Mifoloji düşüncə tariximizin sorağıyla: Yaradılış mifi və əfsanə janrı Mədəniyyət

Mifoloji düşüncə tariximizin sorağıyla: Yaradılış mifi və əfsanə janrı

3-cü yazı

Hər iki janr arasında yaxınlıq S.P.Pirsultanlının fikrincə, həcmin mətn tiplərinin ortaq fantastik məzmunlarında ifadə olunur: „Əsatirdə qədim insanın dünya, təbiət haqqında təsəvvürləri hifz olunur. Mif əlbəttə, əfsanəyə yaxındır. Hansı cəhətləri? Hər şeydən əvvəl hər ikisinin əsasında qeyri-adi, möcüzəli bir hadisə dayanması cəhətdən bunlar yaxındırlar. Əfsanə kimi miflər də fantaziya ünsürləri ilə zəngindir”.
Mif və əfsanələrin poetik mətn strukturunda onu yaradanların mənəviyyatını axtaran S.P.Pirsultanlı „Azərbaycan eposunun əfsanə qaynaqları” kitabında ibtidai insanın əsatiri baxışının mahiyyətini belə açır: „İbtidai insanın əsatiri baxışından, ilk ibtidai bədii yaradıcılığından üzülüb qalan, hələ də bizə zövq verən onun məhz sadəlövhlüyündən doğan səmimiyyəti, inamı və uydurmasıdır. Bu inam və səmimiyyət, bu uydurma ilk növbədə əsatirdən əfsanəyə köçüb. Bununla belə, əfsanənin öz təbiətindən doğan xüsusiyyət, yəni konkret coğrafi əraziyə bağlılıq, hadisələrdəki reallıq və tarixilik onun həmişə müasir səslənməsinə zəmin yaratmışdır. Elə bu cəhətin özü əfsanəni ona çox yaxın olan başqa janrlardan da fərqləndirmiş və həm də qismən tarixi rəvayətlərə yaxınlaşdırıb”.
T.Fərzəliyev Azərbaycan əfsanələrinin xüsusiyyətləri haqqında qənaətlərini belə ümumiləşdirir: „Müstəqil janr kimi araşdırılana qədər əfsanələr eposun, nağılın, ayrı-ayrı miflərin tərkibində götürülmüş və onlara xas olan xüsusiyyətlərlə də qiymətləndirilmişdir. Bəzən alimlər nağıl və eposlardakı mifik obrazların oxşar və yaxınlığını, mövzu və motiv səsləşmələrini əsas götürərək əfsanələri həmin janrlarla eyniləşdirmişlər. Ümumi cəhətlər bu janrın özünəməxsusluğunu heç də inkar etmir. Halbuki həmin janrlarda olduğu kimi əfsanələrdə də mifik obrazlara, kosmoqonik anlayışlara, anarxizmə, anadeomaya, animizmə, teoqoniyaya, teirqiyaya, totemə, tabuya, fetişizmə, fatalizmə, zoomorfik və antropomorfik kimi ibtidai baxışlara, təbiətin, nəbatatın, heyvanatın və ümumiyyətlə, kainatın törəməsinə dair istinad edilən çoxlu hekayət və rəvayətlərə təsadüf edilir. Belə əfsanələrdə xalqın asılı olduğu ilahiləşdirilmiş, yəni mifikləşdirilmiş qüvvələrə qarşı ictimai və tarixi mübarizəsi ön planda dayanır”.
Əfsanə janrı, onun miflərlə bağlı olması haqqında özünün çoxsaylı araşdırmalarında dəfələrlə bəhs etmiş prof. A.Nəbiyev əfsanənin qədim ilkin mifoloji təsəvvürlərlə bağlılığına işarə edərək yazır: „Əfsanə olmuş, yaxud olması mümkün olan bədii həqiqətlər, astral təsəvvürlər, həyat və cəmiyyət təsəvvürləri ilə bağlı həyat faktına əsaslanır. Bu nümunələr müasir dövr və həyat üçün nümunəvi olan insana estetik zövq verən, onu düşündürən, dövrün əkslikləri və ziddiyyətləri ilə insanı üz-üzə qoyan həyat materialına əsaslanır. Əfsanələrdə epik düşüncənin dərin qatlarında yaşayan bədii dəyərlər üzə çıxır. Dünya haqqında, onun dünəni, bugünü, təbiət gözəllikləri, zoomorfik baxışlar, dini görüşlər və s. özünü göstərir. Əfsanələrdə bürc anlayışları, insan taleyinin məlum on iki bürclə bağlılığı, insan və səma etiqadları ilə bağlı təsəvvürlər də əks olunur”.
Əfsanələrin bir qrupunu „Astral təsəvvürlər, səma cisimləri və bürclərlə bağlı əfsanələr” adı altında təsnif etməklə onların astral miflərlə bağlılığını vurğulayan alim bu əfsanələri sözügedən janrın ən qədim nümunələrindən hesab edir. A.Nəbiyevə görə, „həmin əfsanələrdə xalqın kosmoqonik təsəvvürləri, səma cisimləri ilə bağlı antropomorfik görüşləri, eləcə də ayrı-ayrı bürclər, insan xarakterinin və taleyinin həmin bürclərlə bağlı yaranıb formalaşma təsəvvürləri özünü geniş əks etdirir. Bu əfsanələrdə Ay oğlan, Günəş qız şəklində təsəvvür olunur, onların biri-birinə vurulması, bir inciklik üzündən Ayın Günəşdən ayrı düşməsi insan münasibətləri çevrəsinə endirilir. Ayın üzündəki ləkənin Günəşin ona vurduğu sillənin yeri olması kimi təsəvvürlər Ay-Günəş əfsanələrində özünü göstərir”.
Əfsanələrin mifoloji strukturlarla bağlılığı tədqiqatçılar tərəfindən məsələnin müxtəlif aspektləri səviyyəsində təsdiq olunur. Prof. V.Vəliyev „Azərbaycan folkloru” kitabında yazır: „Dünya folklorunda, eləcə də Azərbaycan şifahi xalq ədəbiyyatında əfsanələrin yaranması və yayılması qədim dövrlərlə bağlıdır. Tarixə dair qədim mənbə və salnamələrdə, yazılı ədəbiyyatın klassik nümunələrində əfsanələrdən və əfsanə motivlərindən geniş istifadə edilib”.
Prof. A.Şükürov mifin tarixən mövcudluğu qaydasını, əfsanələrdə ifadəsini belə əsaslandırır: „Mifin yaşaması üçün mütləq həqiqi „dini” təcrübə lazımdır. Çünki o, adi təcrübədən, gündəlik həyatın təcrübəsindən fərqlənir. Bu təcrübənin dini xarakteri oradan doğur ki, burada əfsanəvi hadisələr, ülvi hadisələr, fövqəladə dərəcədə şişirdilmiş şəkildə ifadə edilən hadisələr aktuallaşır”.
Prof. M.Cəfərli öz tədqiqatlarında Naxçıvan folklor mühitindən toplanmış dağ, çay, göl, qala və s.-lə bağlı əfsanə və rəvayətləri tədqiqata cəlb etmiş, onların mifoloji strukturlarla bağlılığı haqqında orijinal fikirlər çöyləmişdir. Məsələn, alim „İlandağ” mətnini tədqiq edərək onun mifoloji „əsaslarını” belə şərh edir: „Mətn etioloji xarakterli əfsanə janrına uyğundur. Əfsanələrin başlıca xüsusiyyəti etiolojilikdir... Əfsanələr öz məzmunu baxımından miflərə ən yaxın olan folklor mətnləridir. Mətnlərin bir çox xüsusiyyətləri əfsanələrdə əks olunur. „İlandağ” mətni kosmoqonik xarakterli əfsanədir. Bu mətndə əslində İlandağın necə meydana gəlməsi izah olunur”.
Füzuli Bayat türkcə çap olunmuş „Mifologiyaya giriş” kitabında „mif-əfsanə" məsələsini daha geniş – „mif-əfsanə-tarix” kontekstində götürərək yazır: „Miflərdə bir çox məsələlər açılmamış və gizli, örtülü göründüyü halda, əfsanələrdə bu, fərqli bir tərzdədir. Əfsanə tarix deyil, ancaq əfsanəni tarixsiz düşünmək də mümkün deyil. Onda məlum bir hadisənin, həqiqətin ya özü, ya əlaməti, nişanəsi bu və ya digər şəkillərdə görünür. „Oğlan-qız daşı”,“Oğlan bulağı”, „Gəlin qayası”, „Qız qalası” və s. cəmiyyətin ilkin dövrünün məhsuludur, yəni xalqımızın ən əski etiqadlarının, adət və ənənələrinin yaşadığı dövrdür”.
Tədqiqatçı mif və əfsanələrin janr sərhədlərinin yetərincə aydınlaşdırılmadığına diqqət çəkir: „Mif təbiətin və sosial hadisələrin şüur altında bəzənmiş şəkildə işlənib hazırlanmasının hafizələrdə qorunmasıdır. Miflər əfsanə və rəvayətlər kimi xalq təxəyyülünün məhsuludur... Miflə əfsanə arasındakı yaxınlığı aşağıdakı kimi təsbit etmək mümkündür. Hər ikisinin təməl mövzusunda fövqəladəlik və möcüzəvi bir hadisə var. Əfsanə kimi mif də fantastik ünsürlərlə doludur. Miflə əfsanə sərhəddi yetərincə müəyyən edilməmişdir. Miflə əfsanə arasında fərqə gəlincə, əfsanədə mövzunun əsasını gerçək hadisələr təşkil edir”.
Ramil Əliyev tədqiqatlarında mif dünyagörüşünün əfsanə janrına transformasiyası məsələsini geniş elmi kontekstdə şərh edib. O, əfsanə janrının yaranmasını mahiyyət etibarilə mifin öz funksiyasını „yerinə yetirə bilməməsi” ilə izah edir: „Mif öz sakrallığını itirəndə ezoteriklik qazanır. …Əfsanədə irəli sürülən ideya, fikir öz təsdiqini mətnin özündə tapır. Əfsanə keçmişdə baş vermiş hadisələri şərh edir. Onu mifdən fərqləndirən yeganə əlamət bununla bağlıdır. Əfsanəyə mifsizləşmə xasdır. Əfsanədə bərpa olunan mifin ancaq nəticəsidir. Mifin özü isə unudulub, onu ancaq təxəyyülün köməyi ilə yada salmaq mümkünür. Mif keçmişi, indini və gələcəyi izah edə bildiyi halda, əfsanə mətni indiki və gələcək zamandan məhrumdur. Ona görə də əfsanə statik vəziyyətdədir. Əfsanələrin yaranması antropomorflaşmış allah obrazının təfəkkürdə formalaşması dövrü ilə üst-üstə düşür”.
R.Qafarlının tədqiqatlarında sözügedən məsələnin araşdırılması yönündə maraqlı qənaətlərə rast gəlirik. Miflərin mənşəyi, mif-əfsanə bağlılığı məsələlərinə toxunan alim yazır: “Əfsanə çevrilmələrindən belə nəticə alınır ki, guya başlanğıcda ancaq və ancaq insan mövcud olmuşdur. Az qala torpaq da, hər qaya, hər daş da insan şəklindədir, bu insanlar bəzən könüllü olaraq, bəzən də məcburi yolla formalarını dəyişərək qayanı, çayı, ağacı, quşu, heyvanı və s. meydana gətiriblər. Miflərdə isə genezis, doğum başqa şəkildədir, bəzi məqamlarda yuxarıdakı prinsiplərin əksini təşkil edir. Başqa sözlə, insan təbiətin eynihüquqlu detallarından biridir, onun doğuluşunda hətta üstünlük çox hallarda heyvanlarda, quşlarda, cansız varlıqlarda olur. Yəni insan özü ağacdan, quşdan, torpaqdan, heyvandan, sudan, günəşdən və s. əmələ gəlir”.
Azərbaycan əfsanə mətnləri içərisində xeyli miqdarda kosmoqonik mahiyyətli əfsanələrin olduğuna diqqəti çəkən N.Qurbanov daha sonra hesab edir ki, mifin əsas obyekti təbiət, əfsanəninki isə həm təbiət, həm də cəmiyyət hadisələri olub: “Bu isə heç də təsadüfi deyildir. İnsan cəmiyyəti inkişafda, dəyişmədədir. Məhz bunun nəticəsində əfsanələrin məzmununda da yeniləşmə, yeni ictimai, insani münasibətlər öz əksini tapıb. Kosmoqoniya aktı isə rudiment kimi qorunub saxlanılıb. Dövrün, zamanın tələblərinə uyğun əfsanədəki hadisə və obrazlar ümumiləşdirilib, kosmoqoniyanın mahiyyəti isə olduğu kimi qalıb. Əgər ibtidai insan miflərin həqiqiliyinə inanaraq yaradırdısa, buna tamam həqiqət kimi yanaşırdısa, əfsanə isə insanın fantaziya və bədii təfəkkür vasitəsilə (mif qəlibindən istifadə edərək) yaratdığı epik yaradıcılıq nümunəsidir.
Naxçıvan əfsanələrini araşdıran M.Şərif “Naxçıvan əfsanələri” adlı monoqrafiyasında Naxçıvan əfsanələrinin digər türk xalqlarının əfsanələri ilə qarşılıqlı surətdə araşdırılmasının оnlar arasındakı ümumi və fərqli cəhətləri aşkara çıxarmağa imkan verdiyini yazır, tədqiqat zamanı çıxarılan nəticələrin aşağıdakılardan ibarət olduğu qənaətinə gəlir: “Əfsanələrdəki mifоlоji mоtivlər ümumtürk mifоlоji düşüncə tərzinə uyğun оlaraq fоrmalaşaraq inkişaf еdib. Əfsanələrin bəzisi nəsildən-nəslə kеçərək ictimai məzmun qazansa da mifоlоji mоtivləri və Azərbaycan xalqı üçün xaraktеrik оlan еtnik xüsusiyyətləri qоruyub saxlayıb. Əfsanələrdə qədim türklərin mifik təxəyyülünün məntiqi özülü üzərində qurulmuş mifоlоji dünya sistеmi əks оlunub. Əfsanələrin digər fоlklоr nümunələri ilə müqayisəli araşdırılması nəticəsində qədim türklər üçün xaraktеrik оlan mifоlоji dünya sistеminin Azərbaycan fоlklоrunda əks оlunduğu оrtaya çıxarılıb.
Z.Hüseynova “Əfsanə və rəvayətlərin tədqiq problemləri» məqaləsində sözügedən mətn tiplərinin janr xüsusiyyətlərinin müəyyənləşdirilməsindən bəhs edir, mif, əfsanə və rəvayətlərin qruplaşdırılmasında motivlərin rolundan, onların müxtəlif funksiyaları yerinə yetirməsindən danışır. Araşdırmaçı əfsanə və rəvayətlərin tədqiqi məsələlərinə iki yöndən yanaşmanı gərəkli sayır: «Birincisi, bu janrların tədqiqi zamanı xüsusi metodlardan və üsullardan istifadə olunmalıdır. Bu isə janr spesifikası anlamında mətnə yanaşmaq deməkdir. İkincisi, bu janrları tədqiq edən alimlərimizin problemə yanaşma üsulunu, gəldiyi nəticələri və s. nəzərdən keçirmək mənasında tədqiq məsələlərindən danışmaq mümkündür”.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru