbiyə onu qənaətləndirmədiyi üçün o, müstəqil şəkildə mütaliə edib və biliyini zənginləşdirib.

H.Niyazi Nəvai, Babir, Firqət və digər bu kimi şəxsiyyətlərin həyat və yaradıcılığına dərindən bələd olub, onların yaradıcılıq ideyalarından çox şey öyrənib və bütün həyatı boyu onları özünə müəllim hesab edib. H.Niyazi əsasən, 1905-ci ildən etibarən ədəbi-bədii yaradıcılığa başlayıb. Yaradıcılığa qədəm qoyduğu ilk anlardan başlayaraq o, həm klassik, həm də müasir üslubda əsərlər yazıb. Lakin onun 1905-1909-cu illərdə yaratdığı əsərlərin böyük əksəriyyəti klassik üslubda olub. Bu dövr yaradıcılığında onun şeirləri həm forma, həm də mövzu baxımından daha çox klassik özbək ədəbiyyatının qüdrətli nümayəndələri olan Muqimi və Firqətin şeirlərinə uyğun gəlirdi. Klassik dövrə olan möhkəm bağlılıq və aludəçilik onun sənətində təqlidçilik halına çevrilməyib, əksinə ideya-estetik baxımından tamamilə orijinal şeirlərin yaranmasına gətirib çıxarıb. H.Niyazi yaradıcılığının ilk əvvəllərində “Nihon” təxəllüsü ilə şeirlər yazıb.

1913- cü ildə o, Əfqanıstan, Hindistan, Ərəbistan və Türkiyəyə səfər edir. Eyni zamanda Rusiyanın cənub əyalətlərinin bir çox yerlərində də olur. Səyahət zamanı ayrı-ayrı ölkələrlə tanışlıq onun sonrakı yaradıcılığına təsirsiz qalmadı. Həmin ölkələrdə əhalinin acınacaqlı həyat tərzi, cəhalət girdabında sürünməsi və digər hallar H.Niyazini bir sənətkar kimi narahat edir, şair öz yaradıcılığında bunları təkcə təsvir və tənqidetmir, eyni zamanda vəziyyətdən qurtarmaq üçün çarə yollan axtarırdı. H.Niyazi xalqların zülm və əsarətdən qurtulmasını onların elm və maarif-lənməsində görürdü. O, 1914-1915-ci illərdə yazdığı “Kitab”, “Qələm”, “Məktəb”, “Doğru söz ola”, “Tısbağa və Əqrəb”, “Elm öyrən” və digər şeirlərində əsasən, özünün elmi-maarifçi görüşlərini təbliğ edir.

1915-1916-cı illərdə H.Niyazinin ardıcıl olaraq bir neçə kitabı işıq üzü görüb. “Ağ gül”, “Sarı gül”, “Yaşıl gül”, “Qızıl gül” və başqa kitablarında onun bu vaxta qədər yazmış olduğu əksər şeirləri çap olunur. Eyni zamanda o, 1915-ci ildə “Elm hidayəti” və “Zəhərli həyat” pyeslərini, “Yeni səadət” adlı nəsr əsərini yazıb çap etdirir.

1905-1916-cı illərdə şairin yaradıcılığı lirik və maarifçi-demokratik istiqamətdə inkişaf edib.

H.Niyazi 1911-1915-ci illərdə geniş pedaqoji fəaliyyətdə olub. Belə ki, əvvəlcə Kokandda, sonra isə Mərgilanda yeni üsullu məktəb açır, hər iki məktəbdə zəhmətkeş balalarına pulsuz dərs deyir. Hətta bu məktəblər üçün “Oxu kitabı”, “Qiraət kitabı”, “Yeni ədəbiyyat” adında dərsliklər də yazır. Mühafizəkar qüvvələrin nəyin bahasına olursa-olsun bu məktəbin bağlanmasına cəhd göstərmələri H.Niyazinin böyük prinsipiallığı nəticəsində hər dəfə dəf edilib və məktəb bir neçə il fəaliyyət göstərə bilib. 1917-ci il fevral burjua-demokratik inqilabını şair böyük rəğbətlə qarşılayır. Çünki ona elə gəlir ki, əsrlər boyu xalqın düçar olduğu bəlalara inqilabdan sonra çarə tapılacaq. Çox qısa vaxt keçdikdən sonra H.Niyazi fevral inqilabının əsl mahiyyətini başa düşdü. Ona görə özünün əvvəlki düşündüklərinin əleyhinə gedərək, Müvəqqəti hökuməti tənqid və ifşa edən çoxlu şeirlər yazdı. Öz ideallarını və əsl həqiqəti xalqa çatdırmaq üçün o, 1917-ci ilin mart ayında Kokandda “Kenqaş” (“Məclis”) adlı jurnal çıxarmağa başladı. 1917-ci ildən başlayaraq onun poeziyasında siyasi kəskinlik daha da gücləndi. 1917-ci ilin aprel ayında yazdığı “Belə qalarmı?” və “Biz fəhləyik” adlı şeirləri ilə Türküstanın gələcək istiqlalı yolunda xalqı birliyə çağırdı və burjua inqilabının xalqa heç nə vermədiyini bildirdi.

1918-ci ildə H.Niyazinin həyatının yeni dövrü başlayır. O, yeni yaranmış Sovet hökumətinə qəlbən bağlanır. Yeni hökuməti tərənnüm edən şeir və nəğmələr yazır. 1919-1920-ci illərdə Sovet ordusu sıralarında xidmət göstərir. 1920-1929-cu illərdə xalq maarifi, mədəniyyəti və incəsənəti sahələrində fəaliyyət göstərir. H.Niyazi ilk özbək sovet yazıçı və şairi kimi şöhrət tapır. Ona görə H.Niyazi 1926-cı ildə “Özbəkistanın xalq yazıçısı” fəxri adına layiq görülür. O, 1929-cu ildə qırx yaşında ikən Şahimərdan (indiki Həmzəabad) kəndində öldürülüb. Ölümündən sonra onun yaradıcılıq irsinə böyük hörmət bəslənilib. Belə ki, Özbəkistanın Elmlər Akademiyasının ədəbiyyat institutunda H.Niyazinin həyatı və yaradıcılığını öyrənən daimi komitə təşkil edilib. 1964-cü ildə H.Niyazi adına Respublika Dövlət mükafatı təsis edilib. 1988-1989-cu illərdə onun beş cilddən ibarət seçilmiş əsərləri Daşkənd şəhərində çap olunub.

Həmzə Niyazi öz yaradıcılığı ilə müasir özbək ədəbiyyatının əsasını qoyub. O, bədii yaradıcılığa 1905-ci ildən başlayıb. H.Niyazi 1905-1909-cu illərdə klassik üslubda yazıb. Bu illərdə Şərq ənənəvi motivi kimi o da didaktikaya daha çox yer verirdi. Onun 1909-1913cü illər yaradıcılığı həm forma, həm də məzmun baxımın-dan fərqlənməyə başladı. Bu, bilavasitə H.Niyazinin dünyagörüşündə və həyata baxışlarında əmələ gələn dəyişikliklər ilə bağlı idi. Həmin illərdə şairin yaradıcılığında haqqa, ədalətə, mərifətə çağırış meylləri daha da güclənməyə başladı.

H.Niyazi yazmış olduğu təmsillərində janrın imkan və tələbləri daxilində etik-əxlaqi məsələlərə, dostluq, yoldaşlıq, düzgünlük və s. problemlərə geniş müdaxilə edirdi. Məsələn, 1914-cü ildə yazılmış “Tısbağa və Əqrəb” təmsili nəsihət və ibrətamiz fikirlərin təbliği baxımından xarakterikdir. Təmsildə əhd-vəfa qılıb tısbağa ilə dostluq edən əqrəb az vaxt keçmədən bu əhdinə xilaf çıxır və çayı keçərkən tısbağanı sancmağa başlayır. Tısbağa bunun səbəbini soruşanda əqrəb cavab verir ki, bu mənim adətimdir, kiminlə dostluq edirəmsə, axırda xəyanət edib zəhərləmək istəyirəm. Ona görə də müəllif öz nəsihətlərini aşağıdakı kimi verir və əsərin də ideyasını buna bağlayır:

Budur son nəsihət: Gərək heç zaman,

Əqrəblə yoldaşlıq etməsin insan.

Kim öz düşmənilə bağlayır ülfət,

Yaradır özünə böyük fəlakət.

1914-1915-ci illərdə isə H.Niyazi sənətində etik-əxlaqi məsələlər geniş yer tutmaqla yanaşı, maarifçilik ideyalarının təbliği də xüsusi formada üzə çıxmağa başladı. Demək olar ki, 1917-ci ilə qədər onun yaradıcılığının əsas leytmotivini ardıcıl olaraq din, islama etiqad,haqqa, ədalətə, mərifətə və maarifləndirməyə çağırış təşkil edirdi.

H.Niyazinin 1915-1916-cı illərdə nəşr olunmuş ayrı-ayrı şeir və nəsr əsərlərində maarifçilik ideyalarına geniş yer verilib. “Ağ gül”, “Qızıl gül”, “Sarı gül” şeir topluları və “Yeni səadət” adlı nəsr əsəri bu baxımdan xarakterikdir.

“Yenə səadət” əsərində müəllif Məryəm və Alimcanın simasında elmin, savadın insan həyatında oynadığı rolu göstərib.

Əsərdə təsvir olunur ki, Qazibəyin ölümündən sonra onun oğlu Abduqəhhər atasından qalan sərvətdən səmərəli istifadə etmir. Ona görə də anası, həyat yoldaşı və övladlarını dolandıra bilmir və onları tərk edib başqa şəhərə gedir. Onun həyat yoldaşı Məryəm üzləşdiyi çətinliklərdən qorxmur. Övladlarını böyüdür və onların təlim-tərbiyəsi ilə məşğul olur. Ana oğlu Alimcanı mətin, zəhmətsevər bir adam kimi tərbiyə edir. Alimcan böyüyür və bir müəllimdən təhsil alır. O, bir ziyalı kimi yetişir. Bundan sonra o, Daşkəndin küçələrində ac-yalavac gəzən atasını tapır və Kokanda gətirir. Bütün bunlardan sonra ailə öz bədbəxtliklərini arxada qoyaraq səadətli günlərinə qovuşur. Müəllif bilavasitə bunları elmin, savadın, maarifin insan həyatında oynadığı rolla bağlayır və demək istəyir ki, Alimcan öz atasından ona görə fərqlənir ki, o, savadlıdır, savadı olduğu üçün də həyatın çətinliklərindən baş çıxarır, öz işini düzgün qurur.

Folklor motivi və ideyaları H.Niyazi şeirində əsas yerlərdən birini tutur. Ümumiyyətlə, şair folklor janrından geniş faydalanıb. Onun 30-dan çox şeiri şifahi xalq şeiri əsasında yazılıb.

Elman Quliyev filologiya üzrə elmlər doktoru, professor