Azərbaycana səfərin unudulmaz təəssüratları Mədəniyyət

Azərbaycana səfərin unudulmaz təəssüratları

Xəbər verdiyimiz kimi, Avstraliyanın kulinariya üzrə məşhur fotoqraf və bloqqeri Kitti Gould, televiziya rejissoru Timoti Tatçer, kulinariya və səyahət üzrə peşəkar jurnalistləri Sofia Levin və Kassandra Çarlik bu günlərdə ölkəmizdə səfərdə olublar. Onlar səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Rejissor Timoti Tatçer Azərbaycana səfər etmək qərarına iştirak etdiyi bir yemək festivalında ölkəmizin ləziz təamları ilə tanış olduqdan sonra gəldiyini bildirib. O deyib ki, Azərbaycanda 10 hissəli televiziya proqramı çəkməyi planlaşdırır və bunun üçün gələn ilin may ayında yenidən ölkəmizə gələcək. Rejissor Azərbaycanın regionlarında da gördüklərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib.
Jurnalist Sofia Levin Azərbaycan milli mətbəxinə heyran qaldığını bildirib. O, yeməklərin hər birinin özünəməxsus dadı olduğunu vurğulayıb, “Şah plov” və “cız-bız”ı isə daha çox sevdiyini deyib. Jurnalist milli mətbəximizin bu ləziz təamlarını İçərişəhərdəki restoranların birində daddığını, oradakı mühitdən heyran olduğunu söyləyib.
Fotoqraf və bloqqer Kitti Qould isə Azərbaycanın artıq onun izləyicilərində də böyük maraq doğurduğunu, onların bir çoxunun ölkəmizi ziyarət etməyi planlaşdırdığını bildirib. O, Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı təəssüratlarını bölüşərək muzeydə inanılmaz dərəcədə gözəl bir gün keçirdiyini vurğulayıb, xalçanın qədim toxunma üsulları ilə tanış olduğunu diqqətə çatdırıb.
Kassandra Çarlik azərbaycanlıların çox qonaqpərvər olduqlarını qeyd edib. Avstraliya və Azərbaycanın oxşar cəhətlərinin olduğunu bildirən qonaq hər iki ölkədə mətbəxin önəmli yer tutduğunu, insanları birləşdirdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın təbiətinə heyran qaldığını bildirib.
Avstraliyalı jurnalistlər səfər çərçivəsində Bakı ilə yanaşı, Qəbələ, Şəki və digər bölgələrdə də olublar. Qonaqlar paytaxtla yanaşı, bölgələrimizə də heyran qaldıqlarını deyib, ümumiyyətlə, Azərbaycana səfərin onlarda unudulmaz təəssürat yaratdığını bildiriblər.