“Ay işığı” kitabı çapdan çıxıb Mədəniyyət

“Ay işığı” kitabı çapdan çıxıb

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin “Ay işığı” kitabı “Təhsil” nəşriyyatı tərəfindən çap olunub. Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. Kitaba ispan yazıçılarının əsərlərindən ibarət povest və hekayələr daxil edilib.
Məmməd Məmmədli müstəqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. İspan ədəbiyyatına, mədəniyyətinə böyük marağı olduğundan hələ tələbəlik çağlarından tərcüməyə həvəs göstərib. Vaxtaşırı ispandilli yazıçıların əsərlərindən nümunələri dilimizə çevirib. Povest və hekayələrindən ibarət tərcümə əsərləri ilə “Ulduz” jurnalında müntəzəm çıxış edir.
“Ay işığı” kitabında toplanmış povest və hekayələrdən aydın olur ki, tərcüməçi insan psixologiyasının dərinliklərinə varmağa çalışıb. Xüsusilə, fəlsəfi təfəkkürü qabarıq olan yazıçıların əsərlərinə üstünlük verib. “Ay işığı” kitabında Xavier Serkasın “Təhrik” povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”, İ.Ayendenin “Ümidsiz sevgi məktubları”, V.B.İbanyesin “Məhkum olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alıb. “Təhrik” povestində təxminən belə bir fikir ifadə olunur ki, insan öz həyatını təzədən yaşaya bilməz. O, yaşadığı həyatdakı səhvləri ilə bütövdür. Ancaq hər halda yaşanmış həyatdan çıxarılan nəticələr insanın gələcəyə ötürdüyü ibrət elementləridir.
Məmməd Məmmədlinin tərcüməçi kimi imzası ədəbi mühitə kifayət qədər tanışdır. Hiss olunur ki, “Ay işığı”nda toplanmış povest və hekayələrin dilində artıq bir səlislik var. Sanki söz-sözü çəkib gətirir. Tərcüməçi bu əsərlərdə istər təhkiyənin, istərsə də dialoqların orijinaldakı lakonikliyini qorumağa çalışıb.
Kitab halında Məmməd Məmmədlinin tərcümə debütü... Gedişləri, düşüncə orijinallığı, seçdiyi dilə doğmalığı aydın görünən bir debüt... Qarşıda hələ çox yol var... Məmmədin bu yolu uğurla gedəcəyinə inanmaq olar... İspan ədəbiyyatından örnəkləri dilimizə çevirmək zəhmətini öz üzərinə yaradıcılıq istəyi ilə götürmüş tərcüməçinin zəhməti, şübhəsiz, çox təqdirəlayiqdir. Düşünmək olar ki, Məmməd Məmmədli həyat və sənət qarşılaşmasında öz mövqeyini “Ay işığı” adında ümumiləşdirə bilib. Onu da qeyd edək ki, ədəbi əlaqələrdə digər xalqların həyatına yazıçılarımızın müraciət etməsi təbiidir. Şübhəsiz, bədii əsərlərdə haqqında söhbət gedən xalqın koloritini qorumaq üçün dialoqların, ayrı-ayrı etnoqrafik qeydlərin həmin xalqın dilində verilməsi əsərin təsir gücünü daha da artırır. Bu zaman şübhəsiz, Məmməd kimi tərcüməçilər də yada düşür.
Məmməd ziyalı mühitində böyüyüb, necə deyərlər, sözün əhatəsində dünyaya göz açıb və onun sözün qoxusunu bilməsini də təbii qəbul etməliyik. Tərcümə yaradıcılıqdır, özü də ciddi yaradıcılıqdır, kifayət qədər çətinliyi və əzabları ilə birgə...