UNESKO-nun Bakı sessiyasında müzakirələr davam edir Mədəniyyət

UNESKO-nun Bakı sessiyasında müzakirələr davam edir

UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.
Sessiyanın növbəti günündə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.
Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.
Sessiyada iştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar.
Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.
Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. Elektrik stansiyaları bufer zonadan kənarda inşa edilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır.
Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.
Ümumdünya İrs Komitəsinin sessiyasının plenar iclasında milli mülkiyyətlərlə bağlı məsələlər də müzakirə olunub.
Üzv ölkələrin nümayəndələri diqqətə çatdırıblar ki, milli parkların qorunması, su mənbələrinin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı və qoruyucu tədbirlər görülməlidir. Küveyt, Zimbabve, Avstraliya, Kuba və Çin tərəfindən dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir.
Daha sonra sessiyanın gündəliyində Vyetnamda “Phong Nha Ke Bang” milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda aparılacaq tikinti işləri ərazinin flora və faunasına mənfi təsir göstərə bilər. Milli parkın Ümumdünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atılması təklif olunub. Məsələ ilə bağlı hazırlanan hesabatdakı bəndlər müzakirə edilib. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbirini yüksək dəyərləndiriblər.
Vyetnam nümayəndəliyi milli parkla bağlı təqdimatında bildirib ki, mədəni irsin qorunması sahəsində təhdidlərin yaranmaması ilə bağlı razılığa gəlinib. Çıxışlardan sonra milli parkla bağlı təqdimat qərarla təsdiq olunub.